Bu
gün komandamız təsnifat mərhələsinin birinci dövrəsinin son oyununu XI tur çərçivəsində
səfərdə "Qarabağ”a qarşı çətin oyunda qazanılan qələbə ilə başa vurdu. Oyundan əvvəl
media vasitələri səfərdə "Xəzər Lənkəran”ın "Qarabağ”a qarşı sindromunun
olduğunu və statistikaya əsasən "Qarabağ”ın qalib olacağını proqnozlaşdırırdı.
Amma statistik proqnozların həmişə özünü doğrultmadığını "Xəzər Lənkəran” bu
gün qazandığı çətin qələbə ilə sübut etməyi bacardı. Düzdür, "Qarabağ” ev oyununu
Quzanlıda deyil, Bakıda Tofiq Bəhramov adına stadionda keçirirdi. Onu da qeyd
edək ki, bu stadion da həmişə "Xəzər Lənkəran”a düşərli olmayıb. Buna
baxmayaraq çətin səfər qələbəsi münasibəti ilə bütün "Xəzər Lənkəran” sevərləri təbrik edirik.
Matç
"İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlandığından "Xəzər Lənkəran”
azarkeşləri bu oyunu canlı izləyə bildilər. Reportajın aparıcısının obyektiv şərhinə
görə "İdman Azərbaycan” telekanalına təşəkkür etməyə dəyər. Həmçinin matçın baş
hakimi Rövşən Əhmədovun da idarəçiliyini normal qiymətləndirmək olar. Bunu
komandamız qələbə qazandığı üçün demirik. Baş hakim ara-sıra bəzi xətalara yol versə
də, bunu qərəz saymaq olmaz. Sadəcə peşəkarlıq baxımından azca axsayan referi
son zamanlar futbolumuzda "başıbəlalı hakimlik” problemi yaşatmadı. Bunun üçün
də ümumiyyətlə hakimliyi normal qiymətləndirib, onlara da təşəkkür etməyə dəyər.
Matça
gəlincə, nə "Xəzər Lənkəran” nə də "Qarabağ” çox da səviyyəli oyun nümayiş
etdirə bilmədi. Birinci hissə ümumiyyətlə qarşılıqlı ötürmə səhvləri hər iki
komandanın oyununun əsasını təşkil edirdi. Düşünülmüş kombinasiyalar qurma
baxımından axsamalar bəlkə də hər iki komandanın bir neçə əsas futbolçularının zədə
səbəbindən oynaya bilməməsi ilə əlaqədar idi. Amma buna baxmayaraq
komandamızdan daha gözəl oyun gözləyirdik.
Hakimlər,
Konstantin Arbanasın gözəl zərbəsindən sonra topun qapı tirinə dəyərək qapı xəttindən
içəridə yerə toxunaraq qapı xəttini keçməsində heç bir tərəddüd etmədillər və
Rövşən Əhmədovun dərhal mərkəzi göstərməsi isə bəlkə də matçın ən gözəl anı idi
desək yanılmarıq. Beləliklə, "Xəzər Lənkəran” bu çempionata qələbə ilə
başladığı kimi, ilk dövrəni də qələbə ilə tamamladı. Bu münasibətlə bütün
azarkeşlərimizi təbrik edir, onlara bundan sonrakı matçlarda da qələbə sevinci
arzulayırıq.
|