Artıq "Bosman”
fanklubunun qış fasiləsi və müəyyən məsələlərin həlli ilə əlaqədar, "Xəzər Lənkəran”
klubunun rəhbərliyi ilə görüş keçirilməsi təklifininin olduğunu xəbər
vermişdik. Bu təklif klub rəhbərliyi tərəfindən qəbul olunmuş və hər iki tərəfin
razılığı ilə bu, 26 dekabr tarixinə, saat 17:00-a təyin olunmuşdu. Nəzərdə
tutulan görüş "Xəzər Lənkəran”nın Bakıdakı ofisində artıq baş tutub. Razılığa əsasən
görüşdə iştirak etmək üçün digər fanklublara təkliflərin göndərilməsi kluba həvalə
olunmuşdu. Görüşü aktuallaşdıran müəyyən hesabat dövrünün gəlib çatması idi.
Belə ki, 09 oktyabr tarixindəki son görüşdə qaldırılan məsələlər əsasən həllini
tapmış, baş məşqçi dəyişikliyi həyata keçirilmiş, klubun azarkeşlərə olan
münasibətində müsbət yönlü dəyişikliklər baş vermiş, biletlərin qiymət məsələsindən
tutmuş komandadan əksər azarkeşlərin görmək istəmədiyi futbolçular kənarlaşdırılmış
və bu kimi bir çox məsələlərdə artıq böyük azarkeş kütləsi ilə klubun mövqeyində
yaxınlaşma özünü göstərmişdir deyə növbəti azarkeş istəklərinə yenə də önəm
veriləcəyinə inam yaranmışdı. Bu mənada fanklubumuzun rəhbəri ilə "12-ci Oyunçu”
azarkeş qrupunun rəhbərinin birgə imzaladıqları müraciətin klubun sahibi
Mübariz Mənsimova göndərilməsindən sonrakı dövr öz əhəmiyyətini göstərməkdədir.
Beləliklə "Bosman”
fanklubu olaraq növbəti sayılacaq bugünki görüşdə bir sıra üzvlərimizlə iştirak
etdik. Məlum saatda bizi, digər fanklub
nümayəndələri ilə birlikdə klubun vitse prezidenti Tuyqun Nadirov və mətbuat
katibi Yalçın Əliyev qarşıladı. "Caspian Ultras” və "12-ci Oyunçu” azarkeş
qrupunun nümayəndələrinin də iştirak etdiyi bu görüşdə müzakirələr təxminən 4
saat davam etdi. Əvvəlcə keçən görüşdən sonra azarkeşlərin istəklərinin həyata
keçirilməsində tutduğu yola və aradakı soyuqluğun əriməsindəki tərəfdaşlığa görə
klub rəhbərliyinə təşəkkür olundu. Daha sonra azarkeşləri də maraqlandıran
suallara cavab tapılması yolunda müzakirələr davam etdi.
"Bosman” fanklubu
olaraq dünən, bu görüşdə toxunacağımız məsələlərlə bağlı toplantı keçirmişdik.
Toplantımızda bir sıra məsələlərə cavab alınması, həmçinin qış fasiləsi dönəmində
komandanın necə gücləndirilməsi, azarkeşlərlə yaxınlığın daha da
sıxlaşdırılması, bir camiə üzvləri kimi qarşılıqlı hörmətin davam etdirilməsi və
bunun üçün əlbəttə tələblərin nəzərə alınmasının vacibliyi fonunda söhbət
aparılması qərara alınmışdı ki, həmin mövqedən də çıxış etdik. Görüş əvvəlki
kimi əsəbi fonda yox, kifayət qədər səmimi keçdi ki, bunun da əsas səbəbi artıq
yuxarıda qeyd olunduğu kimi klub rəhbərliyinin azarkeşlərin istəklərinə doğru
addım atması idi. Zatən azarkeşin istədiyi də budur yəni arzuladığı komandanı
görmək istəyi yolunda klubun lazımı addımları atması. Əlbəttə bu belə
olmayacağı təqdirdə bizim etiraz hüququmuz yenə də əlbətdə ki, özümüzdə qalır. Lakin
arzumuz odur ki, daha əvvəlki kimi anlaşılma problemləri olan dövr daha arxada
qalsın. Çünki, bu bütövlükdə komandamıza ziyan vurur və əbəs yerə vaxt itkisinə
səbəb olur.
Görüşdə müzakirə
olunan məsələlərdən biri, komandamıza yeni dəvət olunan Karles Martorell Bakesə
dəstək verilməsi idi. Bunun üçün hər
hansı təzyiq baş verəcəyi halda azarkeşlərin mövqeyinin klub tərəfindən də müdafiə
olunması təklifinin klub rəhbərliyinin də uyğun fikirdə olmasını qeyd etmək
olar. Tuyqun Nadirov Bakesin necə nizam-intizam qaydalarına riayət etməsini və
onun elmi-praktik məsələlərinin düzgün tətbiqi sayəsində komandada yeni ab-hava
yaratmasından bəhs etdi və bunu faktlarla qeyd etdiyini çatdıra bilərik. Onun
yerli oyunçulara necə həssas yanaşdığını qeyd etdi. Elnur Abdullayevin böyük
potensialının olduğunun Bakes tərəfindən qeyd olunmasını diqqətimizə çatdırdı.
Bununla əlaqədar klubun onunla müqaviləsinin artırıldığını qeyd etdi. Sonra
stadionun ot örtüyü məsələsinin yay aylarına planlaşdırıldığını diqqətimizə
çatdırdı. Uşaq futbolu ilə bağlı planların detallarından danışdı ki, bunları da
məntiqli izah etdi. Yeni transfer siyasətinin detallarından danışıldı və çox
ümidverici vəziyyətin olduğunu diqqətimizə çatdırdı. Daha sonra klubumuzun
tarixi ilə bağlı olan və əvvəllər də səsləndirdiyimiz lakin soyuq yanaşılan bu
məsələdə isti mövqe nümayiş etdirərək, azarkeşlərin özləri belə bir araşdırıcı
qrup yaratsalar biz də bu işə dəstək olar və həmin tarixi qəbul edərik deyə
söylədi.
Bütün bunları qısaca
qeyd etsək də, çox uzun müzakirələrin getdiyini deməliyik. Aparılan müzakirələrdəki
məsələlərin reallaşacağına olan ümidlər isə əvvəlkindən fərqli olaraq həqiqi və
səmimi xarakter daşıyırdı. Müəyyən məsələlərin isə hələ açıqlanmasının məsləhət
olmaması səbəbindən bəzi nüansları qeyd etmirik. Lakin komandamızın gələıcəyinə
olan inamın isə artmış olduğunu deyə bilərik. Biz həqiqəti dedik və məsuliyyət
daşıdığımızı dərk edirik. Əks halda mübarizə hüququmuz özümüzdədir.