 
Avropa liqası
2010/2011 mövsümünə vəsiqə qazanan
"Xəzər Lənkəran" futbol klubunun ilkin təsnifat mərhələsindəki
rəqibi Moldovanın Beltsı şəhərini təmsil edən "Olimpiya” klubu idi. Nyonda təşkil
olunan püşkatmanın nəticəsindən məlum olmuşdu ki, "Xəzər Lənkəran"
futbol klubu "Olimpiya” səddini keçdiyi halda, ikinci təsnifat mərhələsində
bizi daha səviyyəli və güclü klub olan, Buxarest "Dinamo”su gözləyir.
"Xəzər Lənkəran" futbol klubunun
son dövrdə heyət baxımından zəifləməsi, "Olimpiya” səddini keçdiyimiz halda belə,
ikinci təsnifat mərhələsində, Buxarest "Dinamo”su ilə oyunun taleyi klubun
azarkeşlərini çox narahat edirdi. Alına biləcək acınacaqlı nəticə psixoloji
baxımdan həm klubu, həm də azarkeşləri çox çətin bir duruma sala bilərdi. Hər
halda builki püşkün diqtəsi ilə, "Xəzər Lənkəran"ın yolları "Dinamo”
Buxarestlə kəsişirdi.
Beləliklə, birinci
təsnifat mərhələsinin Moldovada keçirilən ilk qarşılaşması 0:0, Lənkəranda
keçirilən cavab qarşılaşması isə 1:1 bitincə, növbəti mərhələyə "Xəzər Lənkəran" yox, "Olimpiya” Beltsı klubu vəsiqə qazandı.
"Xəzər Lənkəran" iki oyunun heç birində "Olimpiya” Beltsı klubuna məğlub olmadı.
Futboldakı mövcud qaydalara görə, rəqib meydanında vurulan bir top (bərabərlik
topu olsa belə), onları ikinci mərhələdə, "Dinamo” Buxarestlə üz-üzə gətirməli
oldu. Bu halda, "Xəzər Lənkəran"ın yolu "Dinamo” Buxarestlə kəsişməsə də, sonradan
klubumuzda baş verən baş məşqçi istefası, təxminən bir həhtə sonra başqa bir
formada "Xəzər Lənkəran"la "Dinamo” Buxarestin yollarını kəsişdirməli
oldu.
Baş verən baş məşqçi
istefasından sonra, təxminən bir həftə boş qalan bu posta klub rəhbərliyi, əvvəllər
həmin Buxarest "Dinamo”sunun seçilən bir futbolçusu olmuş, sonradan baş məşqçi
kimi bu komandaya çempionluq, kubok və superkubok qazandırmış bir mütəxəssisi dəvət
etməsi və onunla ikiillik müqavilə bağlaması, bu illər ərzində onun komandamızı
çalışdıracağı ilə dediyimiz kimi "Xəzər Lənkəran"la "Dinamo” Buxarestin yollarını kəsişdirməli
oldu. Əslində, Mirça Rednikin uğurları bununla bitmir. Onun "Rapid”lə də eyni
uğurlara imza atmasını, "Alaniya” klubunu Rusiya Premyer Liqasına çıxarması və
bir çox uğurları da vardır. Bunlardan mətbuat vasitəsilə yəqin ki, oxucularımız
tanışdırlar və bu başqa bir yazının mövzusudur. Lakin biz ancaq bu ilki püşkün,
komandamızı qarşılaşdıra biləcəyi Buxarest "Dinamo”su ilə meydanda deyil, yollarının
bu formada kəsişdiyinə toxunduq.
Ümumiyyətlə,
Rumıniya futbolu Avropa və dünya miqyasında öz sözünü demişdir. Avropaya Mirça
Luçeskuları, Georgi Haciləri, Adrian İlyeləri, Filipeskuları, Popeskuları və
çox-çox məşhur isimləri qazandırmış Rumıniya futbolu, Mirça Rednikin "Xəzər
Lənkəran"la uğurlar qazanacağına böyük ümidlər vəd edir. Bunu öz təcrübəmizdən
də deyə bilərik. "Xəzər Lənkəran"da əvvəllər çıxış etmiş Robert
İlyeş, Daniel Muntyanu, Katalin Lita, İonel Savu, Klaudio Radukanu kimi
futbolçuların komandamızda uğurlu çıxışları və onların komandaya
qazandırdıqları müvəffəqiyyətləri yada salsaq, buna bir daha əmin ola bilərik.
|