Hüseyn
Cəbrayıloğlu "Xəzər Lənkəran”la bağlı xəbərləri Antalyadan ötürməkdə davam
edir. Təqdim etdiyimiz bu xəbər isə, onun "Futbol+” qəzetinin 11 oktyabr
2010-cu il tarixli sayı üçün göndərdiyi materialdır.
Antalyadakı
toplanışı gün ərzində iki məşq keçməklə davam etdirən "Xəzər Lənkəran” şənbə
günü səhər hazırlığından sonra axşam məşqinə çıxmadı. Mirça Rednik bura gələndən
bəri məskunlaşdıqları "Mardan Palace” İdman Kompleksindən kənara çıxmayan
futbolçuların günorta yeməyindən sonra şəhərə gəzintiyə çıxmasına şərait
yaratdı. Bizim üçün ayrılan avtobusla Antalyanın ən böyük və tanınmış "Özdilek Park”
ticarət mərkəzini gəzib bitirənə qədər
Rednikin qoyduğu 4-saatlıq vaxt da bitdi. Dünən komanda səhər trenajor zalında hazırlıq keçdikdən sonra məşq prosesini onlar
üçün ayrılmış meydanda davam etdirdi. Axşam məşqində isə Rednik yetirmələrini əsasən
3 və 4 gedişli kombinasiyalar üzərində çalışdərdı ki, heyətdə zədəli oyunçu
olmadığından bütün futbolçular məşqdə iştirak etdi. Artıq "Bakı” ilə matçda zədələnən
Uinston Parks da toplu çalışmalara başlayıb və dünəndən komanda ilə birgə məşq
edir. Zədəlilərdən söz düşmüşkən, "Muğan”la matçda zədələnən braziliyalı Dieqo
Qusmao cərrah masasına uzanmalı olacaq. Braziliyalının zədəsi ciddi olduğundan,
Ankara klinikalarından birində əməliyyat olunacaq. Əməliyyat vaxtı isə klub rəhbərliyi
futbolçunu tək qoymayacaq. Belə ki, cənub klubunun bir neçə nümayəndəsinin
Dieqonun əməliyyat olunacağı klinikaya gedəcəyi planlaşdırılıb.
Dünən
"Xəzər Lənkəran”ın məskunlaşdığı idman kompleksində əməlli-başlı qələbəlik
vardı. Belə ki, cənublularla bir bazanı paylaşan Donetsk "Şaxtyor”u kompleksin
ikinci meydanında Türkiyənin superliqa təmsilçisi "Antalyaspor”la üz-üzə gəldi.
Təxminən 500-ə yaxın azarkeşin izlədiyi matçda bərabərlik qeydə alındi - 2:2. Mən
isə öz növbəmdə oyunu zədə üzündən tribunadan izləyən, ölkəmizdə "Qalatasaray”dakı
çıxışı ilə yaxşı tanınan və hazırda "Antalyaspor”un şərəfini qoruyan Necati Atəşlə
qısa söhbətləşmək imkanını boşa vermədim:
"Azərbaycanda futbolun sürətlə inkişaf etdiyini bilirəm. İstər Oktay Dərəlioğlunun,
istərsə də Suat ustanın yaxın keçmişdə Azərbaycan klublarında top qovduğundan,
Bülənt Korkmazın isə klub çalışdırdığından xəbərim vardı. Əlbəttə, yaxşı pul
olandan sonra futbol da inkişaf edir. Əvvəl güclü, tanınmış futbolçular gətirilir
və yerlilər də onlardan nəsə öyrənir. Elə DÇ-2002-də bizim milliyə qol vuran
Parksın bura gələn Azərbaycan klubunda çıxış etməsi kiçik hadisə deyil. Deməli
həqiqətən ölkənizdə yaxşı pullar dövr edir. Amma stadionlarınızda qazonun
durumunun heç də yaxşı olmaması görülən işlərə xələl gətirə bilər. Mütləq
qazonlar yaxşı vəziyyətə gətirilməlidi. Azərbaycana transferimə gəlincə, niyə də
olmasın?! Düzdü, hələ indiki klubumla 1 illik müqaviləm var. Amma təklif gələrsə,
düşünə bilərəm. Millilərimizin oyunundan isə qələbə gözləyirəm. Əlbəttə, öz
komandamızın. Bizim üç xala daha çox ehtiyacımız var və bunu almağa qadirik”.
Bu
yoxlama oyunundan sonra isə eyni meydanda türkiyəli hakimlər briqadasının idarəçiliyi
ilə bizimlə eyni oteldə qalan Rumıniyanın "Panduri” klubu və digər superliqa təmsilçisi
"Kasımpaşa” üz-üzə gəldi. Bir məqamı da qeyd edim ki, "Kasımpaşa” nümayəndələri ilə söhbətdə məlum
oldu ki, "Xəzər Lənkəran”la görüşmək barədə razılıq əldə ediblər. Amma son
oyunda zədələnən futbolçuları çox olarsa, ola bilsin, görüş keçirilməsin. Məsələ
burasındadır ki, kobud oyuna üstünlük verən Mirça rednikin həmyerlilərindən elə
cənubluların çalışdırıcısı özü də ehtiyatlanır. Buna görə də onların yoxlama
oyunu keçirmək təklifindən Rednik ilk gündən imtina edib. Superliqa təmsilçisi
ilə oyun oktyabrın 12-nə planlaşdırılıb. Ertəsi gün komanda vətənə dönəcək.
Hüseyn
Cəbrayıloğlu, Antalya.
|