2012/2013-cü illər futbol üzrə Azərbaycan çempionatının ilk dövrəsi
olmasa da əsas hissələrindən biri arxada qaldı ki, buna da qış fasiləsi kimi dəyər
verilir. Altılıq sistemi ilə keçirilən çempionatımızda daha dörd oyun keçirilməlidir
ki, altılıqların tərkibinə aydınlıq gəlsin. Bu da qış hazırliq dövründən
sonraya təsadüf edəcək ki, bu dövrə Antalyada keçiriləcək hazırlıq keyfiyyəti,
komandanın tərkibini necə müəyyənləşdirməsi, yəni gedəcək və yeni qoşulacaq
futbolçuların düzgün seçilməsindən, deməli, transfer siyasətindən və bu
transfer siyasətinin necə həyata keçirilməsindən asılı olacaq. "Xəzər Lənkəran”
qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollandı. Altılığın müəyyənləşməsi
üçün qalan 4 oyunda 12 xal toplanması mümkündür ki, bu bir az əslində çətin də
görünə bilər. Özü də qalan bu 4 oyunun 2-ni altılığa düşmək baxımından belə demək
mümkünsə, əhəmiyyəti olmayan komandalarla keçirməli olan komandamız, altılığa
düşmək baxımından daha əhəmiyyətli olan iki komanda ilə keçirməli olacaq ki, bu
da cəmi 6 xal imkanı deməkdir.
Belə ki, demək olar praktik olaraq
ilk altılıqda yerini artıq təmin etmiş olan "İnter” komandası üzərindəki qələbə,
heç də bu komandanı ilk altılıqdan sıxışdıraraq çıxarıb yerini əlindən almaq
anlamına gəlmir. "Rəvan”ın isə praktik olaraq ilk altılıq şansları
qalmadığından onların da bizim ilk altılıqdakı yerimizə şərik çıxma ehtimallarının
sıfıra bərabərliyini nəzərə alsaq, turnir cədvəlində 28 xalla bizdən bir pillə
yuxarıda qərarlaşan "Qəbələ” klubu ilə və cəmi bizdən 4 xal və iki pillə geridə
olan 20 xala malik "Turan” komandası ilə aramızda keçiriləcək oyunun əhəmiyyəti
daha bizim üçün böyük rol oynaya bilər. Belə ki, 24 xala malik olan "Xəzər Lənkəran”,
28 xala malik "Qəbələ” klubu üzərində qələbə çalmaqla aradakı fərqi 1 xala
endirməli və növbəti 3 turların birində yenə də onun daha bir dəfə xal itkisinə
məruz qalmasını gözləməlidir. 24 xala malik olan komandamız "Turan” üzərindəki
qələbə sayəsində xal ehtiyatını artırıb onun yaxınlaşmasını əngəlləməlidir. Belə
oyunlarda qazanılan 3 xal, futbol dilində deyilərsə, 6 xala bərabər sayılan
xallar anlamına gəlir.
Əlbətdə situasiyaya müəyyən qədər
nəzarət etmək baxımından bu olduqca əhəmiyyətlidir. Yəni bir növ özümüzdən
asılı amil kimi sayıla bilər. Özümüzdən asılı olmayan faktorlar da kifayət qədərdir.
Belə ki, bizimlə növbəti əhəmiyyətli bu 4 oyunda yolları kəsişməyən hər biri 20
xala malik "AZAL” və "Sumqayıt”, o cümlədən 19 xala malik "Bakı” komandaları
ardıcıl qələbələr sayəsində və biz xal itirdiyimiz təqdirdə "Xəzər Lənkəran”ı
ilk altılıqdan kənarda belə qoya bilərlər. Dediklərimiz reallıq olduğundan
ruhdan düşməmək, daha doğrusu qarşıdakı mübarizənin əhəmiyyətini anlayıb, qələbə ruhu ilə alışıb-yanan bir kollektiv
formalaşdırmaqdır ki, bunun da öhtəsindən "Xəzər Lənkəran”ın gələ biləcəyinə
bütün varlığımızla inanırıq.
Bunun öhtəsindən gəlməsək belə bu
faciə sayılmamalıdır. Yetər ki, klubda bütün işlərin gələcək baxımından düzgün
qurulması peşəkarcasına aparılsın. Bunun üçün isə bu işlərdə kifayət qədər təcrübə
və səriştəsi olan Bakes kimi bir mütəxəssis var. İnanırıq ki, Martorell Bakes gələcək
baxımından işlərin düzgün aparılması yönündən yorulmadan çalışacaqdır. Bakesin
işlərinə müdaxilə etməməyi düşünərək mən də öz fikirlərimi bir azarkeş kimi
bildirmək istərdim. Belə ki, komandamız heyət baxımından bəlkə də ən kasad
dövrlərindən birini yaşayır. Belədə komandaya yeni futbolçuların cəlb olunması
məsələsi qaçılmazdır. Son transfer dövrünün keyfiyyətsizliyinin nələrə gətirib
çıxardığını nəzərə aldıqda isə bu işə daha diqqətli yanaşmanın vacibliyi bir
daha önə çıxır.
Son bir neçə gündə qeyri rəsmi də
olsa, Azərbaycanın nisbətən üzdə olan futbolçularının adı "Xəzər Lənkəran”la
hallanmağa başlayıb. Fikrimcə burada heç də pis bir cəhət yoxdur. Amma onu nəzərə alanda ki, bir qədər səviyyəli
yerli futbolçular o qədər də çox deyil, bu bir az problemə yol açır. Deməli tələbin,
təklifi üstələdiyi bazarda qiymət məsələsi fantastik həddə çata bilir ki, bu da
komandamızın heç də xeyrinə sayıla bilməz. Bununla əlaqədar dediyimiz keyfiyyətdə
futbolçuların azlığı onlarda təkəbbür, eqoizm və bir sıra xoşagəlməyən
xarakterlər formalaşdırır. Sanki, bunlar olmasa "Xəzər Lənkəran” bir heçdir. Az
olduqlarından müəyyən qrup halını da ala bilərlər ki, bu da komandamıza
sonradan sözün məcazi mənasında baha oturur. Artıq bizlər bir neçə illərdir ki,
ardıcıl olaraq bunun və bu kimi halların şahidiyik ki, bunun da komandamıza bir
çox ziyanlarından hələ də qurtula bilmirik. Əlavə olaraq onu da deyim ki, kənardan
da bəzi qüvvələr sanki, başqa klublarda yetişmiş belə futbolçulara bizim
sonradan sahib çıxdığımızı önə çəkərək, hazırın-nazırı olduğumuzu dilə gətirərək,
sanki minnət qoyur və onlarda formalaşdırdıqları xoşagəlməyən xarakterlərdən
istifadə edərək, komanda daxili ab-havanı belə pozmağa cəhd edirlər ki, bu da
bir neçə dəfə baş tutmuş sayılır. Zaur Ramazanov, Rəşad Abdullayev, Kamran
Ağayev, Samir Əliyev və adlarını çəkmədiyim bir neçə futbolçular zaman-zaman "Xəzər
Lənkəran”ın heyətində yer almış və komandamızla böyük uğurlara imza atmış
futbolçular olsalar da, onların kaprizlərindən heç də bəxş etdikləri sevincdən
az əziyyət çəkməmişik və bu da mənən böyük zərbələrlə yadda qala bilib. Onların
gələcək karyeralarında və həyatlarında müvəffəqiyyət arzulayaraq, həm də
bunlardan dərs götürməyimizin zamanının gəlib çatdığını deyə bilərəm. Əslində hər
heyətə qatılan futbolçu, xüsusən də dediyimiz tipli futbolçular layiq olduqları
və ya bəlkə də ondan daha çox əməkhaqqı alırlar deyə, minnət məsələsi arxa
plana keçir. Lakin mənəvi olaraq "bizim yetişdirdiyimiz futbolçular sizə uğur
qazandırdı”, deyənlərin cavabını isə verməyin vaxtının çatdığını düşünürəm.
Reallıqda limitin, biri 21 yaşa qədər olmaqla meydana 4 futbolçu buraxmaqdan
söhbət gedirsə, gəlin heyətimizə nəzər salaq. Rahid Əmirquliyev kimi komandamızda
parlamış bir futbolçumuz varsa, Elnur Allahverdiyev kimi millidə də çıxış edən
digər bir futbolçumuz, təcrübəli Mirça Rednikin böyük ümidlərlə komandamıza cəlb
etdiyi və Bakesin də ona eyni qiymət verərək müqaviləsinin artırılmasını istədiyi
və artıq bunun baş tutduğu Elnur Abdullayev kimi perspektivli daha bir
futbolçumuzun olduğu təqdirdə, qalan 21 yaş limiti üçün öz yetirmələrimiz olan
daha 4 futbolçumuz seçilirsə, deməli, bir neçə tanınmamış, lakin perspektivi
olan və Rahid Əmirquliyev kimi onu da "Xəzər Lənkəran”ın ortaya çıxara biləcəyi
bir neçə az ödənişli futbolçular komandamıza cəlb olunarsa, fikrimcə bu kifayət
edər. Bu işin öhtəsindən də gənclərlə işləməyin sirrlərini bilən Bakes kimi bir
məşqçimizin də olması kifayət qədər ümidverici sayıla bilər. Bunun nəticəsində
də yetişəcək hər bir futbolçu, öz yetirmələrimiz kimi qürurverici faktora
çevrilər. "Xəzər Lənkəran”ın özünəhörmət mənasında bunun nə demək olduğunu isə
sözlə ifadə etmək mümkün deyil. Yerlilərdən Ruslan Abışovun adını qəsdən bayaq
çəkmədim və ayrıca xarakterizə olunmağa ehtiyac olduğunu düşündüm.
Belə ki, mətbuatdan bildiyimizə
görə Ruslanın əzəli rəqibimizdən heyətimizə qatılması üçün yerli bazar qiymətlərindən
xeyli çox qiymətə başa gəlməsi və onun da oyunlarda heç yarısı qədər əməkhaqqı
alan legionerlərdən fərqlənməməsi, deyilənlərə bir sübutdur. Xeyr, Ruslan pis
futbolçu deyil. Amma onun da alababat qiymətə hər hansı xarici kluba keçmək
ehtimalı və buna "Xəzər Lənkəran”ın əngəl olmama öhtəliyi bu barədə də
komandamızın bəzi məsələlərdə uduzacağı anlamına gəlməsi deməkdir. Deməli,
fikrimcə artıq sərf olunacaq vəsaitlərin hesabına kifayət qədər güclü legionerlər
alınmaqla, güclü bir mexanizm formalaşdırmaq gərəkliyi ortaya çıxır. Bu güclü mexanizmin
dişli çarxlarından bir neçəsinə çevriləcək yerli istedadlı gənclər də, istər-istəməz
bu mexanizmin hərəkət detalına çevrilərək, futbolçu kimi bişməyə məhkum
olmalıdırlar. Dediyim bu futbolçular isə, yalnız və yalnız ya "Xəzər Lənkəran”ın
öz yetirmələri, ən azından isə yerli tapıntıları olmalıdırlar. Belədə
komandamız müstəqil olaraq, heç bir kənar təsirlər olmadan güclü və
arzuladığımız heyətə sahib olar ki, kompakt bir komanda kimi formalaşmağın əsasını
qoyar. Bu yolda komandamıza uğurlar arzu edir və onun böyük gələcəyinə
inanıram. Əlbətdə bu mənim öz fikirlərimdir və doğruluğuna inanıram.
Hörmətlə: Mirhafiz Babayev
Qeyd: Yazı hazırlanarkən adı
komandamızla hallanan və böyük ödənişli sayılan Rauf Əliyevin və Kamran Ağayevin
artıq "Bakı” klubuna keçdikləri barədə sevindirici xəbər aldım.
|