 Dünən
komandamız doğma Lənkəran şəhərinə döndükdən və çoxlu sayda azarkeşlər tərəfindən
xüsusi qarşılandıqdan sonra vaxt tapıb məşqə də çıxmışdı. Bütün bu məlumatları
qarşılanma mərasiminin təşkilatçısı olan "12ci oyunçu” azarkeş qrupunun rəhbəri
İslam Cabbarlıdan əldə edərək sizlərə təqdim etmişdik.
Bugünki
məşq barəsində də İslam bəydən əldə etdiyimiz informasiyanı təqdim edirik:-"Fevralın
6-da Julius Qibrila Uobayın da qatıldığı
"Xəzər Lənkəran” komandasının
məşqinə gözlənildiyi kimi bir gün qabaqkından iki dəfə artıq azarkeş
toplanmışdı. Əgər dünən 1000 azarkeş məşqi izləyirdisə, bu gün 2000-dən çox Xəzərsevər "Fırtınalar Meydanı”nda məşqi sonacan
izlədi. Stadionun qarşısında dayanan avtomobillərin sayından da bilmək olurdu ki, burdakı azarkeşlərin sayı digər
komandaların Premyer Liqada keçirdiyi oyunlara gedən izləyici sayından da artıqdır.”
Sonra
İslam Cabbarlı bunları da diqqətimizə çatdırmağı özünə borc bildi:-"Xəzər
Lənkəran”ın məşqini izləmək üçün
toplaşan azarkeşlər futbolçuların qeyri adi hərəkətlərini alqışlarla
qarşılayırdılar. Bu da öz növbəsində futbolçuları ruhlandırırdı. Kiçik
qapılarla iki tərəfli oyunlarda Mirça Rednik özü də müdafiəçi qismində oynayırdı. Baş məşqçinin
köməkçiləri xüsusi proqram əsasında
futbolçularla çalışırdılar. Komandanın yeni həkimi isə o qədər həvəsli
görünürdü ki, məşq zamanı meydançanın kənarına düşən topları futbolçulara
qaytaran inzibatçılara da yardım edir və mehriban kollektiv görüntüsünü
yaradırdı. Məşq bitəndən sonra yüzlərlə azarkeş əsasən yeni futbolçularla fotoşəkil
çəkdirdilər.”
Sonra
İslam bəy əsas meydanın vəziyyəti ilə də maraqlandıqlarını dedi. Onun sözlərinə
görə komandanın oyunlarında yaranmış fasilədən stadionun personalı maksimum
istifadə edərək həm təmizlik baxımından və həm də ot örtüyü baxımından ideal vəziyyət
yaratmağa nail ola biliblər.
|