AFFA "Xəzər Lənkəran"a qarşı olduqca sərt qərarlar çıxarıb. Belə ki, İntizam Komitəsi, "Xəzər Lənkəran" klubunu 35 min manat cərimə edib. Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev 10, baş məşqçi Ağasəlim Mircaavadovla mətbuat katibi Tural Əsgərov 4, Ruslan Poladov 2 oyunluq cəzalanıb. Nə yaxşı ki, gözlənilənlərin əksinə olaraq AFFA stadionumuzla bağlı ciddi tədbir görməyib. AFFA İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
1. «Xəzər-Lənkəran» - «Neftçi» oyunu zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu 5000 manat cərimə olunur. 2. Oyun zamanı futbol meydanına və qaçış zolağına kənar əşyalar atıldığına görə meydan sahibi - «Xəzər-Lənkəran» klubu 2000 manat cərimə olunur. 3. Matçda «Xəzər-Lənkəran» klubunun məşqçiləri və klubun nümayəndələri texniki zona qaydalarını pozduğu üçün «Xəzər-Lənkəran» klubu 2000 manat cərimə olunur. 4. Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyi üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu 8000 manat cərimə olunur. 5. Oyunun 90+1-ci dəqiqəsində «Xəzər-Lənkəran» klubunun 7 №-li futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq kənarlaşdırılır, klub isə 2000 manat cərimə olunur. 6. Matçda «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır və «Xəzər-Lənkəran» klubu 4000 manat cərimə olunur. 7. Oyunda «Xəzər-Lənkəran» klubunun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır, klub isə 4000 manat cərimə olunur. 8. Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılır və meydan sahibi - «Xəzər-Lənkəran» klubu 8000 manat cərimə olunur. 9.«Xəzər-Lənkəran» klubunun növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə klub daha ciddi cəzalandırılacaq. 10.«Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, baş məşqçiyə qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.
|