Bu
ilin may ayından bu tərəfə yəni, son ölkə kubokunun finalındakı məlum "Fair
Play” məsələsindən sonra növbəti "Xəzər Lənkəran” –"Bakı” matçı səbirsizliklə
gözlənilirdi. Bu matç isə bu mövsümün ilk dövrəsində Lənkəran şəhərində
02.10.2010 tarixinnə, saat 18:00-a təsadüf edirdi. Bəli, bu günü və bu saatı
azarkeşlərimiz səbirsizliklə gözləyirdi. Komandamızın bu oyunda öz sözünü deyəcəyini
səbirsizliklə gözləyən azarkeşlərimiz yalnız sivil yolla, sürəkli olaraq "Fair Play”
sədaları altında rəqibi utandıracaq və oyunlarının alınmaması üçün bu şüardan
istifadə edəcəkdi.
Oyun
başlamazdan əvvəl, futbolumuzda öz yeri olan, müəyyən vaxt ərzində "Xəzər Lənkəran”ın
uğurları üçün tər tökmüş, titullar qazanmasında məxsusi payı olan Zaur
Ramazanov futbolla vidalaşırdı deyə topa ilk zərbəni də məhz o, endirdi.
Bununla da Zaur Ramazanov bir futbolçu kimi rəsmən butsılarını mismardan asmış
oldu. Vaxtı ilə meydanlarda güclü külək kimi əsən, rəqibin ona çatmasına belə
imkan verməyən, rəqib qapıçıları vurduğu möhtəşəm qollarla məyus edən, hətta
"Birlık Kuboku”nun finalındakı "Paxtakor”un qapısına vurduğu gözəl qolu ilə
FİFA və UEFA prezidentlərini yaxşı mənada təəccübləndirən Zaur, yaşıl
meydanlara əlvida dedi. Azarkeşlər onu çox bəyəndiyindən "Zaur...Zaur...” sədaları
bir neçə dəqiqə "Xəzər Lənkəran mərkəzi stadionu”nu lərzəyə gətirdi. Biz Azərbaycan
futbolundakı xüsusi üslubuna görə Zaur Ramazanova təşəkkür edir, bundan sonrakı
fəaliyyətində isə ona uğurlar arzulayırıq.
Matça
gəlincə, həqiqətən "Xəzər Lənkəran”
xüsusən birinci hissəni çox gözəl futbol nümayiş elətdirərək səviyyəli
komanda olduğunu meydanda "Bakı”ya meydandan kənarda isə hər kəsə sübut etdi.
Gözəl düşünülmüş oyunla, dəqiq ötürmələrlə, sürətli qurulan hücumlarıyla, futbolçuların
bir-birini gözəl başa düşmələri ilə, xətlərarası anlaşmanın yüksək səviyyəsi və
nəhayət ardıcıl yaradılan qol epizodlarıyla bir Avropa klubunu xatırladırdı. Rəqibə
gözəl pressinq tətbiq etməklə onların nə oyununun alınmasına, nə də ki uzun-uzadı
topa sahib olmalarına imkan vermirdi. Elə bunun nəticəsi idi ki, 23-cü dəqiqədə
"Qara Şimşək” hesabı açdı. Bundan sonra da ardıcıl hücumlar edən komandamız
heyif ki, növbəti qolunu vura bilmədi. Burda bəxt amili də rəqibin xeyrinə işləmiş
oldu desək, səhv olmaz. Azarkeşlərə gözəl həyəcan bəxş edən komandamız,
"Bakı”dan fərqli, hazırlıq və transfer dövrünün demək olar ki, olmamasına
baxmayaraq, rəqibə dərs keçə bildi.
Amma
ikinci hissə, birinciyə nisbətən tam başqa, ağır bir həyəcan və yubanmalarla
keçdi. Burada oyun günü yağışın yağması, meydanın isə tam normal olmaması hər
iki komandanın futbolçularının sanki, tez yorulmasına gətirib çıxarmış oldu. Təəssüf
ki, yubana-yubana gedən oyunun 85-ci dəqiqəsində cəmi bir-iki künc zərbəsi
qazanan rəqibin bəxti gətirdi. Burada topu kornerə çıxarmaqla səhv edən Ruslan
Poladovun da günahı var idi.Hərçənd bir az sürətli olsaydı Poladov həmin
epizodda topa rəqibindən daha tez çata bilərdi və topu kornerə yox, mənimsəyib
komanda yoldaşlarından birinə ötürə bilərdi. Bununla da bundan qaça bilərdik. Təəssüf
ki, bununla həm iki xal itirmiş olduq, həm də Kamran Ağayevin "quru dəqiqələri”
bitmiş oldu. Elə üç il əvvəl də bu stadionda bu rəqibin qapıçısı Sissokonun
"quru dəqiqələri” Emin Quliyevin matçın son dəqiqələrində vurduğu yeganə qolla
bitmişdi. Hər halda belə qısa müddətdə bu cür oyun nümayiş etdirən bir komanda
qurduğuna görə baş məşqçimiz Mirça Rednikə təşəkkür etməliyik.
Bu
oyunda da hakimliklə bağlı yenə problem yaşandı. Birinci hissədə aşkar "Xəzər Lənkəran” əleyhinə tez-tez fit çalan Fariz Yusifov,
daha betər hallarda rəqibin oyunçularına "güzəşt” edirdi. İkinci hissədə bir az
obyektivləşən referi ardıcıl səhvlər etməyə başladı. Jabanı futbolçumuzun üzünə
zərbə endirdiyinə görə haqlı olaraq, meydandan qovdusa, ardınca iki kobud səhvə
yol verdi. İnsafən qol buraxdığına görə əsəbiləşən Kamran Ağayev də rəqibinin
üzünə zərbə endirsə də nə yan hakim, nə də Fariz Yusifov bunu görmədi. Ardıyca əlavə
olunmuş dəqiqələrdə cərimə meydançasının daxilində qapıya gedən güclü zərbəni rəqib
müdafiəçi Dare Nibombe əlini açaraq biləyinin köməyi ilə topu saxlasa da, yenə
nə yan hakim, nə də Fariz Yusifov bunu görmədi. Penalti şansından
yararlansaydıq,.. Bunun da oyunun nəticəsinə təsir edən amil kimi qiymətləndirmək
olar.
Burada
bir az araşdırmaya ehtiyac duyuruq. Hakimlər komitəsi tərəfindən, keçən mövsüm
və bu mövsüm ardıcıl olaraq səhvlər üzündən oyunlara təyinat almayan və ya təcrübə
toplayan hakimlər kimi 1-ci divizionun oyunlarına göndərilən Fariz Yusifov niyə
belə məsul matça təyinat alır? Hansı ki, hamı bu matçın necə prinsipial
olduğunu çox yaxşı dərk edirdi. Belə şübhəli məqamlar və ya məsuliyyətsiz
yanaşma Hakimlər komitəsinin işinin yarıtmaz olduğu anlamına gəlmirmi?
|