Mayın 24-nü səbirsizliklə
gözləyən futbol ictimaiyyəti və xüsusən də "Xəzər Lənkəran” azarkeşləri ölkə
kubokunun finalında Bakının "İnter” komandası ilə oyunda çox həyəcan yaşadılar.
Hətta deyərdik ki, matçın start fitindən qalib müəyyənləşənə qədər bütün
oyunboyu bir dəqiqə belə rahat nəfəs almaq mümkün olmadı. "İnter” komandası
üçün Avropa yarışlarına vəsiqə qazanmaq üçün son şans olan bu matçın, onlar
üçün nə qədər həyati əhəmiyyət daşıdığını fikirləşəndə və "Xəzər Lənkəran” üçün
isə çempionluğun əlindən zorla alındığını bu oyunda qalib gəlməklə sübut etmək
istəməsini fikirləşəndə matçın gərginliyi adamı silkələyirdi. Kubok matçının təşkilatçılığı
ölkə futbol qurumları tərəfindən yüksək hazırlanmışdı. Bunun üçün təşəkkür etməyə
dəyər. Klubların təşkilatçılığı baxımından da zövqverici anlar yaşadığımıza görə
onlara təşəkkürlərimizi bildiririk. Rəsmi
rəqəmlərdə 24.000 azarkeşin izlədiyi bu final matçı əsl Avropa meydanlarında
yaşanan bir gərgin gözəlliklə yaddaşlara həkk oldu. Burada baş hakim Fariz
Yusifovun idarəçiliyi bir daha sübut etdi ki, Azərbaycanda hakimlik var. Bu gözəl
idarəçilik həm də onu sübut etdi ki, mövsümboyu hakimlərdən narazılıq onların
oyun idarəetmə bacarığının olmaması ilə əlaqədar deyil, haradansa gələn
sifarişlərlə əlaqədar olub. Çünki son üç turda, kimlərsə istəklərinə çatdıqdan
sonra hakimlikdə "sağlamlaşma” baş verdi. Bu da çox şeydən xəbər verir. Bu kubok oyununun
finalında komandalar əsl mübarizə apardılar. Sona qədər hər iki komanda finala
layiq olduğunu göstərdi. Gərginlik sona qədər davam etdi. Hər iki komanda istəyinə
çatmaq üçün nizamlı oyun nümayiş etdirdilər. Lakin komandamız daha istəkli
görünürdü. Bunu matç boyu daha çox topa və ərazi üstünlüyünə malik olmaqla və həm
də real qol vəziyyətlərini daha çox yaratmaqla sübut edə bildi. Oyun
nizam-intizamını sona qədər saxlamağa çalışdı və demək olar ki, buna nail oldu.
Bütün bunlara baxmayaraq 90-dəqiqə ərzində yaradılan heç bir qol vəziyyətlərini
reallaşdıra bilməməyimiz əsas vaxtın 0:0 bitməsini şərtləndirdi. Əlavə vaxt başlayan
kimi Uinston Parksın mükəmməl zərbəsindən sonra önə keçən komandamız indi rəqibin
məğlub olmaması üçün daha çox hücuma keçəcəyini, bununla da arxada boşluqlar
buraxacağını və növbəti dəfə daha asan hesab arasındakı fərqi artıracağını
düşünərək onlara oynamağa daha çox imkan yaratdı. Çox təəssüf ki, bu dəqiqələrdə
müdafiədə buraxılan bəlkə də yeganə səhvimiz əksinə hesabın bərabərləşməsinə səbəb
oldu. Bununla canlanan "İnter” yenə ümidlənərək həyəcanı ata bildi və ələ düşəcək
hər hansı qol məqamını gözləməklə oyununu intizamlı davam etdirməyə başladı "Xəzər
Lənkəran” da bundan sonra nizam-intizamını pozmayaraq əvvəlki kimi topa nəzarət
edib qələbə qolunu vurmaq istəyində idi. Bax budur oyunun gözəlliyi.
Futbolçular komandalarının intizamlı oyununu davam etdirərək məşqçilərinin
tapşırıqlarını son ana qədər yerinə yetirə bildilər. Azərbaycan futbolu bu iki
komandanın timsalında nəyə qadir olduğunu göstərmiş oldu. Lakin əlavə olunmuş dəqiqələr
də 1:1 bitincə qalibin müəyyən olunması penaltilər seriyasına daşındı. Penaltilər
seriyası böyük ölçüdə təsadüflərdən asılı olsa da, burada daha çox psixoloji
hazırlıq səviyyəsi əsas amillərdən biridir ki görünür Mirça Rednik komandanı
buna da düzgün hazırlaya bilmişdi. Penaltilərin təsadüfi olmasına bariz nümunə
isə hətta uzaqdan cərimə zərbələrini çox gözəl və dəqiq yerinə yetirən
komandamızın yarımmüdafiəçisi Elnur Abdullayevin topa zərbə anında sürüşərək
yerdə qalmasını və ardınca rəqib futbolçunun vurduğu zərbənin tirin altına dəyərək
lap qapı xəttinin önündə yerə toxunmasını göstərmək olar. Bu seriyanı daha dəqiq
yerinə yetirən komandamız 4:2 hesabıyla (ümumi 5:3) kubokun qalibi oldu və
azarkeşlərinə böyük sevinc yaşadaraq keçən il finalda ləkələnmiş kubokun ləkəsini
bu il ½ finalda təmizlədikdən sonra onu başı üzərinə qaldırdı. Yaşa "Xəzər lənkəran”! Final matçına qədər
bu yarışlarda "Xəzər Lənkəran” daha bir rekordla meydana çıxmışdı. Belə ki,
ard-arda 4 dəfə finala vəsiqə qazanmaqla bu rekordu müəyyənləşdirən komandamız
3-cü dəfə ölkə kubokuna sahib çıxmış oldu. Komandanın rəhbərliyini, məşqçilər
heyətini başda Mirça Rednik olmaqla və "Xəzər Lənkəran” azarkeşlərini bu
münasibətlə ürəkdən təbrik edərək bildiririk ki, komandamız və onun azarkeşləri
bundan daha artığına layiqdirlər. Bunu vəsiqə qazandığımız Avroliqa
yarışlarında sübut edəcəyik. Növbəti daxili və beynəlxalq yarışlarda
komandamıza dəstək olmaqla bir daha uğurlar arzulayırıq.
|