Komandamızın
Avropa Liqasına vəsiqə qazanması hanımıza məlumdur. İllər boyu Çempionlar
Liqası və Avropa Liqasında iştirak etsək və bir neçə gözəl oyunlar göstərsək də,
bu turnirlərdə yaddaqalan nəticə qazana bilməmişik. Lakin son mövsüm komandada
yaranan gözəl ab-hava, milli çempionatda gümüş medal qazanmaqla və ölkə
kubokunu almaqla başa çatan gözəl kubok yarışmasının qalibi olmağımız, Avropa
Liqasında da uğurlu çıxışa inanmağa əsas verir. Belə ki, Rumın baş məşqçi olan
Mirça Rednikin komandamıza gəlişi ilə yaranan hərtərəfli gözəl atmosfer bundan
sonra da davamlı olacaq fikrini söyləməyə əsas verir.
Hal
hazırda demək olar ki, istirahətdə və yol hazırlıqlarında olan komandamız iyun
ayının 23-dən Avstriyada təlim-məşq toplanışına başlayacaq. Komandadan bir çox
futbolçular ikitərəfli razılaşma əsasında ayrılıb ki, bundan da çoxlarımız xəbərdarıq.
Mövsüm boyu özlərini yaxşı tərəfdən göstərə bilən həmin futbolçuların gedişi əslində
çox şeylərdən xəbər verir. Onların gedişi, lakin Mirça Rednikin isə komanda ilə
yenidən müqaviləsinin artırılması bu təcrübəli və istedadlı məşqçinin daha
böyük planlarının olduğunu düşünməyə əsas verir. Komandaya dəvət olunacaq
futbolçuların Avropa turnirlərində sözünü demiş oyunçular olduğunu düşünmək heç
də çətin deyil. Təsadüfi deyil ki, həm klub rəhbərliyi, həm də baş məşqçi
Avropa Liqasının qrup mərhələsindən danışmış olub. Bu il transfer siyasətinin fərqliliyi
də əvvəlki illərə nisbətən bəzi sürprizlərin olacağından xəbər verirdi ki, artıq bəzi elektron kütləvi
informasiya vasitələrində, "Xəzər Lənkəran”dan müdhiş transfer olaraq keçmiş "Bavariya”,
"Yuventus” kimi adlı-sanlı Avropa klublarının əsas heyət üzvü olan Hasan
Salihamidziç kimi bir futbolçunun artıq komandamıza keçidinin çox yaxın olduğu
haqda xəbərlər yayılmağa başladı. Kluba yaxın mənbələrdən aldığımız məlumata
görə isə hələ bununla iş bitməyəcək və daha bir neçə, ümumilikdə 11-12
futbolçunun komandaya cəlb olunacağı haqda dəqiq məlumatların olduğu
bildirildi.
Qarşıda bizi
Avropa Liqasının və daha sonra ölkə çempionatının oyunları gözlədiyindən elə
buna uyğun olaraq, əvvəlcə legioner transfer işlərini tamamlamaq qarşıya məqsəd
olaraq qoyulub. Çünki Avropa turnirlərində legionerlərə olan limit tətbiq
olunmur. Aldığımız xəbərlərdə bu da bildirilir ki, komandaya cəlb olunacaq yeni
legionerlərin əsas hissəsi sözünü demiş futbolçular olduğundan baxışa yox
birbaşa komanda ilə müqaviləyə gələcəklər və onlar təlim məşq toplanışında
yalnız komandaya və bir-birinə yoxlama oyunlarında uyğunlaşma xarakteri daşıyan
toplantıdan keçəcəklər. Yalnız bunlardan bir-ikisinin baxışdan keçəcəyi haqda məlumatlarımız
da var. Gələnlərin əsasən xeyli dərəcədə professional futbolçular olduğu
deyilir ki, bunların da arasında Nigeriyadan, Kamerundan, Fransadan,
Braziliyadan, Belçikadan, Rumıniya və bir sıra başqa futbol ölkələri sayılan
ölkələrin təmsilçiləri olduğu bildirilir. Nigeriyadan və Rumıniyadan olan
futbolçuların isə öz ölkələrinin milli komandasının üzvləri olduğu da gələn xəbərlər
arasındadır. Tam dəqiq isə bir neçə gün sonranı gözləməli olacağıq. Çünki,
müqavilə bağlanmayana qədər adların açıqlanması klub tərəfindən aparılan transfer
siyasətinin tərkib hissəsidir.
Qaldı ki,
yerli oyunçu transferinə, burda da dolğun fikirləşdikdə, belə usta legionerlərlə
qurulmuş komandada istedadı olan yerli gənclərə üstünlük vermək olar. Çünki,
belə heyətdə istedadı olan yerli futbolçu bir neçə oyundan sonra püxtələşərək,
özünəinamı sayəsində ümumi mexanizmə qoşulacaq və onların arasında da tam
bişmiş olacaq. Belə gəncləri isə elə "Xəzər Lənkəran”ın gənclərdən ibarət
komandasından seçmək heç də çətinlik törətməyəcək. Bununla da "Xəzər Lənkəran”
klubu əsas heyətə bir neçə yerli futbolçu verməklə Lənkəran məktəbinin varlığını
ortaya qoymuş olacaq. Bununla da komanda müəyyən tənələrdən qurtarmış olacaq və
Azərbaycan millisi üçün də yeni istedadlar kəşf olunacaq. Buna hal hazırda ölkədə
tətbiq olunan limit məsələsi də imkan verir.
Həmçinin əsas
arqument kimi gətirilən bir məsələ də vardır ki, yerli gənclər xarici klublarda
oynamalıdır ki, beynəlxalq təcrübə toplasınlar və sonra milliyə cəlb
olunarlarsa, belədə daha professional milli komanda formalaşar. Budur gözlədiyimiz
çox böyük beynəlxalq futbol təcrübəsi olan oyunçulardan qurulacaq "Xəzər Lənkəran”
komandası bir mexanizm kimi onlara qoşularaq bir komandada oynayacaq bir neçə
yerli futbolçu üçün elə əsl beynəlxalq təcrübə məktəbi kimi yerli futbolçuların
yetişməsinə də öz töhfəsini vermiş olacaq. Bununla da "Xəzər Lənkəran” özünəməxsus
bir yol seçməklə, həm klub olaraq Azərbaycan futbolunu Avropada layiqincə təmsil
edərək özündən söz etdirəcək, həm də milli komanda üçün beynəlxalq futbolçu məktəbinə
çevrilməklə Azərbaycan futbolunu inkişaf etdirəcək. Bəli, "Xəzər Lənkəran” bir
məktəbdir. Bu məktəbin böyük potensialı var. Bu potensialı isə klub rəhbərliyi,
başda Mirça Rednik olmaqla məşqçilər korpusu və ona qəlbən bağlı olaraq heç
zaman tək buraxmayan fövqəlazarkeşlər formalaşdırır. Bütünlüklə "Xəzər Lənkəran” ailəsi özündən
qitədə də söz etdirməyə doğru daim inkişafda olduğunu bir daha ölkə futbolu
naminə sübuta yetirəcək. Buna heç kimin şübhəsi olmasın! Fövqəlkomanda və Fövqəlazarkeşlərə
uğurlu Avropa mövsümü arzulayırıq.
|