Oktyabrın
5-dən Antalyada qısamüddətli toplanışda olan "Xəzər Lənkəran” Türkiyədə olduğu
sonuncu gündə "Mardan Palace” otelinin yardımçı meydançasıında ikinci yoxlama
matçına çıxdı. Əvəlcədən planlaşdırıldığı kimi, rəqib superliqa komandalarından
"Kasımpaşa” oldu. Matç yerli vaxtla saat 15:00-də başladı. Türkiyəli hakimlər
briqadasının idarə etdiyi oyunu "Xəzər Lənkəran” bu heyətlə keçirdi: Denis Romanovs, Ruslan Poladov (Stelian
Stanku), Adrian İordaçe, Veqa, Todorov, Simao (Asif Məmmədov), Katalin Doman
(Alim Qurbanov), Ramazan Abbasov (Kristian Kabral), Konstantin Arbanas, Xaqani
Məmmədov (Uinston Parks), Dieqo Ruis (Allan Lalin).
"Xəzər
Lənkəran”ın ilk dəqiqələrdən oyuna tam köklənməkdə çətinlik çəkdiyi hiss
olunurdu. Məhz bundan yararlanan rəqibin ispaniyalı futbolçusu Valera Ramos müdafiənin
diqqətsizliyindən sonra hesabı açdı. Sonrakı dəqiqələrdə, demək olar, meydanın
mərkəzi uğrunda mübarizə getdi və "Kasımpaşa”lı futbolçuların kobud oynaması cənublu
futbolçuları özlərini zədədən qorumaq məcburiyyətində qoydu. İlk yarıda
yaddaqalan epizod kimi İordaçe və Arbanasın zərbələrinin dirəkdən və tirdən
döndüyünü qeyd edək. Fasilədən sonra hər iki çalışdırıcının heyətdə əsaslı dəyişiklik
etdiyini də vurğulayım. Bundan bəhrələnən isə "Xəzər Lənkəran” oldu. Açıq-aşkar
rəqibindən üstün oynayan və topa daha çox nəzarət edən cənublular ikinci
yarıda, demək olar, "Bakı” ilə məlum oyunun aqibətini yaşadı. Futbolçularımız
ardıcıl 5 dəfə təkbətəkdən yararlana bilmədi. Xüsusi ilə Parks və Lalin
şansları boşa verdi. Oyundan sonra rəqibin çalışdırıcısı, Türkiyənin tanınmış məşqçilərindən
olan Yılmaz Vurala yaxınlaşıb bəzi suallara aydınlıq gətirməsini xahiş etdim. İki
gün öncə Rumıniya "Panduri”sinə 4:0 hesabıyla yenilən komandanın çalışdırıcısı
suallarımızı məmuniyyətlə cavabladı: "Qısa
fasilədən mümkün qədər yararlanmaq istəyirik. Çempionata çox bərbad başlamışıq.
Amma inanıram ki, uğursuzluq zolağından çıxmağı bacaracağıq. Nəticə mənim üçün
önəmli deyil. Əsas olan taktiki cəhətdən bəzi gedişlərin yoxlanması idi. "Xəzər
Lənkəran” ikinci yarıda çox yaxşı oynadı. Klubun sahibi Mübariz Mənsimov yaxın
dostum və çox hörmət etdiyim şəxsdir. Bəli, mənə baş məşqçilik işi təklif
olunmuşdu. Səhv etmirəmsə, onda komandanın başında Ponomaryov soyadlı rus məşqçi
vardı. Amma burdakı işləri yarımçıq qoya bilmədim. Sizdə də əcnəbi məşqçilərə
üstünlük verirlər. Türkiyədə həmişə bunun əleyhinə çıxmışam və hələ də çıxıram.
Elə millinin başında bir almanın olması da düzgün deyil. Sizdə baş məşqçilik edəcək
layiqli məşqçi yoxdu? Baxın, bizim başımıza Hiddink nə oyun gətirir (söhbət
millilərin oyunundan öncə olub).
"Xəzər Lənkəran” Antalya toplanışını böyük
hesablı qələbə və minimal hesablı məğlubiyyətlə başa vurub çərşənbə axşamı vətənə
döndü. Birgünlük istirahətdən sonra cənub klubunun "Gəncə” ilə oyunun hazırlığına
başlayacağı planlaşdırılıb.
Hüseyn Cəbrayıloğlu.
"Futbol+” qəzeti 14 oktyabr 2010.
|