Dünən Oktyabr ayının son günündə ölkə
çempionatının növbəti turunun qalan üç oyunu keçirildi. Bu turun ikinci oyun
günündə "Xəzər Lənkəran”, müxtəlif adlarla çıxış edən və heç vaxt uduzmadığı
Sumqayıt şəhərinin eyni adlı komandasının qonağı oldu. Oyunun xüsusən ilk
yarısı ərazi üstünlüyünün komandamızın tərəfində olduğunu deyə bilsək də lakin
qol iyinin gəlmədiyi məqsədsiz və məramsız oyun üslubu adamı bezdirir və komandaya
olan inamı sarsıdırdı. Ərazi üstünlüyü deyəndə ki, top əsasən komandamızda
olurdusa da futbolçular meydanın özlərinə aid hissəsində ötürmələrlə kifayətlənir,
uzaqbaşı mərkəz xətdən 4-5 metr rəqibin sərhəddini pozmağa nail ola bilirdi. İrəli
getməyin sanki mümkün olmadığı və bununla barışmaq istəyən komandanın halına
sadəcə acımaq qalırdı. Belə heç bir taktiki xətti olmayan oyunla nə isə etmək nə
bu oyunda və nə də gələcək baxımından bəlkə də faciəvi adlandırıla bilər. "Sumqayıt”
kimi gənc və az ödənişli futbolçulardan ibarət bir komandaya qarşı, əslində "Xəzər
Lənkəran” bir canavar iştahlı komanda təsiri bağışlamalı idi. Lakin meydanda
gördüyümüz başıpozuq oyuna tamaşa etdikdə, elə niyə turnir cədvəlinin zirzəmisinə
yaxın yerləşməyimizin məntiqi ortaya çıxılrdı. Heç bir real təhlükə yarada bilməyən
komandamız ilk hissəni elə bu tonda da başa vurdu.
İkinci hissəyə isə, birinci hissədən
fərqli olaraq, Sumqayıt təmsilçisi daha yaxşı başladı. Oyunda tempi artıran ev
sahibləri orta-qısa ötürmələrə üstünlük verməyə başladılar. Bunun nəticəsində
isə "Xəzər Lənkəran”ın nəinki müdafiəsi, bütün xətləri çaşqınlığa düçar olunca,
gənclər hesabda önə keçməyi də bacardı. Məğlubiyyətdən yaxa qurtarmağın
mümkünsüzlüyü isə göz önündə canlanırdı desək yanılmarıq. Beləcə davam edən və
üstünlüyü nisbətən ələ almış Sumqayıt təmsilçisinin baş məşqçisi görünür ilk
hissəni özlüyündə dəqiq analiz etmiş və doğru taktiki dəyişikliklərə əl ata
bilmişdi ki, oyunda dönüşə nail ola bilmişdi. Çünki hesabda önə keçən ev sahibləri
sonrakı dəqiqələrdə də bir neçə təhlükəli vəziyyətlər yaratmaqla, hesabı daha
da artıra bilərdilər ki, son anda ustalığın çatışmazlığı öz sözünü deyirdi.
Belə epizodların birində hələ hesab
açılmamış, penalti nöqtəsinin təxminən düz üzərində, qarşısında heç kimin mane
olmadığı anda topu qəbul etmiş ev sahiblərinin 76 nömrəli futbolçusu, zərbə
vurmağa bir an gecikincə, Ruslan Abışovun özünü yetirərək, zədələnmə hesabına
da olsa, topun qarşısına ayaq qoymaqla, qolun vurulmasını əngəlləməsi anından
sonra oyunu davam etdirə bilməməsi, onun əvəzlənməsinə gətirib çıxardı. Lakin fəallaşmış
ev sahiblərinin yaratdıqları bir neçə təhlükəni nəzərə almayan məşqçilərimiz,
belə bir anda onu həmin mövqe oyunçusu ilə deyil, gənc hücumçu Kazımla əvəzlədilər
ki, bu da pis nəticəsini vermiş oldu. Belə ki, qapımızda gördüyümüz qol, düz Ruslanın boşalmış mövqeyindən vuruldu.
Belə əvəzetmələr riskli sayılsa da, görünür hücum xəttinin dişsizliyini görən
Yunis Hüseynov ön xətdə canlanma yaratmağı düşünmüşdü. Düzdü bu nisbətən
canlanmaya təsirini göstərdisə də, müdafiədəki risk əlbətdə baha başa gəldi.
Heç bir düşünülmüş hücum qura bilməyən komandamız, qarışıqlıqdan sağ mərkəzdən
qapı önünə ötürülən top və Kazımln lazımi anda lazımi nöqtədə olması hesabına bərabərlik
qolunu vura bildi. Bu xoş təsadüf baş verməsəydi, yəqin ki, heç zaman məğlub
olmadığımız komandaya bu dəfə yeniləcəkdik.
Oyunun sonlarına yaxın isə bir az
canlanma yaransa da bu ev sahibinin xeyrinə nəticələnə bilərdi. Belə ki, üç
metrdən kəllə ilə vurulmalı olan topa çox əlverişli vəziyyətdə rəqib hücumçu
baş qoya bilməyincə, hesab sona qədər dəyişməz qaldı. Günün sonlarına yaxın isə artıq komandada toplantı keçirildiyini və baş məşqçi Yunis Hüseynovla yolların ayrıldığı xəbərini aldıq. Bu barədə çoxlu müzakirələr və yazılar verdiyimizdən məsələyə bu dəfə toxunmamağı qərara aldıq. Yunis Hüseynova gələcək işlərində müvəffəqiyyət arzulamaqla fikrimizi yekunlaşdırırıq.
|