
Bu
gün "Xəzər Lənkəran” Antalyadakı son sınaq matçına çıxır. Rəqib Ukraynanın məşhur
klubu olan "Çernomorets”dir. Oyun Bakı vaxtı ilə 19:00-da başlamalı olsa da, Bələkdə
yağan güclü yağış ucbatından vaxtında baş tutmayıb. Meydançanın zərər görə biləcəyini
önə çəkən Bələkli mütəxəssislər komandaların öz aralarında keçirəcəyi yoxlama
görüşü üçün başqa meydança axtarmağı məsləhət biliblər. Bu səbəbdən matçın baş
tutmama ehtimalı da var. Lakin aldığımız son məlumatda meydan probleminin həll
olunmaq üzrə olduğunu deyə bilərik. Matç baş tutacaqsa bu haqda mütləq məlumat
verəcəyik.
------------------------------------------------------------------------------
Bu arada "Çernomorets” klubunun
internet saytında komandamız haqqında geniş məlumat verilib. Məlumatda deyilir:
Rəqibimizi təqdim edirik: "Xəzər Lənkəran”
27
yanvar 2011. Sabah "Çernomorets”
Türkiyədə növbəti yoxlama matçını keçirəcək. Bələkdə yerləşən "Qloriya”
otelinin idman kompleksinin meydanında "Dənizçilər”, Azərbaycan klubu olan "Xəzər
Lənkəran”la qarşılaşacaqlar.
"Çernomorets”in rəqibi Xəzər dənizi
sahilində yerləşən və liman şəhəri olan Lənkəranı təmsil edir. Azarkeşlər "Xəzər”
futbolçularını "Gəmiqayıranlar” adlandırırlar. Komanda 2004-cü ildə təsis
edilib. Onun sponsoru güclü maliyyə imkanlarına sahib olduğundan komandanı
"Qafqazın Çelsisi” kimi də tanıyırlar.
1978-1995-ci illərdə Lənkəran şəhəri
SSRİ və Azərbaycan çempionatlarında "Xəzər” klubu ilə təmsil olunub. Buna
baxmayaraq yeni klub öz tarixini 21-ci əsrdən hesablayır. Elə ilk mövsümdəcə "Xəzər
Lənkəran” çempionatın gümüş medallarını əldə etməklə yanaşı, ölkə kubokunun
yarımfinalına da vəsiqə qazanıb. İki il sonra isə komanda "Qızıl Dubl” etməklə
yadda qalıb, ölkə çempionu olmaqla yanaşı, ölkə kubokuna da sahib çıxıb.
2007/2008 mövsümündə "Xəzər Lənkəran” yenidən Azərbaycan kubokunun sahibi olub.
Son üç ölkə çempionatnda isə komanda 4-cü yerlə kifayətlənməli olub. Avropa
kuboklarında 8 matça çıxan komanda 3-bərabərlik və 5-yenilgi ilə yadda qalıb. Nə
Çempionlar liqasında, nədəki Avropa liqasında mərhələ adlamağa müvəffəq
olmayıb.
Bu mövsüm payız fasiləsinə qədər "Xəzər
Lənkəran” ölkə birinciliyində turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır və
lider olan Bakının "Neftçi” komandasından cəmi 1-xal geri qalır.
Bu qış "Xəzər Lənkəran” Türkiyə
toplanışı çərçivəsində artıq 5-yoxlama görüşünə çıxıb: "Atırau” (Qazaxıstan)
2-1 ”XL”, Kasımpaşa” (Türkiyə) 4-1
"XL”, "XL” 1-0 "Krivbass” (Krivoy
Roq), "Zarya” (Luqansk) 3-1 "XL”, "Metallurq” (Zaporojye) 1-1 "XL”.
Onu da qeyd etmək lazımdır ki, son
iki sparrinqlə matçlarda "Xəzər Lənkəran”ın 4 əsas futbolçusu meydana çıxmayıb.
Bunlar Azərbaycan milli komandasının futbolçuları: Elnur Abdullayev, Elnur
Allahverdiyev, Rahid Əmirquliyev və kapitan Kamran Ağayevdir.
Azərbaycan
klubunun baş məşqçisi 48 yaşlı Rumın mütəxəssis Mirça Rednikdir.
Oyun
nəhayət ki, baş tutub. Komandalar "JC" idman mərkəzinin meydanında qarşılaşırlar. "Xəzər Lənkəran”
aşağıdakı heyətlə meydana çıxıb: -Dalton Munaretto , Kosmin Prosineçki, Stelian Stanku, Adrian
Skarlatake, Simao Bruno , Florin Pits, Adrian Mureşan, Xristu Çiaço, Katalin Doman, Aleks Pitsurka, Uinston Parks.
"Çernomorets”
artıq 9-cu dəqiqədə hesabda önə keçib. 26-cı dəqiqədə isə baxışda olan
futbolçumuz Pits, uzaqdan güclü və gözəl
zərbə ilə hesabda tarazlığı bərpa edə bilib. Buna baxmayaraq ukraynalılar yenə
cəld tərpənərək cəmi 4 dəqiqə sonra hesabda yenidən irəli çıxa biliblər. Komandamız oyunda təşəbbüsü əlində saxlayaraq əsasən cinahlardan hücum futbolu sərgiləyir. Ukraynalılar isə müdafiə olunaraq əsasən əks hücum taktikası seçiblər. Qapımıza vurulan hər iki qol əks hücum həmləsindən sonra baş tutub. Birinci hissə elə bu hesabla da nəticələnib.
İkinci hissəyə daha aqressiv başlayan komandamız Elvin Beqirinin gözəl ötürməsindən sonra, yeni futbolçumuz İbrahim Banquranın gözəl baş zərbəsi ilə 57-ci dəqiqədə yenidən hesabda tarazlığı bərpa edib. Bu son yoxlama matçı olduğundan həm də artıq heyət az da olsa uyğunlaşdığından "Xəzər Lənkəran" qələbə qazanmaqla, çempionatın davamı üçün motivasiya əldə etməyə çalışır.
Havanın yağışlı olması deyəsən oyuna da təsir edərək "qol yağışı"na gətirib çıxarıb. Belə ki, "Xəzər Lənkəran" hesabı bərabərləşdirdikdən 6 dəqiqə sonra, yəni 67-ci dəqiqədə odessalılar yenidən hesabda önə keçiblər- 2:3. Artıq oyunda 5-qol var.
Son yoxlama görüşü bol qollu bir görüş olsa da ümumi nəticə yenə də xeyrimizə olmadı və oyun elə bu hesabla da bitti.
"Xəzər Lənkəran" yanvar ayının son günü vətənə qayıtmağı planlaşdırır. Çempionatın və kubok oyunlarının davamında komandamıza yalnız qələbələr arzulayırıq.
|