Futbol
çempionatımızda yaranmış fasilə yekunlaşmaq üzrədir. Futbolu az-çox yaxından
izləyənlər bilirlər ki, Avropada bu fasilə milli komandaların oyunları ilə əlaqədar
olaraq yaranmışdı. Belə ki, Polşa və Ukraynada keçiriləcək olan Avro-2012-nin
final mərhələsinə vəsiqə verən bir çox yerlər məlum olsa da, qalan yerləri seçmə
mərhələdə qruplarında ikinci yer tutan komandalar arasında keçirilən oyunlar müəyyənləşdirəcəkdi.
Bu mənada Azərbaycan millisinin də yer aldığı qrupda ikinciliyi əldə etmiş
Türkiyə milli komandası Xorvatiya sınağından qalib ayrılmalıydı. Bir daha qeyd
edək ki, kimi Avro-2012-nin final mərhələsinə vəsiqə üçün çalışaraq, milli
çempionatlarına fasilə vermişdi, kimi də "böyüklərin” yaratdığı bu fasilədə
kölgədə qalaraq yaranmış imkandan istifadə edib yoldaşlıq görüşləri keçirməyə ya
imkan tapmış, ya da vadar olmuşdu.
Bu
"pley-off” yarışlarında Azərbaycanda ən çox maraq göstərilən oyun isə Türkiyə-Xorvatiya
matçı idi. İki qarşılaşmadan ibarət olan bu raunda niyə matçları yox, matçı
dediyimizin də səbəbi odur ki, artıq ilk qarşılaşmada, səfərdə oynamasına
baxmayaraq, elə birinci görüşdə 0:3 hesabı ilə qalib gələn Xorvatiya millisi
demək olar ki, məsələni həll etmiş sayılırdı. Ona görə də cavab qarşılaşması
özündə elə də maraq saxlamamışdı.
Oyunların
keçiriləcəyi tarix 11. 11. 2011-ə təsadüf etdiyindən, mətbuatda 11. 11. 11 kimi
işıqlandırılan bu matçlardan birincisi bizim yerli vaxtla gecə saat 11-ə təsadüf
etdiyindən bura daha bir "11” əlavə etmişdilər. Türkiyə millisinin çətin də
olsa, bu matçlarda qələbə qazanmasını istəyərək, biz də bura daha başqa iki "11”
əlavə etmişdik. Belə ki, hər iki komandanı uğura daşıya biləcək 11 futbolçunu
qeyd etmək istərdik. İkinci "11” isə bir qədər əvvələ, yəni 2008-ci ilə qayıtdıqda
yada düşürdü. Belə ki, bu komandalar arasında 2008-ci il Avropa Çempionatının ¼
final mərhələsində qalibi oyunsonrası penaltilərlə, yəni 11 metrlik zərbələrlə
müəyyən etmək mümkün olmuşdu. O zaman Fatih Terimin başçılıq etdiyi Türkiyə
millisi çətinliklə də olsa, gənc Slaven Biliçin komandasına qalib gələ
bilmişdi. Elə o zaman tək Türkiyə ilə oyunda yox, keçirdiyi bütün
qarşılaşmalarda Slaven Biliçin məşqçi kimi də böyük bir istedad olması hamımıza
məlum olmuşdu. Bu dəfəki Türkiyə ilə ilk oyunda Slaven Biliçin başçılıq etdiyi
komanda 0:3 hesablı səfər qələbəsinin final fiti səslənən zaman adamın fikrindən
"Sən nə etdin? oy Biliç” ifadəsi keçdi.
Bu
həmin Biliçdir ki, futbolçu karyerasına vətənində, "Hayduk” komandasında
başlayıb. Sonradan alman klubunda və daha sonra İngiltərənin tanınmış
klublarında çıxış etməklə davam edib. Məşqçilik karyerası isə öz vətənində "U-21”-ə
başçılığı ilə başlayıb. Burada da uğur qazandıqdan sonra əsas milliyə dəvət
olunub. Slaven Biliçin əsas millidə də uğurları göz qabağındadır. Hətta onun
istedadlı bir mütəxəssis olması bütün dünyada qəbul olunduğu kimi Almaniya
klublarını da özünə cəlb etmişdi. Belə ki, məşhur alman klubu olan "Şalke” bir
qədər əvvəl ona təklif də göndərmişdi. Lakin Biliç bu təklifi belə
cavablandırmışdı: "Mən fəxr edirəm ki, belə bir böyük klub mənimlə maraqlanır.
Bunun üçün onlara təşəkkürümü bildirirəm. Amma mənim bütün arzu və planlarım bütün
bacarığımı sərf edərək, doğma milli komandada işləmək və uğur qazandırmaqdır.”
Başqa
tərəfdən yanaşsaq, ölkəmizin ərazisində
bu matçın canlı yayımlanması futbol reportajından çox, kommersiya maraqlarına
sanki xidmət edirdi. Reportaj zamanı futboldan çox futbol proqnozundan necə
qazanmaq olar və bunun üçün ölkəmizdə hansı vasitələrin olduğu və mobil
operatorların sanki bütün tarif paketləri və sair dəqiqələrlə sadalanırdı. Buna
əlavə olaraq Türkiyədən birbaşa danışan şərhçimiz isə yanında olan və bir
zamanlar Türkiyə futbolunun əfsanələrindən sayılan Rıdvan Dilmənin millinin hal
hazırki çalışdırıcısı Qus Hiddinkdən narazılığını bizim efirə də çatdırması,
diqqətlərdən yayınmadı. Həm də ona görə yayınmadı ki, bizim şərhçinin dediyinə
görə, Rıdvan Dilmən, Hiddinkin yerinə Türkiyə millisinin başına Berti Foqtsu gətirməyin
lazımlılığından danışdı. Görəsən həqiqətənmi belə bir dəyişiklik Türkiyə
millisini gücləndirə bilər? Belə çıxır ki, Türkiyə üzərində 1:0-lıq qələbəmiz,
Rıdvan bəyi bu qənaətə gətirib. Nə demək olar? Təki qardaş ölkənin millisi güclənsin.
Qaldı ki, bizim millinin də güclənməsində Biliçli Xorvatiya millisinin təcrübəsindən
yararlanmaq olar. Məsələn, yaş fərqi ilə təxminən Biliçlə eyni olan Azərbaycan
futboluna və potensialına bələd istedadlı yerli mütəxəssislərimizdən biri Qurban
Qurbanova bu postda güvənmək olar. Ən azı Biliçli Xorvatiya təcrübəsindən
istifadə etməklə. Yəni əvvəlcə heç olmasa, Qurban bəyə milli təcrübəsi artsın
deyə "U-21”-i tapşırmaq olar. Özünü doğruldacağı təqdirdə isə əsas milli
komandanın başına gətirmək mümkündür. Bu bütün şübhələrə də son qoyar ki, bizdə
bu postda işləmək üçün milli kadr yetişir yoxsa, yox.
|