
Bəli,
arzuladığımız kimi bu ilin ilk səfər qarşılaşmasından, 2-ci tur çərçivəsində
Zaqatala şəhərinin "Simurq” klubuna qarşı keçirilən matçda komandamız iki
cavabsız top vuraraq üç xalla dönməyi bacardı. Bununla da "Xəzər Lənkəran” evdə
bu mövsümə uğurla başladığı kimi, səfər oyunundan da uğurla döndü. İndi 21
avqustda yenə evdə keçirəcəyi son çempion "İnter”ə qarşı oyunda komandamızdan
daha sanballı bir oyunun nəticəsində qələbə gözləyirik. Bununla da elə ilk
turlardan cəmi bir top fərqinə görə liderlik edən "İnter”i taxtdan salıb, ən
yüksək pillədə oturmaq və sonacan da ilk pilləni heç kimə güzəşt etmədən, orada
qərarlaşmağı hədəf seçməliyik. Baş məşqçimizin də fikirləri deyəsən buna yaxın
fikirlərdir. Bu oyunun əhəmiyyətini dəyərləndirərək Mirça Rednik Zaqatalada
oyundan sonra verdiyi açıqlamada azarkeşlərin dəstəyinə də güvəndiyini
vurğulamaqla, komandanın azarkeşlərinə səslənib: - "Bugünki nəticəyə görə sevinirəm. Ancaq
oyunumuz heç də asan keçmədi. Açığı "Simurq”un belə çıxış edəcəyini gözləmirdim.
Komandamızın oyununda müəyyən çatışmazlıqlar var. Bu xüsusilə hücum xəttinə
aiddir. Kosta Rika yığmasının hücumçusu Parksla sabah müqavilə imzalayacağımız
nəzərdə tutulub.
Bu oyunu unudub "İnter”lə oyunu
düşünməliyik. Lənkəranlı azarkeşlərin həmin qarşılaşmada tribunaları
dolduracağına inanıram”.
Komandamızın
get-gedə məzmunlu oyun sərgiləməsi, ardıcıl iki qələbə qazanması və yeni
futbolçuların cərgəyə qoşulması onsuz da say və keyfiyyət etibarı ilə ölkədə
sayılıb-seçilən azarkeşlərimizdə hədsiz maraq oyatmış və Rednikin arzuladığı
kimi, nəinki "İnter”lə oyunda bundan sonrakı bütün oyunlarda tribunaların tam
dolması gözləniləndir. Odur ki, siz layiqli, məzmunlu oyununuzu davam etdirməklə
qələbələr seriyanızı davam etdirin. Azarkeşlər həmişə səninlədir- "Xəzər Lənkəran”!
|