
Razmer
anlayışı milli dərk qavramında ölçü deməkdir. Nə isə biz o qədər öyrəşmişik ki,
dükan-bazara gedib bir şey almaq istəyəndə, "bunun ölçüsü neçədir” əvəzinə, çox
vaxtı "sizdə filan razmez, filan şey” var? Deyə soruşuruq. Bir də nə isə, şimallı
və qərbli olmaq yanğısındandır, nədəndirsə, nəinki ölçünü razmer etmişik, hətda
onun parametrlərini də itirmişik. Burda parametr sözünü, riyazi anlamı
olduğundan işlətsək qəbahət etmərik. Necə ki, futbola "ayaq topu” yox, elə
futbol deyirik. Beynəlxalq terminlərin də öz yeri var.
Razmer
məsələsinə gəldikdə isə çox maraqlı faktlar ortaya çıxır. Məsələn, futbol
meydançasının FİFA tərəfindən qəbul olunmuş razmerləri, bağışlayın ölçüləri,
iki standartda olur. Ölçülər aşağıdakı kimi qəbul olunub: Futbol meydanı düzgün
dördbucaqlı şəklində olub yan xətlərinin uzunluğu digər iki tərəf olan qapı
xəttinin uzunluğundan daha çox olmalıdır.
Uzunluq: ən
az 100 yard (90 metr), ən çox 130 yard (120 metr)
En: ən az
50 yard (45 metr), ən çox 100
yard (90metr)
Beynəlxalq
matçlarda isə:
Uzunluq: ən
az 110 yard (100 metr), ən çox 120 yard (110 metr)
En: ən az 70 yard (64 metr), ən çox
80 yard (75 metr) olmalıdır.
Təbii ki, futbolun yaradıcısı İngilislər
olduğundan ölçülər də onların vahidləri ilə hesablanır. Bu meydançanın uzununa hər
iki əks tərəfində müəyyən edilmiş ölçüdə qapı deyilən 4 tərəfi torla, bir tərəfi
torpaqla, yəni ot örtüyü ilə və nəhayət 6-cı tərəfi də açıq olur. Açıq olur
deyəndə ki, start fiti anından final fitinə qədər bu açıq tərəfi qolkiper, yəni
qapıçı qoruyur. Qapı, qapı xəttinin tam ortasında olmaqla, iki, maksimum 12 sm
qalınlıqda dördbucaq və ya dairəvi, 24 fut (7.32 metr) aralıqda, dirəklərdən
ibarət olub, üstdən yerlə məsafəsi 8 fut (2.44 metr) eyni qalınlıqda və yan
dirəklər formasında tirlə birləşdirilir. Bu 17.8 metr kvadrat sahəni qorumalı
olan qapıçının isə ölçüləri təbii ki ingilisləri maraqlandırmayıb. Bu ölçüləri
onlar məşqçilərin ixtiyarına buraxaraq onlara seçim imkanı veriblər. Təbii ki,
məşqçilər də digər futbolçuları seçərkən fikir verdikləri ölçülərə, futbolçunun
bacarıfını, peşəkarlığını və həmçinin baş (ağıl) ölçülərini də nəzərə alırlar.
Bundan başqa
oynanılan topun ölçüləri, qapıçı meydançasının, cərimə meydançasının və hətda
cərimə zərbələri zamanı canlı çəpərin cərimə zərbəsi vurulacaq nöqtədən hansı
məsafədə olamsı, penalti nöqtəsinin qapı xəttindən hansı məsafədə, hansı yerdə
olması da hamısı rəsmi ölçülər vasitəsi ilə tənzimlənir.
Futbolda müxtəlif ölkələr təmsil
olunduğundan onların futboldakı "ölçüləri” heç də bu ölkələrin ərazi ölçülərinə
görə deyil. Məsələn, Hollandiya, Danimarka, Rumıniya, Xorvatiya və sair
ölkələrin ərazi ölçüləri, Çin, Hindistan, Qazaxıstan, Türkmənistan və Azərbaycanın
ərazi ölçülərindən xeyli kiçik olsa da, futbolundakı "ölçülər” xeyli böyükdür. Bu
ölçü deyilən zat alisi elə bir şeydir ki, müxtəlif ölkələrdə futbolu idarə edən
və futbolla məşğul olan zat alilərinin futbol biliyinə də tətbiq olunmalıdır
ki, həmin ölkələrin futbol "ölçüləri” də böyüyə bilsin. Azərbaycan və bəzi ölkələrin futbolunda
başqa ölçülər də tətbiq olunur ki, bu barədə ingilislər məlumatsız olduğundan
heç bir ölçü vahidi də tətbiq etməyiblər. Əgər tətbiq etsəydilər bu yəqin ki,
mil və ya daha böyük ölçülərlə hesablanmalı idi.
Müxtəlif
yerlərdə tətbiq olunan müxtəlif ölçülü torbaların olduğu da məlumdur. Torba
yumşaq materialdan olub, hər tərəfdən bağlı, yalnız ağzı büzülən iplə
məhdudlaşan bir vasitədir. Bundan müxtəlif məqsədlər üçün istifadə olunduğundan
razmerləri, bağışlayın ölçüləri də müxtəlif olur. Futbolda tətbiq olunan belə
torbaların faktiki materialı olmasa da xəyali, möhkəm və zəif "materialdan”
hazırlanmış əsasən isə müxtəlif razmerləri, bir də bağışlayın ölçüləri olur. Bu
məşq zamanı istifadə olunan topları yığmaq üçün işlədilən torba olmasa da,
hətda məşq zamanı da tətbiq olunan bir vasitədir. Bu xəyali torbaları tikən "dərzilər”
heç vaxt tək olmur bu işi "dərzilik sexi”ndə birlikdə görürlər. Futboldakı "ölçüləri”
bizdən qat-qat böyük olan ölkələrin böyük ölçülü futbol biliklərinə malik olan
mütəxəssisləri də, bizim "dərzilik sexi”nin hazırladığı bu torbalara rahatca da
olmasa, güclə, xeyli köməkçilərlə birlikdə yerləşdirilə bilir. Ancaq haqq və
ədalət ölçüsü deyilən bir meyar da var ki, bir çox torbaları boşaldıb
büzüşdürərək daha başqa bir torbaya yığır və ağzının ipini də bərk bağlayır.
Razmer bir də
bağışlayın, ölçü məsələsi daha çox yerlərdə tətbiq olunur ki, bunu transfer
işinə də aid etmək olar. Məsələn, transfer məsələsi vaxtla açıldığı kimi vaxtla
da bağlanır ki, bu vaxt da ölçü ilə hesablanır. Transfer məsələsi parayla həll
olunduğundan burda da bir çox ölçü vahidləri öz sözünü deyir. Bir də qaldı
pəncərənin öz ölçülərinə, bu da müəyyən vahidlərlə ölçülür. Bizimkilər də
pəncərədən toz və milçək gələ bilər deyə torla məhdudlaşdırıblar. Amma deyilənə
görə transfer etmək istədikləri Dəhşət Superinyo və Super Dəhşətoviçlərin
razmerləri, bağışlayın bu dəfə pardon, ölçüləri o qədər böyükdür ki, transfer
pəncərəsini yox, transfer qapılarını da taybatay açsan, ordan keçib bura gələ
bilmirlər. İndi hamı fikirləşir ki, bu lənətə gəlmiş ölçüləri necə böyüdək ki,
qapı-pəncərə bağlanana qədər onları bu tərəfə keçirmək mümkün olsun. Bir də ki, tutalım
ki, keçdi, bəs onların baxışdan keçə bilmədiyi halda geri qaytarmaq kimi müşkül
bir məsələ də açıq qalıb ki, bu açıqlığın razmeri, pardon ölçüsü də hər hansı
vahidə sığmır.
|