V turun mərkəzi
oyunu "Böyük Oyun” idi. Böyük oyunda bir sıra statistik göstəricilər dəyişə biləcəkdi.
Belə ki, bu iki komanda arasında 22-ci oyun keçiriləcəkdi. Ümumi götürdükdə çox
az fərqlə "Neftçi” komandamızı üstələyirdi. "Xəzər Lənkəran” bu oyunlarda 5 qələbə
qazanmışdısa, "Neftçi”nin bu göstəricisi 6 idi. Bu komandaların arasında
keçirilən oyunlarda ən çox qeydə alınan nəticə heç-heçə sayılır ki, bunların da
sayı 10-a bərabərdir. Qaldı ki, top fərqinə, bu göstərici də 19-19 bərabərliyində
idi. Belə ki, V turda "Xəzər Lənkəran”ın qazanacağı qələbə, əvvəlki, qələbələr
sayını bərabərləşdirəcəkdi və aydın məsələdir ki, istənilən hesablı qələbə, top
fərqində komandamızı Böyük Oyunlarda statistik olaraq önə keçirəcəkdi.
Çox şadıq ki,
bu belə də oldu. Sevimli komandamızın "Neftçi” üzərindəki 1:0-lıq qələbəsi, bu
üstünlüyü ələ keçirməyimizə şərait yaratdı.
Belə ki, bugünə olan nəticəyə görə 22 oyundan sonra balans "Xəzər Lənkəran”ın
xeyrinə dəyişdi: 22-Oyun, 6-Qələbə, 6-Məğlubiyyət, 10-Heç-heçə, 20-vurulan top,
19- buraxılan top. Ümid edirik ki, növbəti Böyük Oyunlarda bu nisbət həm qələbələrin
sayında, həm də vurulan topların sayında böyük ölçüdə komandamızın xeyrinə dəyişəcək.
Böyük oyun
öncəsi, bir sıra yaddaqalan məqamlar da olmuşdu ki, bu da hər iki komandanın
baş məşqçilərinin iddialı açıqlamaları və söz atışması kimi mətbuatda
işıqlandırılmışdı. Belə ki, komandamızın baş məşqçisi Mirça Rednikin bu oyuna
xüsusi olaraq hazırlaşırıq. Çünki, azarkeşlərimiz "Neftçi” ilə oyunlara xüsusi
yer verir və yalnız qələbə istəyirlər deməsi deyəsən, rəqib baş məşqçi Böyükağa
Hacıyevi hövsələdən çıxarmışdı. Əvəzində o da buna bu cür reaksiya vermişdi: ”Mən çox istərdim öyrənim, Mirça Rednik
xüsusi hazırlıq deyəndə nəyi nəzərdə tutur? Futbolçular eninə, ya dal-dala
qaçır?”
Yox, Böyükağa
müəllim futbolçular nə eninə qaçır, nə də dal-dala. Onlar futbolda ən
arzuolunmaz məqamlardan biri kimi, öz qapılarına qol vuraraq avtoqol müəllifi
olurlar. Bunu sizə Mirça Rednik yox, öz futbolçunuz Ruslan Abışov başa saldı.
Bundan inciməyin belə hallar futbolda olan şeylərdir. Sizlərə bizdən başqa
komandalarla keçirilən oyunlarda uğurlar arzulayırıq.
"Xəzər Lənkəran”
bu mühüm qələbəsi ilə şəriksiz liderliyini də qorumuş oldu. Belə ki, komandamız
5 oyundan 13xal toplayaraq, ilk pillənin sahibi kimi mövqeyini qorumuş oldu. Bu
beş oyunda cəmi bir heç-heçə edən komandamız qalan görüşləri qələbə ilə başa
vurub və məğlubiyyət acısı yaşamayıb. İnşAllah növbəti çətin Quzanlı səfərindən
də qələbə ilə qayıdarıq və liderliyimizi yenə də davam etdirərik.
|