Azərbaycandakı futbolçular İlan ilinin gəldiyini eşidən kimi getdilər istirahətə. Bu tərəflərdə top qovan legionerlər onsuz da ailələrinin yanına uçmağa bəhanə gəzirdilər. Bayram öncəsi bu fasilə lap yerinə düşdü. Çox məsələdə Avropanı geridə qoyan məmləkətimizdə futbol aləmi yanvarın ilk həftələrində qış yuxusuna gedir. Ölkələrin çoxunda bu günlər çempionat oyunları keçirilir, kubok uğrunda baş yarılır. Bizim futbolçuların butsuları isə mismarda nəfəs dərməkdədi. Stadionlarımızda qurd ulayır. Yadınızdadı da, bizim TOPAZ premyerliqasında oyun zamanı iynə stadionda düşməyə yer axtarırdı. "Neftçi”nin 8-ci kilometrdəki oyunlarına bilet tapmaq üçün camaat 9-cu kilometrdə növbəyə düzülürdü. "İnter”lə "Bakı”nın matçlarında azarkeş ordusunu sakitləşdirmək üçün PFL süvari ordu sifariş verirdi. Hər iki klubun çoxminlik çılğın azarkeşlərini yerbəyer edənəcən atlar da tər tökürdü, onların üstündəki əsgərlər də. Lənkəranda, Gəncədə, Tovuzda stadionların ot örtüyü sənət əsəri kimi Azərbaycana gələn turistlərə göstərilirdi. Yaşıllıqda gəzişən bülbüllər gündə iki dəfə balalıyırdı. Çempionatda fasilə yarandığından gedib həmin sənət əsərlərinə baxa bilmirik. Hələ mən hakimlərimizi demirəm. Sizi bilmirəm, şəxsən mən milli referilərimiz üçün yaman darıxmışam. Onların idarə etdiyi hər oyun adama ləzzət verirdi. Fariz Yusifovun baş hakim olduğu bəzi oyunlarda minlərlə azarkeş stadionda "Allah bizim ömrümüzdən kəsib Fariz Yusifovun ömrünə calasın” sözləri yazılmış uzun bir baneri açırdı. Elçin Məmmədov hansı oyuna təyinat alırdısa həmin gün Efiyopiyadan gələn 135 gənc referi stadionda öz yerini tuturdu. Təcrübəli hakimin iş prinsiplərini hər yerdə öyrənirdilər. Elçin müəllim azarkeşlərə daim ilham verirdi. Yəqin yadınızdadı, hər oyun azarkeşlər şövqlə mahnı oxuyurdular: Cüneyt Çakır kökdü, Elçin yekdi İndi belə xoş görüntüləri izləmək üçün fevralın əvvəlini gözləməliyik. Neyləməli? Alman Berti Foqts demişkən, elnən gələn dərd toy-bayramdı. Qış yuxusundan ayılan kimi klublarımız Türkiyəyə tərəf üz tutacaq. Təlim-məşq toplanışları, yoxlama oyunları, transfer çalışmaları... Bizim də buralarda gözümüzün kökü saralacaq. Digər klublarımızı deyə bilmirəm, amma "Xəzər Lənkəran”ın nəhəng camiəsi gözləməyə öyrəncəlidi. Hər dəfə ya zəlzələdən, ya da vəlvələdən azarkeş ordusunun gözləntiləri həyata keçmir. Ötən fasilə dönəmində yollara boylanmaqdan camaatın boyu bir az da uzanmadımı? Fasilə ərəfəsində "Xəzər Lənkəran” İspaniyadan gətirilən Karles Martorell Bakesə tapşırıldı. Gənc məşqçi özünü məmləkətimizdə tam sübut etmək üçün səviyyəli transferlər həyata keçirməlidi. Klub yönəticiləri ispanın siftəsini korlamasalar uğura ümid etmək olar. Əks halda "Yaz gələr, yonca bitər” məsəli yenə dəbə minəcək. "Xəzər Lənkəran” gəmisinin üzü doğma istiqamətədi. Gəmidəkilər bir neçə gündən sonra təyyarəyə minib Türkiyəyə uçacaqlar. Səfərə hazırlaşan adamın qanını qaraltmaq yaxşı iş deyil. Ona görə də tənqiddən vaz keçirəm. Yalnız bircə istəyim var- klub rəhbərliyi yeni baş məşqçiyə öz komandasını yaratmağa imkan versin. Pis günün ömrü az olar. Yəqin ki, bizim futbolun qış fasiləsi də günlərin birində bitəcək. Doğma premyerliqamız qaldığı yerdən davam edəcək. Lənkərandakı tələbkar azarkeşlər də ispan Bakesi düz-əməlli "dişə” vurmaq imkanı qazanacaqlar. Milli çempionata qoşulandan "Xəzər Lənkəran”a çox baş məşqçisi gəlib-gedib, qaçağı da olub, qoçağı da. Karles Martorell Bakes gəncdi, çox gənc. Sözsüz ki, barselonalı təqaüdə Lənkəranda çıxmayacaq. Özündən əvvəlki baş məşqçilər kimi o da nə vaxtsa klubdakı işini buraxacaq. Bakesin klubun tarixində qaçaq yox, qoçaq kimi qalmasını istəyirəm. Dostumuz Elvarın köməyi ilə Bakesə səslənirəm. Mirça Rednik kimi lənkəranlıların qəlbində taxt qurmaq istəyirsənsə transfer məsələlərində diqqətli ol. Qoy sənə desinlər, ay qoçaq Bakes...
|