XV
tur ölkə çempionatında maraqla gözlənilirdi. Bizim üçün bu maraq daha da güclü
idi desək heç də yanılmarıq. Bir tərəfdən zirvə uğrunda yarış baxımından bu
turun əhəmiyyəti böyük idisə, digər tərəfdən komandamızın və ölkə futbolunun
keçən mövsüm "yaddaqalan” məqamlarından biri olan "Bakı” ilə oyunla bağlı idi.
Bu
tura qədər zirvə ilə cəmi bir xal fərqimiz var idi. Həm də bu turda zirvədə
qərarlaşan "Neftçi” komandasının "Qarabağ”la çətin oyunu var idi ki, burda da
liderin xal itirmə ehtimalı böyük idi. "Qarabağ” klubu bu matçı rəqibindən
üstün keçirsə də nə yazıq ki, məğlubiyyətlə üzləşdi. Rəqib komandaya nisbətən
daha istəkli görünən və bunu öz oyunu ilə də ortaya qoymağı bacaran, həmçinin
rəqib qapısı önündə kifayət qədər qol vəziyyətləri yaratmasına baxmayaraq
"Qarabağ” bunlardan heç birindən istifadə edə bilmədi. Amma müdafiəsinin səhvi
ucbatından qapısından bir top buraxmaqla məğlubiyyətə düçar oldu. Son zamanlar
müəyyən problemlərinin olması aydın sezilən "Qarabağ” hesabda olmasa da oyun
planında bu matçı üstün keçirməyi bacardı. Məğlubiyyət isə təbii ki, rəqibə üç
xal qazandırmış oldu.
Beləliklə,
bundan bir gün əvvəl komandamızın "Bakı” ilə səfər bərabərliyindən əldə etmiş
olduğu bir xal, zirvə rəqibimizin isə "Qarabağ” üzərindəki qələbəsi sayəsində
əldə etmiş olduğu üç xal birinci pillə ilə bir xallıq fərqimizi yenə böyüdərək
üç xala çatdırmış oldu. Hələ onu da deyək ki, "AZAL”ın da bu turdakı qələbəsi
sayəsində xallarını bizimlə bərabərləşdirməsi vəziyyəti bir az da mürəkkəbləşdirmiş
oldu. Lakin hələ qarşıda çox matçlar var və hər iki komanda ilə öz aralarındakı
oyunda qazanılan qələbə "Xəzər Lənkəran”ın zirvəyə yerləşməsinə bəs edər.
Keçən
mövsümün komandamız üçün yaxşı olmayan mənada, həm çempionluğun son anda əldən
verilməsi, həm də məlum "Fair Play kubok finalı” "Bakı” klubu ilə
münasibətlərin aydınlaşması baxımından bizim üçün çox əhəmiyyət daşıyırdı. Amma
bu mövsüm təsnifat mərhələsinin Lənkəranda keçirilən ilk oyununda olduğu kimi
yenə də şanslı "Bakı” məğlubiyyətdən yaxa qurtara bildi. Birinci hissəni üstün
keçirən "Xəzər Lənkəran” Stellian Stankunun gözəl ötürməsi ilə Uinston Parksın
eyni gözəlliklə vurduğu qol sayəsində önə keçməyi bacardı. Birinci hissə elə bu
hesabla da bitmiş oldu.
İkinci
hissədə təzyiqi nisbətən azaldan komandamız get gedə oyunda təşəbbüsü rəqibə
vermiş oldu. Görünür hesabda rəqibin geridə olduğunu düşünən komandamız,
onların istər istəməz hücuma atılacağını fikirləşərək bir neçə belə momentdə
əks hücum taktikasını həyata keçirmək niyyətində idi ki, bununla da növbəti
qolunu vurub oyunu qalib bitirmək istəyirdi. Amma həmişə istədiyin, düşündüyün
kimi olmur deyimi burda da öz işini gördü. Beləliklə, "Bakı” ilə olan
haqq-hesab yenə də uzanmış oldu. İndi biz "Xəzər Lənkəran” azarkeşləri kimi "Bakı”nın
"6-lığ”a düşməsini arzulamalıyıq ki, onlarla daha iki oyuna çıxa bilək və gözəl
qələbələr sayəsində keçən mövsümün haqq hesabını "çürütmüş” olaq. Yoxsa hesab
məhşərəmi qalacaq? Təbii ki, "6-lıq” oyunları qış transfer dönəmindən sonraya
təsadüf edəcək. Bu dönəmdə isə komandamızın uğurlu transferlər etməklə Avropa
səviyyəli oyun sərgiləməsini hava və su kimi gözləyirik.
Daha
iki məqama toxunmaq istərdik. Bu məqamlardan biri hakimin rəqibə simpatiyası
kimi dəyərləndirilə bilər. Digəri isə oyunu canlı nümayiş etdirən "Aztv”
telekanalının yenə tamaşaçılara və idmanımıza hörmətsizliyi kimi
qiymətləndirilə bilər. Belə ki, matçın son dəqiqələrinin həyəcanını, canlı reportajı
kəsib, "xəbərlər” proqramı verməklə azarkeşlərin bu həyəcandan məhrum edilməsi
məsələsi də ilk belə hal deyildi. İşini peşəkarcasına qura bilməyən telekanal
yenə qeyri-peşəkarlıqla yadda qaldı.
|