Yəqin ki, başlıq kimi istifadə olunan ifadə adında Azərbaycanın çəkdiyi
filmi hamı xatırlayır. Əsasən uşaqlar üçün nəzərdə tutulan bu macəralı və tərbiyəvi filmdəki hadisələri
də oxucu və ya seyirçi xatırlamamış olmaz. Cinlərin Qərib adlı oğlanı bəniadəm
kimi çağırması da təsadüfi deyil. Axı onlar başqa məxluqlardır, insan isə
başqa...
Futbolda da "cin kimi” olan Avropa çempionatlarında, doğurdan da
bizim çempionat qəribəliyi ilə seçilir və ya bizim futbol doğurdan da Avropada
qərib kimi görünür ki, meydana çıxan oyunçularımız da əl-ayaq əsdirərək qəribsəyirlər.
İndi filmdəki Qərib kimi bizimkilər də "cinlər diyarına” ova çıxıblar ki, bir
neçə bacarıqlı cinlə birlikdə ölkəyə qayıtsınlar. Ola bilər ki, filmin qəhrəmanı
var-dövlət və qızıl hərisi olan Qərib kimi böyük arzularla bu diyara üz
tutublar. Orada onları cin gözəlçələrinin başçısı "Zərri” (Anna Mariyanı şeytan
belə adlandırmışdılar) gözləyir. Buna baxmayaraq filmdəki Zərri kimi də o da
onların qara qaş-gözünə aşiq deyil ki...
Burda əkin sahələrinə buğda toxumu səpməklə taxıl yetişdirən Qərib,
cinlər padşahının diqqətini çəkməklə, öz cinlərini də onun vasitəsi ilə "çörəyə
çatdırmaq” fikrinə düşürsə də, sonra başçılarının qaşlı üzüyünü də bəniadəmə hədiyyə
verməklə ən böyük səhvini etmiş olur ki, iblis də nəhayət Qəribə tabe olmuş
olur. İblisin vasitəsi ilə sonda obasına dönən Qərib, kəndlərindəki əkin sahələrinin
yandığını görür. Odu söndürə bilməyən kəndlilərin köməyinə yenə Qərib çatır ki,
bunu da o, cinlər diyarının başçısının köməyi ilə edir. Bundan sonra da işlərin
normal axarla davam etməsinə filmdə işarə vurulur.
Bəli, hətta futbolumuzun ən yüksək səviyyələrində, hansı ki, beynəlxalq
təşkilatların gözündə yaxşı görünmək üçün hər yerdə, hətta saytlarında belə
irqçiliyi pisləyən "No Rasizm!” şüarı yerləşdirən futbol başbilənlərimiz, çox məsələlərdə
buraxdığı səhvləri burda da buraxmış olurlar. Məsələn futbolbaşı deyir ki, "qovun
bu qaraçıları buradan!”. Daha bunu deyəndə fikirləşə bilmir ki, bu birbaşa
irqçi çağırışdır. Saytında, stadionlarında "No Rasizm!” şüarını yerləşdirməyə
məcbur edən, "qovun bu qaraçıları buradan!” deyə bilirsə, deməli bu onun içindən
gəlmir. Sadəcə kimlərə isə yaxşı görünmək üçün bu şüarlardan istifadə edir. Özü
də bu, dünya futboluna saysız ulduzlar bəxş edən Rednikli Rumıniya futbolu üçün
deyilir. Hansı ki, sən heç ölkə futbolu üçün bir daş belə tərpətməmisən. Minbir
qaranlıq üsullarla tərpətdiyin isə, əsl futbol adamları olub ki, sənə mütilik
göstərməyiblər. Rednik, Petrjela, Demyanenko və sair kimi nə çox misallar.
Bizimkilər də belələrinin söz və fikirlərinə uyub strategiya dəyişməyə
qərar verirdilər. Nə yaxşı ki, azarkeş birliyi bunun qarşısını ala bildi. Sonradan da göründüyü kimi onlar, azarkeşin həqiqətən də komandanı sevdiyini anlamaq üzrədirlər. Xüsusən
məşhur "6 xal” məsələsindəki mövqelər çox şeylərə aydınlıq gətirdi. Gətirməsəydi,
yenidən klub başbilənlərimiz qaraçılar və ya cinlər diyarına yəqin ki, üz
tutmazdılar. Amma üz tutanda da "baş qaraçıdan” və ya "baş cindən” öyrəndikləri
formada hərəkət etməyə üstünlük verirlər. İnsan diyarında isə "Qərib Cinlər
diyarında” filmindəki kimi hər şeyin qaydasına düşməsi üçün, "Cinlər Şahı”nın
özünü, odu söndürmək üçün dəvət etmək lazımdır. Həyat, futboldakı həyatımız
yalnız onda öz normal məcrasına düşər. Bəsdir, Qəribin başı daşdan-daşa dəydi!