"Onu "Xəzər Lənkəran”a gətirəcəyik”
"Lazım olsa, qapıya da transfer edəcəyik”
"Xəzər Lənkəran”ın
rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi
- Komandanızın baş məşqçisi Yunis Hüseynovla birgə
Rumıniyaya səfərinizin məqsədi nədən ibarətdir?
- Qısamüddətli səfərdir, artıq qayıtmağa
hazırlaşırıq. İnşallah, sabah Azərbaycanda olacağıq. Rumıniya çempionatında bəzi
oyunlara baxdıq. Ancaq əsas məqsədimiz rumıniyalı sabiq futbolçumuz Manuel
Skarlatakenin məsələsi ilə bağlı idi. Buxarest "Dinamo”sunun şərəfini qoruyan
müdafiəçinin keçidi üçün danışıqlara gəlmişik. Yunis müəllim onu iş başında
görmək istəyirdi. Şənbə günü "Dinamo”nun "Mloveni” ilə ev oyunu vardı. Həmin
matçı stadiondan canlı izlədik. İnşallah, futbolçunun məsələsinə Buxarest təmsilçisinin
prezidenti ilə görüşümüzdə aydınlıq gətirəcəyik. Manuelin hələ "Dinamo” ilə 2
illik müqaviləsi var. Qarşılıqlı razılıq olsa, onu "Xəzər Lənkəran”a gətirəcəyik.
- Bu məsələyə vətənə dönüşünüzə kimi aydınlıq gələcəkmi?
- Bəli. "Dinamo”nun prezidenti ilə oyun qabağı
görüşümüz oldu. Söhbət eləsək də, görüş bu günə nəzərdə tutulub. Həmin vaxt
futbolçunun məsələsinə tam aydınlıq gələcək. Onun 2 illik müqaviləsinin olmağı
bir az çətinlik yaradır. İndi hər şey klubdan asılıdır. Skarlatakenin özü ilə də
görüşdüm. Yenidən bizim komandada çıxış etmək istəyir. Ancaq biz futbolçunun
müqaviləsi olduğu üçün, klubu ilə razılığa gəlməliyik.
- Yunis Hüseynovun Skarlatake ilə bağlı təəssüratı
necə oldu?
- Yunis müəllim bizdə olan köhnə oyunların
disklərinə baxdığından, təxmini məlumatı vardı. Ancaq istədi ki, onun oyununa
canlı baxsın. Təəssüratları pis olmadı. Futbolçunun özü gəlmək istəyir. Baş məşqçi
də onu komandada görməyi arzulayır. Yalnız klubla məsələni həll etmək qalır ki,
onu da danışacağıq.
- Manuel həmin oyunda necə təsir bağışladı?
- "Dinamo” həmin matçda 4:1 hesabı ilə qalib gəldi
ki, Manuel də yaxşı oynadı.
- Səfər vaxtı Rumıniya çempionatında çıxış edən digər
futbolçuları da izləmək imkanınız oldu. Hansısa futbolçular diqqətinizi cəlb
edib?
- Konkret oyunçular haqda bir şey deyə bilmərəm.
Ancaq biz Buxarestdə 1-2 matçı izlədik. Bu, "Rapid” – "Panduri”, "Styaua” –
"Çahlaul” oyunları idi. Biz bütün oyunçulara baxdıq. Ancaq maraqlandığımız
futbolçu yoxdur.
- Təbii ki, Avroliqaya hazırlıq dövründə yeni
futbolçular cəlb edəcəksiniz. Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
- Hücum, yarımmüdafiə və müdafiə xəttinə. Yəni,
hər xətdə oyunçu axtaracağıq.
- Qapıya da?
- Yəqin ki, bu mövqeyə sonda müraciət edəcəyik.
3 qapıçımız var. Bunlar Kamran Ağayevlə yanaşı, Kamal Bayramov və Orxan
Sadıqlıdır. Lazım olsa, qapıya da transfer edəcəyik. Ancaq məncə, bu, lazım
olmayacaq. Buna Yunis müəllim qərar verəcək.
- Komandadan gedən futbolçularla bağlı məsələyə
aydınlıq gətirmisinizmi?
- Biz axırıncı turda "Qarabağ”la oyundan dərhal
sonra, səhərə yaxın bura gəlmişik. Buna görə hələ heyətlə bağlı məsələləri
danışmamışıq. İnşallah, bununla bağlı toplantı olacaq. Orada məruzə olunacaq
ki, hansı futbolçular gedir, hansılar qalır. Bu, qarşıdakı günlərdə olmalıdır.
- Avroliqaya hazırlıq məqsədilə nə vaxt
yığışacaqsınız?
- Biz bu ayın axırında – 30-31-də bir araya gələcəyik.
Öncə Bakıda, və ya Lənkəranda yığışacağıq. İyunun 5-6-da Avstriyaya təlim-məşq
toplanışına yollanacağıq.
- Legionerləriniz birbaşa ora gələcək?
- Buna Yunis müəllim qərar verəcək. Ola bilər
ki, uzaqdan, Braziliyadan olan legionerlərimiz birbaşa Avstriyaya gəlsinlər.
Ancaq digər əcnəbi futbolçularımızın hamısı Azərbaycandan gedəcək.
- Avstriyada yoxlama oyunlarında rəqiblər müəyyənləşibmi?
- Hazırda bu haqda heç danışmamışıq da. Heyətlə
bağlı, təlim-məşq toplanışında oyunların günləri, rəqiblər kimlər olacaq –
bunların hamısı Bakıya döndükdən sonra müzakirə olunacaq. Bununla bağlı iclas
keçiriləcək, danışılacaq və bundan sonra bəli olacaq.
Mehman SÜLEYMANOV
|