Artıq ikinci təsnifat mərhələsindəyik. Birinci təsnifat mərhələsini
keçəcəyimiz təqdirdə bilirdik ki, növbəti
rəqibimiz elə "Lex” olacaq. İlk etapda illər boyu arzuladığımız mərhələ adlamaq
düşüncələrinə elə qapılmışdıq ki, sanki hər şey yaddan çıxmışdı. İkinci mərhələnin
startına bir həftə interval olduğundan bunun təxminən üç gününü sevinc hissləri
ilə yaşamış olduğumuzdan, bir də ayılıb gördük ki, "Lex”lə oyuna da cəmi üç gün
qalıb. Polşa təmsilçisi isə Estoniyanın "Nomme Kalyu”su deyil deyə, adamın bir
anda sanki nəfəsi qaraldı. Silkələnib özümüzü ələ almağa çalışdıq. Yadımıza ilk
mərhələni keçəcəyimiz təqdirdə, növbəti daha məsuliyyətli ikinci mərhələ üçün,
bir-iki, komandanın gücünə güc qatacaq transferlərin olunacağı sözü düşdü. Özümüzə
gəldiyimiz andan gözlərimizi dörd açaraq, qulaqlarımızı daha uzaqlara köklədik.
Amma sifariş ərizəsinin tərkibinin yenilənməsinə saatlar qala nə gözlərimizlə
bu transferləri gördük, nə də rəsmi olaraq hansısa adlar qulaqlarımızı cingildətdi.
Bu arada qulaqlarımızın tam sakit qaldığını da deyə bilmərik. Çünki, rəsmi
olmasa da, bir çox məşhur adlar qulaqlarımızı qeyri rəsmi də olsa cingildətmişdi.
Gözlərimiz isə yalnız "youtube”dakı kadrları izləməyə, bir də "vilkipedia”dakı məlumatları
oxumağa enerji sərf etmişdi. Kimisi, kiminsə məsələsinin ciddi ölçüdə həll
olunduğunu deyirdisə, başqa birisi elə həmin futbolçuyla qeyri-ciddi olaraq
maraqlandıqlarını deyirdi. Beləcə vaxt artıq bitmək üzrədir. Türk qardaşlarımız
demişkən geri sayım başladı artıq. Əslində buna bizsayağı, "geridə sayım” demək
daha düzgün və məntiqli alınır. Komanda ilə nəfəs alan insan kimi hələ də
düşünmək, bəlkə də özünü aldatmaq istəyirsən ki, ola bilməz, yəqin ki, söz verilən
futbolçular alınıb. Sadəcə biz azarkeşlərə xoş sürpriz olaraq bunu demirlər ki,
əvvəlcə bu futbolçuları gözlərimizlə görək, sonra da adlarını müzakirə edək. Azarkeşin
arzuları, xəyalları bəzən çox uzağa da gedə bilir. Təki bu düşüncəmiz klub tərəfindən
bizlərə, sabah meydanda xoş bir reallıq, xoş bir sürpriz olsun.
Əgər bu belə olmayacaqsa, əlbətdəki bunun da yəqin səbəbləri
var. Amma bu da o demək deyil ki, biz "Lex” qarşısına əlləri aşağı sallanmış vəziyyətdə
çıxmalıyıq, xeyr! "Xəzər Lənkəran”ın çox gözəl oyunlar nümayiş etdirmiş heyəti əsasən
qorunub saxlanılıb. Bu özü də az əhəmiyyətli deyil. Əgər rəıqib ciddi qəbul
olunarsa, əlbətdəki buna şübhəmiz yoxdur və ya çox güclü olduğundan qorxmaq
kimi axmaq düşüncələr yoxdursa, onda mübarizə aparmağa dəyər. O mübarizə ki, vaxtında
əsasən bu heyətlə xarüqələr yaradıb. Heyətimizin kasad olmasına da fikir vermək
lazım deyil. Yalnız və yalnız əldə olan heyətlə qorxmadan meydana döyüş üçün
atılmaq gərəkdir. Birə iki güc sərf edib meydanda fantastik bir komanda və
döyüşkən üzvlər olduğumuzu göstərməliyik. Nə olur-olsun, öldü var, döndü yoxdur
düşüncəsi sabahkı oyunumuzda dadımıza çata bilər. "Lex” güclüdür, bir neçə
futbolçusu son Avropa çempionatının həyəcanını ev sahibi olaraq böyük
meydanlarda yaşayıb və sair düşüncələri bu dəqiqə yaxına buraxmaq lazım deyil.
Biz daha güclüyük, azarkeşlərimiz önündə oynayırıq, sənətimizin adı futboldur və
futbolçu mənliyimiz var deyə düşünməliyik.
Buradan Yunis Hüseynova və köməkçilərinə, futbolçularımız
olan kapitan Rahid Əmirquliyevə, Kamran Ağayevə, Kamal Bayramova, Orxan
Sadıxlıya, Elnur Allahverdiyevə, Elnur Abdullayevə, Ruslan Abışova, Alim
Qurbanova, Kamran Abdullazadəyə, Akif Tağıyevə, Manuel Skarlatakeyə, Adrian
Pitsə, Eder Bonfimə, Sadio Tounkaraya, Rikardo Alvizə, Rikardo Qomeşə, Rendal
Brenesə, Radomir Todorova və Branimir Subaşiçə müraciət edərək demək istəyirik
ki, sabah ölüm dirim savaşına çıxın! Qorxmayın ən yaxın olan azarkeşləriniz
sizinlədir! Qoy "Lex” elə "Lex” olsun. Siz də Lənkəran Elinin Xilaskarları olun
(LEX)! Sizə inamımız böyükdür! Əgər siz bizləri və öz futbolçu mənliyinizi
düşünsəniz, onda "Lex” balaca, biz isə böyük "LEX” olduğumuzu sübut edə biləcəyik.
Dualarımız sizinlədir! Siz də bizim dualarımıza və öz inanclarınıza söykənin. Hələlik
bu qədər. Haydı, "LEX”lər Allah amanında!
|