"Xəzər Lənkəran” "Makkabi” Hayfa qarşısında öz meydanında diz çökdürüldü 0-8. Məgər rəqib meydanında iki cavabsız top buraxan komanda evdə daha yaxşı nəticəyə nail ola bilməzdi? Kimlər və nə bu diz çökdürməni təşkil etmişdi? Nə idi bu diz çökmənin səbəbi?
Artıq biz üç ildi ki, bunların anatomiyasını, etiologiyasını (yaranma səbəblərini), klinikasını (gedişsatını), patogenezini (nələrə gətirib çıxaracağını) söyləyirik. Söylədikcə də kimlərinsə yanında pis olur, hətta təhdidlərlə üzləşirik. Bəzən isə "öz azarkeşlərimiz”in bəziləri bizi nədə isə suçlayır, kiminsə adamı olmaqda, kimlərdənsə pul almaqda ittiham edirdilər. Belə şərəfsizlər indi də var bəlkə. Sakitlik yaradanda, deyir satılmısız, tənqid edəndə deyir klubla düşmənçilik edirsiz. Əllərindən heç nə gəlməyən bədxahlar, indi bu diz çökmənin acısınımı yaşayır, bəlkə də sevincini...
Üç il bundan qabaq Rednikə mane olan nakəslərlə mübarizə apardıq. Apardıq ki, bu gün bu diz çökmə olmasın. Bunu o zaman görürdük. Amma hərə bir yandan Rednikin güclü "Xəzər Lənkəran”ını zəiflətməyə çalışırdı. Özü də kişi kimi yox, ən axırıncı yollara əl atmaqdan belə çəkinmirdilər. Təəssüf ki, klub başbilənləri də AFFA-da işləyən bəzi, öz təbirləri ilə söyləsəm, qaraçıların fitnələrinə uydular. Onların klubun daxili işlərinə qarışmasına meydan verdilər. Onların komanda daxilindəki, əlaltılarını əzizlədilər, yuxarı başda yer verdilər. Bu gün də klubda belələri çalışır. Bunu özləri də bilirlər. Belələrini ona görə saxlayırlar ki, onların əqidəsizliyindən həm də özləri üçün istifadə etsinlər. Daha bilmirlər ki, əqidəsizlər həmişə ikibaşlı oyun oynayır. Hələ də belə davam edəcəksə, azarkeşlər və müqəddəs baxdıqları klubun başına çox oyunlar gələcək. Onlar bu işlərdən pul qazanıb istəklərinə nail olurlar. Bizimkilər isə istər klubun sahibi olsun, istərsə də azarkeşlər pullarını da xərcləyir, sağlamlıqlarını da təhlükə altına qoyurlar.
Bir çoxları kimi mənim də haqqım var bunları deməyə. Bir dəfə komanda haqqında İslam Cabbarlıyla uzun müzakirələr zamanı qəfil özümü pis hiss etdim və bu pis hissetmə mənə ya həyatımı ya da sağlamlığımı ömürlük itirmə bahasına başa gələcəkdi. Əsəblərin cövlan etdiyi bir vaxtda hipertonik krizlə xəstəxanaya yerləşdirildim. 6 saat ölüm dirim mübarizəsindən sonra həkimlər vəziyyəti stabilləşdirməyə nail oldular. Bir az qalıq qalsa da düz bir ay yataq rejimindən sonra yavaş-yavaş ayağa durdum və qalan qalıq da təxminən bir ay olar ki, tam aradan qalxdı. Klubdan pul alırsız deyən şərəfsizlərə onu demək istəyirəm ki, müalicə və ondan sonrakı işləyə bilmədiyim aylarda Allahın köməyi və bir də özümün hesabına ailəmi dolandırdım. Rahat ola bilərsiniz, dost qohumdan başqa heç kim gəlib qapımı açmadı, heç sizin düşündüyünüz kimi klub əməkdaşları da. Bunları deməkdə məqsədim odur ki, mən və məni kimi komandanı sevən insanlar bu işdən pul qazanmır, əksinə sağlamlığımızı təhlükəyə atırıq.
Rednikin komandada qalması üçün, əlbəttə bu komandanın xoş gələcəyi üçün idi, nələr etmədik. Bu zaman bizimlə çiyin-çiyinə olanların hamısına bir daha minnətdarlığımı bildirirəm. Biz nələr etmədik. Amma klub rəhbərliyi o zaman nakişilərin çaldığı ilə oynadı. Məşhur altı şikayətçi, öyrədilmiş alçaq futbolçuların istəyinə uyğun hərəkət etdi, alicənab və gözəl mütəxəssis olan Redniki günahkar bildi. O da kişi kimi tüpürüb çıxıb getdi.
Bu səhv atılan addımdan sonra komandanın başına nələr gəldi, hamı çox gözəl bilir. Sonra həmin futbolçulardan bir neçə dəfə də eyni şəkildə istifadə olundu. Həmin rəzillərə yaxşı şərait də yaratdılar. Rəzil xidmətlərinə görə. Sadə azarkeş isə inlədi, özünə qapandı və sevgisi onu yenə də komandasına dəstək olmağa çağırdı. Bu zaman axırıncı çörək pulunu da dərman pulunu da biletə verdi. Şərəfsizlər isə bu sevgidən para qazanmaqda davam edir.
Klub rəhbərliyində olanlar onlara bu pis işlərdə aldandıqlarını və onların pis əməllərinə şərik olaraq öz ayaqlarının altını qazdıqlarını kubokun finalında başa düşdülər bəlkə də. Bir də bizim fəxri prezidentə müraciətimizdən sonra müəyyən şeylər aydınlaşdı və o komandadakı işləri nəzarətinə götürdü. Bundan sonra yaranmış ümidləri bir də bədxahlar və onların komanda daxilindəki əlaltıları son "Makkabi” oyununda həyata keçirdilər. Artıq buna nail də oldular, komandanı diz də çökdürdülər, tarixinə qara hərflərlə yazılacaq 0-8 ev məğlubiyyətini də rəsmiləşdirdilər. Bəli, Rednikin dönəmindəki şərəfsizlik bir də baş verdi. İndi bundan sonra klubun atacağı addımlar o dönəmdəki kimi təkrar olunacaqsa, daha bu komandadan heç nə gözləməyə dəyməz. Onda şəxsən mən və bu fikirdə olan təmiz ürəkli azarkeşlər birdəfəlik bu komandaya arxa çevirib getməkdən başqa yolumuz qalmayacaq. Bu son şansdır. Yox əgər başı daşdan –daşa dəymiş və hətta çoxlarının gözlərində cılızlaşdırılmış rəhbərlik eyni səhvləri təkrar etməyib itirilmiş nüfuzunu qaytarmaq istəyirsə, onda baş məşqçini müdafiə etməli, onun əleyhinə kimlərinsə köləsi olaraq işləyən futbolçuları və kimliyindən asılı olmayaraq hər kəsi, iti qovan kimi qovmalıdır.
Toşakın bu məğlubiyyətdə heç bir səhvini görmürəm. Amma, o, özü bütün səhvlərin onda olduğunu və hər şeyə cavabdeh olduğunu bildirir. Bu onun böyüklüyündən irəli gəlir. Amma Toşak bununla bildirmək istəyir ki, həmin satqınları görə-görə niyə vaxtında onlara qarşı ciddi tədbirlər görməyib. Onun yeganə səhvi budur. İndi biz hamımız, azarkeşlər və o cümlədən klub sahibləri həqiqəti dərk ediriksə, onda Toşakın müdafiəsinə qalxmalıyıq, komandaya uzanan çirkin əlləri kəsməliyik. Bu, eyni zamanda "Xəzər Lənkəran”ı bəlalardan qurtarmağın yeganə yoludur. Toşaka yeni komandasını qurmaqda azarkeşləri və klub sahibini yardımçı olmağa çağırıram. Əks halda, daha əvvəlki üsullarla idarə olunan "Xəzər Lənkəran” bizim üçün yoxdur.
Mirhafiz Babayev 26. 07. 2013
|