Dünyanın müxtəlif
idman saytlarını izlədikdə müxtəlif xəbərlərlə tanış olmaq mümkündür. Bu xəbərlər
içərisində Azərbaycan futbolu ilə əlaqədar başlıqlara rast gəldikdə, istər –istəməz
fəxr edirsən ki, futbolumuzla bağlı məsələlər dünyanın idman portallarını bəzəyib.
Ancaq bu fəxarət hissi xəbəri oxuyana qədər insana qürrə verir. Di gəl ki, xəbəri
oxuduqda fəxarət hissi hansı hisslərlə əvəz olunur, siz də görün.
Azərbaycan futbolu ilkə
imza atır
-Son
zamanlar ölkə futbolunda meydanlarda futbolçulara göstərilən vərəqələrin
statistikasını aparan qitənin ali futbol qurumu olan UEFA maraqlı bir halın
şahidi olmuşdur. Belə ki, Premyer Liqasında oniki klubun yarışmasına
baxmayaraq, ən çox vərəqə alan ağ-yaşıl geyimli bir klub diqqət çəkib. UEFA
araşdırmalara qərar verib. Əgər araşdırmaların nəticəsində həqiqətən bu klubun
futbolçularının çox kobud olaraq vərəqələrə layiqliyi təsdiq olunarsa, onda
Avropa futbolunda daha bir yeniliyin şahidi olacağıq. Belə ki, futbolda sarı və
qırmızı vərəqələrin tətbiq olunduğu hamıya məlumdur. Lakin bu iki rəngli bəsit cəza vərəqələri
Azərbaycan hakimləri üçün çətinlik törətdiyindən, UEFA onların işini yüngülləşdirməyi
planlaşdırır. Bu məqsədlə UEFA bugünə qədər futbolda rast gəlinməyən iki rəngli
cəza vərəqələri tətbiq etmək fikrindədir. Əlbəttə bu ikirəngli vərəqələrin bir
hissəsinin ağ, digər hissəsinin isə yaşıl olması planlaşdırılıb. Bununla da ölkədə
fəaliyyət göstərən hakimlərin işi xeyli asan olacaq və qurumun tələblərinə
uyğun olaraq, oyunlarda vaxtın çox getməməsinə şərait yaradacaq. Bu üsulun
effektiv olacağı təqdirdə UEFA, Avropanın digər ölkələrində də bunun tətbiq
olunmasını planlaşdırıb. Digər yandan bu fikir FİFA rəhbərliyinin də çox diqqətini
çəkib. Onlar da bunun necə nəticə verəcəyini gözləyirlər. Belədə bu üsul Azərbaycandan
başlamaqla, bu ölkənin ilkə imza atmasına və bütün dünyada tətbiq olunmasına gətirib
çıxaracaq. Digər ölkələrdə və hətta millilərin oyunlarında hansı rənglərin tətbiq
olunması üzərində baş sındırılır.
Azərbaycanda tətbiq olunacaq yeni formalar aparıcı
idman şirkətlərini çətin vəziyyətdə qoyub
-Stadionlarda
asayişi qorumaq üçün müxtəlif vasitələrdən və qüvvələrdən istifadə olunduğu
bütün idman ictimaiyyətinə məlumdur. Belə
ki, bunun üçün klubların mühafizə
sisteminin işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşun hissələri
və sair qüvvələr iştirak edir. Bütün bu qüvvələr azarkeşlərin qorunması üçün nəzərdə
tutulur. Çünki, stadionlarda əsasən azarkeşlər yer alır. İdmançıların isə
sayları məhdud olduğundan, elə də böyük qoruma qüvvələrinə ehtiyac duyulmur.
Lakin Azərbaycanda bəzi klubların azarkeşləri vəhşi olduğundan yeni qüvvələrin
yaradılmasına ehtiyac duyulub. Bunun üçün əvvəllər digər qüvvələrdən istifadə
olunsa da, indi bunun ayrıca qurum kimi yaradılması nəzərdə tutulub. Bu o qədər
də çətin məsələ deyil. Lakin bu məsələdə çətinlik törədən elementlər də var.
Belə ki, yeni yaradılacaq mühafizə sistemi vahid formada olmalıdır. Bu vahid
formanın versiyası da ölkə futbolu başbilənləri tərəfindən aparıcı idman
malları hazırlayan şirkətlərə sifariş olunub. Belə ki, bu formanın geyim dəstlərinin
ağ-qara rəngdə olması nəzərdə tutulsa da, bu formanı geyəcək əməkdaşların əlindəki
"dubinka”nın rəngi isə ağ-yaşıl olmalıdır. İlk baxışdan belə dəstlərin
istehsalı nə "Adidas”, nə "Puma”, nə "Umbro”, və nə də digər aparıcı idman
geyimləri istehsal edən firmalar üçün heç də çətin deyil. Bu məşhur firmaların
bu işdə qazancı olsa da, tərəddüdlərinin başqa səbəbi var. Onların fikrincə daim
idmançılar və sağlamlıq baxımından fəaliyyət göstərdiklərinə və istehsal etdikləri
malların yalnız idmanın inkişafı üçün nəzərdə tutulduğundan, azarkeşləri döymək
üçün nəzərdə tutulan belə qurumun formalarını hazırlamaqda tərəddüd edirlər. Bu
tərəddüd qəti olacağı təqdirdə, onda dünyanın bir çox "Geydirmə Mal” istehsal
edən firmalarının biri ilə müqavilə bağlanacaq. Çünki ölkə futbol qurumu bu qərarında
israrlıdır.
Azərbaycanda idman
alışqanları
-Bildiyiniz
kimi dünyada kibritin yeni nəsli sayılan müxtəlif növ alışqanlar istehsal
olunur. Bu alışqanlar müxtəlif ölçü və formalara malik olduqları kimi qiymət cəhətdən
də müxtəlif olur. Bir neçə sentdən başlayaraq min, hətta onminlərdən də yuxarı
qiymətə olan alışqanlar mövcuddur. Haqqında xəbər verəcəyimiz yeni nəsil
alışqanlar isə orta-yuxarı qiymətlərə hesablanaraq, yalnız idman sahəsində tətbiq
olunacaq və adı "Yad Əşya” olacaq.
Belə ki,
Avropa dövləti olan Azərbaycanda futbol azarkeşlərinin bir qismi tərbiyəsiz və
vəhşi olduğundan yeri gəldi-gəlmədi meydana yad əşya atırlar. Bunun üçün də əsasən
alışqanlardan istifadə olunur. Ölkə futbolunda da belə yad əşyaların meydana
atılmasına görə futbol klubları iki min manat cərimələnirlər. Bu cərimə
prosedurunun həyata keçirilməsi isə külli miqdarda vaxt tələb edir. Bunun üçün hakimlərin
oyunun protokoluna qeydlər aparması, müxtəlif komitələrin yığışaraq iclas
keçirməsi və qərarlar çıxarması və sair çətinlikləri gözə alan ölkə futbolunun
başbilənləri alışqan istehsal edən firmalara yeni sifarişlər vermişlər. "Soğan
olsun, nəğd olsun” fikrini üstün tutan komitə üzvlərinin yeni alışqan sifarişi
bu formadadır: Alışqanın üzərində "Yad Əşya” sözləri böyük hərflərlə yazılmalı
və içərisində nəğd olan iki min manat yerləşdirilməlidir. Bununlada cərimələr
üçün xüsusi iclasların keçirilməsinə daha ehtiyac duyulmayacaq. Meydana atılmış
həmin bu yeni nəsil alışqanlar hakimlər tərəfindən müsadirə olunacaq və komitə
üzvləri də alışqanı sındıraraq, içindəki nəğd olan iki min manatı götürəcəklər.
Onu da qeyd edək ki, bu alışqanların bir neçə ilkin versiyası hazırlanıb. Lakin
uğursuz olan bu versiyaların bəziləri meydana atılarkən, bəziləri isə komitə
üzvləri tərəfindən sındırılarkən alışıb, yanmağa başlayıb. Bu üzdən ziyana
düşmüş və təhlükə ilə üzləşmiş komitə üzvləri daha mükəmməl versiyaların
hazırlanması üçün firmalarla birgə fəaliyyətə başlamışlar. Meydana "Yad Əşya”
atmaq istəyən azarkeşlərə xatırladırıq ki, belə alışqanların qiyməti iki min
manat əlli qəpikdən başlayaraq, iki min manat doxsan qəpik aralığındadır.
Nə isə hələlik
dünya mətbuatında ölkə futbolumuzla bağlı xəbərlərimiz bu qədər. Amma bu barədə
istənilən qədər xəbərlər dünyanın idman mətbuatında yer alır. Narahat olmayın, belə
xəbərlərlə sizləri yenə də tanış edəcəyik.
|