
Avropa səhnəsində ölkəmizi təmsil edəcək digər
klublarımız kimi "Xəzər Lənkəran”ın da rəqibinin kimliyinə aydınlıq gəldi.
Moldova "Olimpiya”sıyla üz-üzə gələcək
"ağ-yaşıllar”ın qismətinə düşən komandadan şikayət etməyə haqqı yoxdu.
Axı avrokuboklarda bugünə qədər debüt etməyən moldovalılar maddi dayaqlarına və
heyətinə görə cənub təmsilçisindən doğurdan da geri qalır. Ağasəlim
Mircavadovun komandasının üzərinə düşən minimum vəzifəni necə yerinə yetirəcəyini
zaman göstərəcək. Biz isə püşkatmadan dərhal sonra Beltsı şəhərindən olan
"ağ-qırmızılar”ın baş məşqçisi Nikolay Bunyanı arayıb söhbətləşməyi lazım
bildik. 46 yaşlı çalışdırıcının bizə soylədikləriylə siz də tanış olun.
-Püşk "Xəzər Lənkəran”ı sizə rəqib etdi. Bu
xəbəri necə qarşıladız?
-Bilirsiz, əslində püşkün nəticəsini çox
müzakirə etmək yersizdi. Rəqibə hörmətlə yanaşmaq isə borcumuzdu. Bilirik ki,
"Xəzər Lənkəran” Azərbaycanın iddialı klublarındandı. Əlbəttə, başqa
komandalarla da düşə bilərdik. Lakin bunun elə də böyük önəmi yoxdu. İstənilən
halda, yaxşı hazırlaşmalıyıq.
-"Olimpiya” avrokuboklarda ilk dəfə çıxış edəcək...
-Əlbəttə, komanda kimi beynəlxalq təcrübəmizlə
öyünə bilmərik. Bununla belə, uğurlu mövsüm keçirmişik. Heyətimiz böyük dəyişikliyə
uğramayıb. Yetirmələrim ciddi sınaq qarşısında olduğunu dərk edir və debütdəcə
uğur qazanmaq istəyir. İndidən nəticənin necə olacağını və növbəti mərhələyə tərəflərdən
hansının adlayacağını söyləmək qeyri ciddi səslənər. Futbolun nəticəsi meydanda
gedən mübarizədən sonra müəyyənləşir. Avrokubok oyunları isə iki matçdan ibarət
olur.
-"Xəzər Lənkəran”ın indiyə qədər qitəmiqyaslı
turnirlərdə mərhələ adlamaması faktı sizi çox sevindirir?
-Statistika çox şey deyə bilər. Desəm ki, bu
məqama diqqət yetirmirik, inandırıcı olmaz. Əlbəttə, hardasa xeyrimizə olan
faktdı. Amma arxayınlaşmağa da haqqımız yoxdu. "Xəzər Lənkəran” olduqca ciddi rəqibdi.
-O zaman növbəti mərhələyə adlamaq
şanslarını faizlə necə dəyərləndirərsiz?
-50-nin 50-yə. Çalışacağıq ki, uğurlu
oyunlar keçirib azarkeşlərimizi sevindirək. Yəqin sizinkilər də eyni şey haqda
düşünür.
-Komandanızın illik büdcəsi nə qədərdi?
- Bu suala cavab verməyəcəyəm. Düzdü, baş məşqçiyəm
və illik büdcədən xəbərim var. Ancaq belə şeyləri klub prezidentindən soruşsaz,
daha yaxşı olar. Axı baş məşqçinin işi maliyyə hesabatı aparmaq və bu haqda
informasiya vermək deyil.
-Heyətdə milli üzvləri də var...
-Bəli, iki nəfər. Avstriyada milli komandalarımız
üz-üzə gələndə heç-heçə qeydə alındı. Həmin fakt Moldova və Azərbaycan
futbolunun hazırki durumda hardasa bərabər səviyyədə olduğunu bir daha göstərdi.
Düzdür, xatırlatmam köklü yanaşma deyil. Amma ümumi mənzərə məlumdu.
-Rəqibiniz haqda informasiya əldə etmək
planında bəxtiniz gətirib. Premyer-liqamızda bir neçə moldovalı futbolçu top
qovur. Onlarla yəqin ki, söhbətiniz olacaq.
-Yığmamızın hücumçusu Denis Kalinkov son
mövsümü məhz "Xəzər Lənkəran”da keçirib. Söylədiyiniz kimi, başqaları da var.
Şübhəsiz ki, sizinkilər də "Olimpiya”yla bağlı daha çox bilgi toplamağa
çalışacaq. Bu, normal haldır. İnformasiya əldə etmək görüşlərə hazırlaşmağın
bir hissəsidir.
-"Olimpiya”nın ev oyunlarını keçirdiyi
stadion 5 min tamaşaçı tutumuna malikdir. Bəs ev oyunlarında orta hesabla nə qədər
tamaşaçı gəlir?
-Azarkeş sarıdan Moldovada korluq çəkməyən
klublardan biriyik. Demək olar ki, azarkeşlərimiz ev oyunlarında tribunaları
doldurur. Olar, mən sizdən bir söz soruşum?
-Buyurun.
-Lənkəran şəhərində hava limanı var?
-Bəli.
-Bu çox gözəl oldu. Deməli, paytaxtdan
birbaşa həmin bölgəyə uça biləcəyik. Bildiyimizə görə, "Xəzər Lənkəran”ın da tərəfdarları
seçilir. Doğurdan belədir?
-Bəli, "Xəzər Lənkəran” Azərbaycanın ən çox
tərəfdar dəstəyinə sahib klubudur. Bu sizi qorxutmur?
-Qətiyyən. Əksinə, güclü tərəfdar dəstəyi
altında keçirilən oyunlarda əsl futbol atmosferi yaranır. Çempionatlarımız
arasında da ciddi fərq olduğunu düşünmürəm. Bir onu bilirəm ki, Azərbaycanda
klubların maliyyə imkanı ümumilikdə daha yüksəkdir. Kim güclüdürsə, o da növbəti
mərhələyə adlayan tərəf olacaq.
Mənbə: "Futbol+” qəzeti.
|