Müsəlman
aləminin ən müqəddəs bayramlarından biri olan Ramazan bayramı bu il də öz
gözəlliyi və bərəkəti ilə xalqımıza öz sirrlərini ərməğan etdi. Uzun və isti
yay günlərinə təsadüf edən bu gözəl günlər, çox-çox insanların ruhlarını
saflaşdıraraq, Allah qarşısında borclarını verməyə, günahlarından azad olmağa
kömək etdi. Bu uzun və isti yay günlərində günün böyük hissəsini ac, susuz və
orucluğun tələb etdiyi bir çox məhrumiyyətləri insana yaşatdıqca, çətin günlərin
və çətinlikdə yaşayanların hisslərini hamıya duyurdu. Uzaqda, zindanda və başqa
məhrumiyyətlərlə həyat sürənlərin hisslərini yaşatdı. Bundan tərbiyəvi
əhəmiyyət dərk edərək, insanları başa sala bildi ki, pis əməllərdən çəkinsinlər
ki, hansı məhrumiyyətlərin onları gözlədiyini anlasınlar. Daha neçə-neçə
sirlərini açdı bəşər övladına. Sonda isə nemətləri düzdü onların qarşısına.
Bütün
Azərbaycan xalqını və bütün müsəlman dünyasını bu müqəddəs bayram münasibəti
ilə təbrik edir, onlara can sağlığı, uzun ömür və firavan yaşayış arzu edirik. Allah
bu müqəddəs bayramınızı mübarək eləsin!
Allah
Mirzə Ələkbər Sabirin də ruhunu şad eləsin. Bu müqəddəs ayın hikmətlərini başa
düşməyənlər haqqında yazdığı, "Mahi-Rəmazandır, yenə Meydan Da Bizimdir”
şeirini təqdim edərək, onları da ibrət götürməyə çağırırıq.
Mahi-Rəmazandır,
yenə Meydan Da Bizimdir
Mahi-rəmazandır, yenə meydan da
bizimdir!
Meydan da bizim, ərsədə cövlan da
bizimdir!
Sərsüfrədə ərbabi-niəm məhzərimizdə,
Ezaz ilə, ikram ilə dövrü bərimizdə,
Min neməti-əlvan düzülüb qənşərimizdə,
Sövdayi-plov, şuri-çığırtma sərimizdə,
Firni
və tərək, dolma, fisincan da bizimdir!
Boşqabda
müsəmmavü badımcan da bizimdir!
Sail, qapıdan baxma bizə, pis göz
atarsan!
Çox qanqıma, durram, elə vurram ki,
batarsan!
Ruzi sənə hər yerdə müqəddərsə çatarsan!
Bir şey əlinə keçməsə, sən ac da yatarsan!
Biz
nazü niəm əhliyik, ehsan da bizimdir!
Ehsan
da bizimdir, şərəfü şan da bizimdir!
Səbr eylə hələ, yağlı qarınlar dolar
isə,
Dövridə plov qalmağa imkan olar isə,
Gər sür-sümüyündən bu təamın qalar isə,
Bir şey yetişər həm sənə qismət olar isə;
Şimdi
hələlik süfrə də, qazğan da bizimdir!
Şərbət
də bizim, kasə də, fincan da bizimdir!
Sən hər qapıda min kərə yahu da
deyərsən,
Bir köhnə libas olmasa, cecim də
geyərsən,
Bir paslı çörək düşsə yavansız da yeyərsən,
Gər düşməsə, ac qalmağı da məşq
eləyərsən;
Biz
möhtərəmik, neməti-əlvan da bizimdir!
Qaymaq
da bizim, qəhvə də, qəlyan da bizimdir!
Asudə burax bizləri öz halımız ilə,
Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,
Ruzi deşiyi açmışıq iğfalımız ilə,
Zidd isə də əqvalımız əmalımız ilə,
Əlyövm
yenə sərvətü saman da bizimdir!
Tacir
də bizim, bəy də bizim, xan da bizimdir!
Əyan da bizimdir!
Fərman da bizimdir!
Çünki rəmazandır,
Meydan da bizimdir!
|