
Honduras KİV-lərinda "Xəzər
Lənkəran”la bağlı məlumatlar verilib. Bu ölkənin milli komandasının üzvü bu ay
Cənubi Afrika Respublikasında start götürəcək dünya çempionatına gedəcək heyətə
daxil edilən, Valter Julian Martinez, Azərbaycandan təklif alıb. Honduras mətbuatının
sözlərinə inansaq, konkret olaraq, "Xəzər Lənkəran” Martinezə təklif göndərib
və futbolçu özü də Lənkəran klubundan gələn təklifi müsbət qarşılayıb.
Deyilənə görə hətta tərəflər prinsipial
razılaşma da əldə ediblər və Mundial başa çatan kimi Martinez CAR-dan birbaşa Azərbaycana
gəlib, "Xəzər Lənkəran”la rəsmi müqaviləyə imza atacaq.
Martinez haqqında onu deyək ki, 27 yaşlı
futbolçunun ampluası hücumçudur. Onu Honduras millisi üçün də aparıcı
futbolçulardan saymaq olar. O, öz ölkəsinin milli komandasının heyətində 39
oyun keçirib və 9 qola imza atıb. Son klubu isə vətəninin təmsilçisi "Marafon”
olub. Bu klubla müqaviləsi qurtaran Valter, karyerasını ölkə xaricində davam
etdirmək niyyətindədir.
Martinez, həmçinin 2007-ci ildə Çinin "Beydjinq
Quoan” klubunun da şərəfini qoruyub. 2008/2009 mövsümündə isə İspaniyada çıxış
edib və "Alaves”in formasını geyinib.
Bu keçid baş tutarsa, həmyerlisi Allan Lalin
ilə birlikdə o da "Xəzər Lənkəran”ın şərəfini qoruyacaq və Mundialsonrası
klubumuzla müqavilə bağlayan ilk futbolçu olacaq.
|