2010-2011ci
ilin futbol mövsümü sona yaxınlaşır. Mövsümün
lap başlanğıcından azarkeşlərdə həmçinin futbol ictimaiyyətində müəyyən
narahatlıqlar var idi. Bu narahatçılıqları həm təbii olaraq mövsümə hazırlaşan
hər kəsdə, klublarda, futbol qurumlarında, Azərbaycan futbolunu uzun illər
çiyinlərində daşımış insanlarda, demək mümkünsə, komandalarına bağlılığı, sözlə
ifadə edilməsi mümkün olmayan azarkeşlərdə və futbolla maraqlanan bütün
insanlarda sezmək mümkün idi. Çempionatın formatının bu il, keçən mövsümdəkindən
daha fərqli keçirilməsi və bunun özünü necə doğruldacağı yuxarıda göstərilən hər
kəsi narahat edirdi. Kimi buna qarşı çıxaraq daha fərqli format təklif edir,
kimi isə bunun bugünki Azərbaycan reallığı üçün daha yaxşı model olduğunu
isbatlamağa çalışırdı.
Bəli,
bu mövsümün sonuna artıq üç tur qalıb. Bu formatda keçirilən çempionatın müsbət
və mənfi cəhətlərini söyləmək üçün kifayət qədər aydınlaşmaların şahidi
olmuşuq. Amma onu deyə bilərik ki, şəffaf və ədalətli keçirilən hər hansı bir
natamam format, eybəcərliklərlə həyata keçirilən ən mükəmməl formatdan qat-qat
üstündür.
Yuxarıda
narahatlıqlarla bağlı fikirlərə bu da aid idi. Həmçinin o da aid idi ki, kim
sonda qalib olacaq, kim necə çıxış edəcək, kim mükafatçılar sırasına düşəcək,
Premyer Liqa adlandırdığımız elitanı hansı klublar tərk edəcək. Artıq bunların
bir çoxuna aydınliq gəlib. Çempionatda və kubok oyunlarında kim uğurla çıxış
edib və edirsə, kim Avropa miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edə
biləcəksə, elə indidən onlara uğurlar arzulayırıq. Kim elitanı tərk edir, kimi
də mövsümü uğursuz keçirirsə onlara da növbəti mövsümdə Azərbaycan futbolu
naminə güclənməyi arzu edirik.
Bəli, mövsüm
sona yaxınlaşsa da narahatlıqların hələ ki, sonu görünmür. Bu vəziyyət növbəti
mövsümdə də davam edəcəksə, sanki indidən insanın damarlarındakı qan hərəkətdən
dayanıb donmaq istəyir. Bu mövsüm nə qədər eybəcərliklərlə və bütün bunların əsasən
hakimliklə həyata keçirilməsinin şahidi olduq. Kimlər hansı nəticələri göstərə
biləcəkləri ilə bağlı normal narahatçılıqlar keçirdi, kimlər də mövsümün lap əvvəldən
planlarını cızdı və bu planlarının necə həyata keçirə bilib, bilməyəcəkləri ilə
bağlı narahatlıq keçirdi. Budur, mövsüm sona çatmamış onların narahatçılığı
artıq bitmiş oldu. Azərbaycanın futbol hakimliyi bu mövsüm hər kəs qarşısında
özünü qurban verdi. Bunu daxildə də gördülər, bunu bütün dünya və Avropa da
gördü. Nə idi bizim futbolun suçu ki, bütün dünyada onu rəzil etdiniz?
Yəqin belə gedərsə,
kubok oyunlarında və gələn mövsümdə də bu müəyyən formada davam edəcək. Amma
çempionatda müəyyən planlar həyata keçirildiyindən və artıq aydınlaşmalar
olduğundan çox güman ki, daha nələrəsə ehtiyac duyulmayacaq. Bu halda biz sizə
bir müjdə verə bilərik. Yerdə qalan son üç turun normal hakimliklə idarə
olunacağını gözləməyə dəyər. Həmçinin bu üç turda Azərbaycan futbol
hakimliyinin heç də çox geridə olmadığının şahidi ola bilərik. Bununla da əvvəlki
turlardakı mübahisə doğuran "bu səhvdir yoxsa qərəz?” sualına da aydınlıq gəlmiş
olacaq, yəqin ki. Hakim ədalətsizliyi səbəbindən futboldan və stadionlardan
küsmüş azarkeşləri isə yenidən stadionlara dəvət edirik. Əlbətdə, "Xəzər Lənkəran”
azarkeşləri olaraq haqsızlıq oldu ya olmadı biz həmişə komandamızın yanındayıq!
|