Salam, çox hörmətli Mübariz bəy! Biz
sizi 2004-cü ildən sonra daha geniş tanımağa başladıq. O 2004-cü il ki,
Azəırbaycan futbolunda sıçrayış baş verdi. Bu sıçrayışda bir futbolsevərlər
kimi həmişə futbolu olmuş, lakin sovet dönəminin süqutundan, 2004-cü ilə qədər tənəzzülə
uğramış Lənkəran futbolunun azarkeşləri kimi biz də sizin sayənizdə təsis
olunan "Xəzər Lənkəran” adında, doğma yurdumuzun yeni təmsilçisini görərkən
sanki göylərə uçduq. Bu sevinci bizlərə bəxş edən bir insana inanın ki, bütün
futbolsevərlər nə qədər dualar etdi. Futbol idmanın şahıdır deyirlər. Bu
idmanın şah növünü bizlərə qaytaran bir insanın kim olduğu ilə daha dərindən
maraqlanmağa başladıq. Öyrənəndə ki, bizim canımızın bir parçası olan "Xəzər
Lənkəran” klubunun sponsoru "Palmali” şirkətlər qrupudur ki, bu şirkət dünya
gəmiçilik sistemində böyük nüfuza malikdir və sizin sayənizdə çox peşəkarlıqla
idarə olunur ki, bunun da böyük maliyyə potensialı var, təsəvvür edin ki, biz
Lənkəran futbolunun azarkeşləri artıq özümüzü Avropa futbol məkanında görməyə
başladıq. Bu sevincli anları sözlə ifadə etməyə çətinlik çəkirik.
Doğurdan
da "Xəzər Lənkəran” elə ilk ilindəcə düşüncələrimizin necə doğru olduğunu
ortaya qoymağa başladı. Külli miqdarda vəsaitlər xərcləyib, yeni, Avropa
tələblərinə uyğun komanda yaratdığınızı, bir futbol klubuna lazım olan bütün
infrastruktur formalaşdırdığınızı görüncə, yerə-göyə sığmırdıq. Bəri başdan
futbol adına gördüyünüz bütün işlərə görə təşəkkür etməyi də özümüzə borc
bilirik.
İllər
keçdi, komandamız ölkə çempionluğunu qazandı, bir neçə dəfə ölkə kubokunu da
başı üzərinə qaldırdı. Hətda beynəlxalq yarış olan "Birlik Kuboku”nu da ilk
cəhddəcə başı üzərinə qaldıra bildi. Bununla biz azarkeşləri də göylərə
qaldırdı. Artıq sizin də dediyiniz kimi "Xəzər Lənkəran” tək bu uğurları
düşünməyib, Avropada sözünü deməyi qarşısına məqsəd qoymuşdu. Lakin Avropa
uğurları bizim üçün əlçatmaz olaraq qalır.
Bu
günlərdə ölkə futbol tarixində görünməmiş bir hadisə baş verdi. "Neftçi” futbol
klubu Avropa Liqasının qrup mərhələsinə adını yazdırdı. Sizin kimi biz də ölkə
futbolunun bu uğuruna sevinərək, bütün futbol ictimaiyyətini və bu klubun
fanatlarını təbrik etdik. Bəli, Azərbaycan futbolunun Avropa səhnəsindəki bu
uğuruna sevinməmək mümkün deyil. Bu uğurlara Azərbaycanın digər klubları da layiqdir.
O cümlədən doğma "Xəzər Lənkəran” da. Biz bunu çox arzu edirik. Çünki sizin
başçılığınız altında dünya futbolunun ulduzlarından ibarət çox güclü heyətlər
qurulub. Bu heyətlər qurularkən heç bir maddi ölçülər nəzərə alınmayıb. Elə isə
bəs biz niyə layiq olduğumuz nailiyyətləri əldə edə bilməmişik? Futbol klub
camiəsinin bəlli bir quruluş modeli var. Burada klubun sahibi və onun
azarkeşləri, klub yolunda fərqli miqdar da olsa, pul xərcləyir. Qalan bütün
klub işçiləri və komanda heyəti para qazanır, yəni müqavilələrə görə maaş alır
və hətda mükafatlar əldə edirlər. Sizin və biz azarkeşlərin klub adına haqqımız
var. Bunu düzgün başadüşüləcək deyə yazırıq. Bu minnət yox, bir sevgi
yanğısıdır.
Amma
zaman-zaman klub adına heç bir haqqı olmayan insanlar, bəzi yazarlar sizin və
bizim aramıza girib, klubu zəiflətmək yönündə çox iş gördülər. Onlar
dəriudən-qabıqdan çıxıb nələrə əl atmadılar? Ötən mövsüm Avropa
rəqabətinə tab gətirə biləcək bir komandamızı diz
çökdürdülər. "Xəzər Lənkəran” tarixində ilk dəfə böyük klub olma yolunda çox
ciddi addımlamağa başlamışdı. Bu bizlərə qürur verirdi. Lakin həm daxildən, həm
də kənardan müdaxilələr başlandı. Bizim ümidimiz siz idiniz. Biz inanırdıq ki,
siz bunun qarşısını alacaqsız və klubumuzun daha da böyüməsi üçün addımlarınızı
davam edəcəksiniz. Görünür müxtəlif məqsədi olan bədxahlar sizinlə də əlaqə
saxlayarkən klubun o zamankı möhtəşəmliyinə nail olan kadrlar haqqında gözdən
və nüfuzdan salıcı təsirlər etmişlər. Yoxsa biz heç zaman inana bilmirik ki,
güclənməkdə və inkişafda olan, eyni zamanda sizin də adınızı daşıyan bir klubu
dağıdıb, zəiflədənlərə qarşı tədbirlər görməyəydiz. Bu il bir daha sübut etdi
ki, komanda haqqında buradan aldığınız informasiyalar həqiqəti əks etdirmir.
Kimlərsə öz maraqları naminə sizə yanlış informasiyalar çatdırırlar. Komanda
naminə sizdən təvəqqemiz budur ki, belə yanlış informasiyalara inanmayın. Öz
bildiyiniz kimi dəqiq xəbərləri öyrənəndən sonra qərarlar verin.
Ötən
il bizim futbolçumuz olmuş, öz peşəkarlığı ilə seçilən, vurduğu qolla Buxarest
"Dinamo”suna ölkə kubokunu qazandıran Adrian Manuel Skarlatake, Azərbaycanın
"Neftçi” komandasının ilk olaraq Avropa Liqası qrup mərhələsinə vəsiqə
qazanmasında böyük pay sahibi olan, demək olar ki, hər oyunda vurduğu qollarla
və digər qollara assistentliyi ilə yadda qalan Julius Vobay, komandamız üçün
çox böyük fədakarlıq göstərərək, rəqiblərə cəhənnəm ab-havası yaşadan Uinston
Parks və neçə-neçə adlarını çəkmədiyimiz futbolçular "Xəzər Lənkəran”ın
futbolçuları deyildilərmi? Elə onları klubumuza gətirməklə gözəl bir heyət
quran Mirça Rednik kimi bir mütəxəssis Rumıniya kimi futbolu bizdən daha çox
inkişaf etmiş bir ölkədə Buxarest "Dinamo”suna, "Rapid”inə ayrı-ayrı vaxtlarda
çempionluğu, ölkə kubokunu və superkuboklarını qazandıran biri "Xəzər Lənkəran”ın
sükanı arxasında deyildimi? Bu, insanlarla gözəl ünsiyyət qurmağı bacaran, tələbkar
azarkeşlərin futbol istəyini qarşılaya bilən, işinə olduqca peşəkar yanaşan,
qısa müddət ərzində "Xəzər Lənkəran”a böyüklük bəxş edən, bizdən sonra bir neçə
tur ərzində vətənində aşağı dəstəyə yuvarlanmağa məhkum olmuş "Astra” klubunu
bu bəladan qurtaran, Avropa kuboklarında çox irəli getməyi bacaran, və sair və
ilaxır uğurların sahibi olan bir mütəxəssisin arxasınca burda nələr söyləndi,
hansı yollarla nüfuzdan salınmağa çalışıldı. "Makkabi”yə məğlubiyyəti əsas
gətirənlərə isə bu işin daha böyük araşdırmalara ehtiyacının olduğunu
deməliyik. Bunların əsl səbəblərini azarkeşlərimiz bildiyinə görə, "Xəzər
Lənkəran” azarkeşi daima onu sevdi və yola salınarkən gözyaşları ilə
qəhərləndi. Niyə siz bunlara diqqət ayırmadınız?. Bəlkə də bədxahların
təbliğatı öz işini görmüşdü artıq.
Bütün
bunları xatırlamaqla onu demək istəyirik ki, biz daha böyük uğurlara hazır
olarkən, bədxahlar öz işlərini necə görə bilirlər? "Palmali” kimi dünya
şöhrətli bir şirkətin komandasını bunlar necə zəiflədə bilirlər? O şirkətlə ki,
siz böyük uğurlara imza atmısınız, sizin sponsoru olduğunuz və belə möhtəşəm azarkeşi olan bir klub indi
Avropada söz sahibi olmalı idi. Sizdən artıq dərəcədə təvəqqemiz budur ki, bu
klubun işləri ilə yalnız özünüz məşğul olasınız. Bir müddət əvvəl ya iki oyunluq azarkeş cəzası və ya 37.000 manatlıq para cəzası məsələsində siz bu pulunuzdan keçərək, azarkeşləri futbolsuz qoymamağa üstünlük verdiyiniz kimi, bu dəfə də azarkeşlərimizi böyük futboldan uzaq düşməyə qoymayacaqsınız. Bizə ötənilki möhtəşəm "Xəzər
Lənkəran”ımızı qaytarasınız, bizə Avropanı fəth etmək yolundakı itirilmiş
ümidlərimizi qaytarasınız. Dünya sularında daim irəli üzdüyünüz kimi, "Xəzər
Lənkəran”ı da futbol dənizində irəli
aparasınız.
Hörmətlə: "12-ci oyunçu azarkeş qrupu”nun
rəhbəri İslam Cabbarlı
"Bosman” fan klubunun rəhbəri
Mirhafiz Babayev
|