"Xəzər-Lənkəran”da baş verən baş məşqçi dəyişikliyi, Mirça Rednikin bu
posta gətirilməsi ilə nəticələndi. Bu xəbərin çıxmasının ardından həm "Xəzər
Lənkəran” azarkeşləri, futbol ictimaiyyəti və həm də media bu mütəxəssislə daha
yaxından maraqlanmağa və onun "Xəzər Lənkəran”a nə dərəcədə xeyir verəcəyi ilə
bağlı müzakirələrə başladı. Artıq maraqlananlar Mirça Rednikin həm futbolçu həm
də məşqçilik karyerası ilə kifayət qədər tanışdır.
İndi qalır ikinci bir məsələ,
yəni onun "Xəzər-Lənkəran”a nə dərəcədə
xeyir verə biləcəyi ilə bağlı məsələ. Özü də çempionluğun son anda əldən
verilməsi, kubokun finalındakı məlum uğursuzluq və Avropa liqasındakı
"Olimpiya” Beltsı klubu ilə ilkin təsnifat mərhələsinin daha bir uğursuz nəticə
ilə bitməsindən sonra. Bütün bunlarla bərabər ölkə çempionatının başlamasına
çox az bir zaman qaldığı ərəfədə. O ərəfədə ki, klubun bir çox əsas fiqurları
sayılan futbolçularla yollar ayrılmışdı. Nə isə vəziyyəti çətinləşdirən,
azarkeşlərin müəyyən qisminin klubdan küsdüyü bir zamanda və bir sıra
irili-xırdalı başqa problemləri də buraya əlavə etsək vəziyyətin nə qədər ciddi
olduğu aydınlaşır. Həmçinin premyer liqamızın bəzi klubları həmişəkindən fərqli
olaraq bu il məşqçi və futbolçu heyətlərini xeyli gücləndirdiyi bir məqamda,
daim iddialı olması ilə seçilən klubumuzun bu ərəfədə çətin durumda olduğu gün
kimi aydın görünür.
Problemlərin müəyyən hissəsini sadaladığımız bu çətin məqamda, bir
mütəxəssis kimi Mirça Rednikin nəyə qadir olduğu ortaya çıxacaq. Məhz klub
rəhbərliyinin nəyə görə ona üstünlük verməsi aydınlaşacaq. Yəqin ki, bütün
bunları Mirça Rednik özü də dərk etməmiş deyil. Onun komandamızla müqavilə
bağladığı andan çox keçməsə də, iki gün yarm ərzində yəni Bakı şəhərində beş
məşq keçməsi prosesi və ardınca Lənkəran şəhərində klubun bazasında gündə iki
dəfə olmaqla məşqlərin ciddi şəkildə davam etməsi, bununla yanaşı daha bir neçə
əsas heyətə daxil olan futbolçunun göndərilməsi Mirça Rednikin nə dərəcədə
"ürəkli oğlan” olmasına aydınlıq gətirir. Həmçinin özü ilə gətirdiyi fiziki
hazırlıq üzrə mütəxəssis olan Mixay Kejanın nə qədər professional və tələbkar
olduğunu da bura əlavə etsək, demək olar ki, hər iki mütəxəssisin "qollarını
çırmalayıb” çox ciddi bir işə girişməkdə olduqlarını aydın görə bilirik.
O cümlədən Mirça Rednikin vətəni olan Rumıniya mətbuatının ona ayırdığı
gündəlik diqqəti də bura əlavə etsək, bu mütəxəssis haqqında bizim yüksək
fikirə gəlməyimizə gətirib çıxarır. Mirça Rednikin "Xəzər-Lənkəran”dan bəzi
əsas heyət oyunçularını kənarlaşdırması, (hansı ki, onların arasında həqiqətən
güclü, hər kəs tərəfindən bəyənilən və öz ustalığı ilə seçilən futbolçular da
var idi) onu göstərir ki, o, komandada köklü, yəni sistem dəyişikliyi etmək
niyyətindədir.
"Xəzər-Lənkəran”da Rednikdən əvvəl də güclü futbolçuların olduğunu inkar
etmək mümkün deyil. Sadəcə onların hərəsinin ayrı-ayrılıqda başqa-başqa sistem
oyunçuları olduğunu demək mümkündür. Elə ona görə də bəzən oyunun alınmaması
buna sübut kimi göstərilə bilər. Yəqin bu məqsədlə də Rednikin qurmaq istədiyi
yeni oyun sisteminə uyğun gəlmədiyi üçün göstərdiyimiz bəzi futbolçular
komandadan kənarlaşdırıldı. Rednikin komandaya cəlb etdikləri futbolçular da
onu deməyə əsas verir ki,
"Xəzər-Lənkəran”da bundan sonra sürətli, qısa ötürməli çoxgedişli ağıllı.kombinasiyalı
hücum futbolunun şahidi olacağıq. Həmçinin belə futbol, müasir Avropada
oynanılan futbolun eyni olacaq.
Mirça Rednikin daha bir üstünlüyü də onun komandamıza gəlməzdən əvvəl də
beynindəki hazır planın olması ilə əlaqədardır. Çünki, təəccüblü bir qısa zaman
kəsiyində onun hansı futbolçuları "Xəzər-Lənkəran”a gətirmək istədiyi və bir
neçəsinin də qış transfer dövründə komandaya cəlb etməsini açıqlaması bunu
deməyə əsas verir. Onun nəzərdə tutduğu futbolçuların isə sıradan bir futbolçu
olmadıqlarını nəzərə alsaq və aldığımız məlumatlarda həmin futbolçuların Avropa
təcrübəsi olmasına baxmayaraq sanki Rednikin təklifini həvəslə gözləyirmişlər kimi xəbərlər də onun
əvvəllər işlədiyi klublarda futbolçular arasında olan nüfuzunu göstərən bir
amildir. Məhz bu amilə görə onlar Azərbaycanda oynamağa həvəslə razı olurlar
desək bəlkə də yanılmarıq.
Rednikin komandamıza gətirdiyi və gətirmək istədiyi futbolçular haqda
bəzi məlumatları da bura əlavə etsək komandamızın gələcəkdə çox yaxşı təsir
bağışlayacağına əminlik artır.
Məlum olduğu kimi, Mirça Rednik, Stanku Stelian, Dieqo Ruiz və Katalin
Domanın transferinin ardınca tanınmış hücumçu Marius Nikulaeyə diqqət ayırıb.
Marius Nikulae vətənində yalnız
Buxarest "Dinamo”sunda oynayıb. Hücumçu Portuqaliyada "Sportinq”, Belçikada
"Standard”, Almaniyada "Mayntz”, Şotlandiyada "İverness”də oynayıb. Maruis
2000-ci ildə "Dinamo” ilə "qızıl dubl”a imza atıb. O, 2002-ci ildə "Sportinq”in
heyətində Portuqaliya çempionluğu, kuboku və Superkobukunun qalibi olub. Marius
Nikulae 2000-ci ildən əsas yığmaya cəlb olunur və 29 oyuna 13 qol vurub.
Bunlardan əlavə də bir neçə tanınmış
və istedadlı futbolçuların komandaya keçidinin planda olduğunu nəzərə alsaq,
belə çətin vəziyyətdə Rednikin nələr etmək istəyinə və dediyimiz kimi onun
"ürəkli oğlan” olduğuna bir daha əmin olmaq istəyərdik.
Uğurlar sənə "Xəzər Lənkəran”!
|