Cənablar,
nə qədər eksperiment aparmaq olar? Artıq millimizin baş məşqçisi təkrar
eksperimentlərlə milli komandanı sınamaq qərarına gəlib. Özünə inanan hər hansı
bir mütəxəssis işini qurar və işin alınması üçün bir və ya bir neçə eksperiment
apara bilər. Lakin Berti Foqts bütün eksperimentləri millimizin üzərində aparıb
və indi də təkrari eksperimentlərdə yoxlamaq istəyir. Ay kişi əgər səndə alınmırsa,
qoy get, başqası da bir yoxlama aparsın. Azərbaycanın və hətta digər ölkələrin
futbolçularını da milliləşdirib komanda qura bilmirsənsə, daha nə etməyi
düşünürsən? Alınmırsa, çıx get də! Hər dəfə müxtəlif futbolçular qalmadı ki,
millinin oyunlarında meydana buraxıb sınamayasan. Necə olur ki, müxtəlif
vaxtlarda gözəl oyun nümayiş etdirən millimiz sənin vaxtında demək olar ki,
oyunun nə olduğunu bilməyən bir komanda halına düşür? Əvvəlki zamanlara baxanda
az-çox futbolu inkişaf etmiş ölkədə 11 nəfər tapıb meydana buraxmaq bu qədərmi
çətin işdir? Bəlkə
sənin qurmaq istədiyin özünün məxsus olduğu Almaniya tipli bir milli formalaşdırmaqdırsa
və bunu qurmaqda çətinlik çəkirsənsə, onda səni müəyyən qədər başa düşmək olar,
lakin haqq qazandırmaq olmaz. Əvvəla sən onu bilməlisən ki, Azərbaycan futbolu
Almaniyadakı qədər yüksək səviyyədə inkişaf etməyib. Deməli az tələbata cavab
verən bir materialdan yüksək keyfiyyətli bir məhsul hazırlamaq istəyi özü peşəkarlıqdan
uzaq olan bir şeydir. Yox əgər bu materialın göstəriciliyinə uyğun bir məhsul
qura bilmirsənsə, bu da peşəkarlığa zidd olan bir məsələdir. Özünü beynəlxalq
aləmdə niyə nüfuzdan salırsan. Bir neçə müddət sonra çıxıb gedəndə də nüfuzuna xələl
gəlməsin deyə, bu ö lkədə mən 11 nəfər futbolçu tapmadım ki, meydana buraxam -deyəcəksən. Onda
da öz nüfuzunu qorumaq üçün bütöv bir ölkənin futbol nüfuzunu ayaqlar altına
atacaqsan. Buna heç kimin şübhəsi olmasın bəylər. Ona görə də nə qədər bu fikir
formalaşmayıb (artıq bu mənada da gecikmiş sayılırıq) Berti Foqtsu millimizdən
ayırmalıyıq. Necə
olur ki, futbol üzrə Azərbaycan millisi yuxarıda dediyimiz kimi zaman-zaman gözəl
oyun göstərib, çətin qələbələr də qazandığı halda indi meydana çıxan
futbolçular, sanki futbolun nə olduğunu bilməyərək meydanda gəzişməklə məşğul
olurlar. Orta xəttin yoxluğu, cinahların başıpozuq oyunu, hücumun dişsizliyi,
arxa xəttin isə qorxaqlığı. Budurmu Berti Foqtsun komandamıza bəxş etdiyi yeni
futbol fəlsəfəsi. Bir
zamanlar SSRİ dağıldıqdan sonra FİFA və UEFA-ya müstəqil olaraq qəbul olunan azərbaycanlı
futbolçuda, beynəlxalq arenalarda özünü meydanda itirmək, gurultulu azarkeşlər
qarşısında əl-ayaqlarını əsdirmək, qəribə səslənən ölkə və onun ad-soyadı qəribə
səslənən futbolçuları ilə mübarizə
apardığı anlardakı bərbad psixoloji durumu çoxdan soyuyub. Artıq həm
klublarımız və həm də millimiz kifayət qədər beynəlxalq oyun təcrübəsinə
malikdirlər deyə bu baxımdan soyuqqanlılığı qazanıblar. Təsadüfi deyil ki, beynəlxalq
futbolda artıq bir futbolçu nəsli dəyişmişik deyə bu baxımdan problemimiz demək
olar ki qalmayıb. Praktiki nəticə qazanmağın vaxtı çoxdan yetişib. Biz isə hələ
sanki beynəlxalq aləmdə ilk addımlarımızı atırıq deyə, Berti Foqtsa haqq
qazandırmamalıyıq. Futbolçulardan ibarət komanda və onlarla düzgün məşğul
olaraq hazırlaşdıran, onlara öz təcrübəsindən yararlanaraq, bir kompas əqrəbi və
ya bir "mil” (ox, düz xətt) kimi yol göstərən baş məşqçimiz yoxdursa, onda biz
milli komandamıza "milsiz milli” deyə bilərik. Özümüzdə
kifayət qədər yerli mütəxəssis var ki, onlar Bertidən daha gözəl nəticə qazana
bilərlər. Həm də ucuz qiymətə. Beynəlxalq futbol təsərrüfatı isə tək Berti
Foqtsdan ibarət deyil. Burada Xorvatiya millisi üçün necə can yandıraraq az-çox
nəticə əldə edən Biliç yada düşür. Azdırmı Biliç kimi mütəxəssislər? Sonda Mirça Redniki beysbolkanı
yerə atdığına görə (hərçənd bu da səbəbsiz deyildi) Azərbaycan xalqını təhqir
etdi deyənlər, hər ev və səfər oyunlarında utandırıcı hesabla məğlub olaraq,
futbolumuzu rəzil edərək, Azərbaycanı nüfuzdan salan Berti Foqts haqqında görəsən
eyni şeyləri düşünürlərmi? Düşünmürlərsə, bu ölkənin futboluna və ondan sevinc
payı almaq istəyən əsl azarkeşinə və 100-illiyi qeyd olunacaq futbolumuzu bu
günlərə qədər gətirən o məşhur Banişevskilərə, Məmmədovlara, Smolnikovlara, Mircavadovlara,
Süleymanovlara, Cavadovlara, Bəhramovlara, Əzimzadələrə və sair dünyasını dəyişmiş
və indi də yaşayan canlı futbol əfsanələrimizə yazıqlar olsun. Əgər sağ
qalanlar da səslərini çıxarmırlarsa, onda futbolumuza birdəfəlik yazıqlar
olsun!
|