"Xəzər Lənkəran"
futbol klubunun "Bosman" fanklubu, ölkəmizin bütün mətbuat işçilərini,
Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik
edir, onlara can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayır.
Ölkə insanının təfəkkürünün
inkişafında və çağdaş dünya birliyində öz layiq olduğu yeri almasında əvəzsiz
rolu olan mətbuatın nümayəndəsi olmağın, nə qədər şərəfli bir vəzifə olduğunu və
bunun bütün sahələrdə o cümlədən, idman sahəsində ölkəmizin inkişafının əsas
meyarı olduğunu dilə gətirərək bir daha, Bayramınız
Mübarək Olsun ! deyirik
"Bosman” fanklubunun idarə heyəti 22 iyul 2010.
Milli Mətbuat Günü
Bu gün Azərbaycan jurnalistlərinin bayramıdır
Fanat: Bu gün Azərbaycan mətbuatının bayramıdır. Belə ki, ölkəmizdə
ilk mətbuat orqanının - Həsən bəy Zərdabi tərəfindən nəşr edilən
"Əkinçi" qəzetinin yaranmasından 135 il ötür.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat
missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya
vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının
daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda
bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun
(icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi
1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində
"Əkinçi" qəzetinin nəşrinə nail olub. Bununla da milli mətbuatın əsası
qoyulub. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki
dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın
inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan
"Azadlıq", eyni zamanda "Azərbaycan", "Odlar
Yurdu" və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi.
Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur.
Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat
Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azərbaycan
Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən
Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz
baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər
Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni
yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət
təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin
olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust
tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya
azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi
informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi
infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı,
onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas
istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər
vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil
olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar
söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
22 iyul Milli Mətbuat Günü 1991-ci ildən Azərbaycan jurnalistlərinin
peşə bayramı kimi qeyd edilir. Fanat İdman Agentliyinin kollektivi Azərbaycan
jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edir.
Bayramınız mübarək!!!
Fanat İdman Agentliyi Mənbə: "Fanat.az"
|