
Bəli,
bu mövsüm həm də həmişəki kimi ölkə kuboku yarışları ilə yadda qalacaq. Bu ildən
ölkə kuboku yarışlarının təşkili və keçirilməsində bir sıra yeniliklər edilib. Belə
ki, ölkə kuboku yarışları da Premyer Liqada olduğu kimi hansısa sponsorla birgə
həyata keçiriləcək. Premyer Liqanın sponsoru "Unibank”dırsa, builki kubok
yarışlarının sponsoru həm də Salyanın "Muğan” klubunun sponsoru olan "NBC Bank”dır.
Bu nə dərəcədə düzgündürsə, gərək futbol qurumlarımız bunu nəzərə alaydılar. Salyanın
"Muğan” klubu hələ ki, o qədər də iddialı olmadığı üçün bəlkə bu o qədər də
rezonans doğurmur. Amma gəlin belə fikirləşək, hər hansı həm kuboka, həm də
çempionluğa iddialı olan bir klubumuzun sponsoru eyni zamanda hansısa yarışlara
sponsorluq etsəydi, onda bu həm ədalət baxımından düzgün olmazdı, həm də futbol
ictimaiyyəti buna yəqin ki, kəskin reaksiya verərdi. Futbol qurumlarımızdan gələcəkdə
belə nüansları nəzərə almalarını elə bu başdan tələb edirik.
Keçək
digər yeni qaydaya. Bu kubok mövsümü yarışları əvvəlkilərdən daha bir xüsusiyyəti
ilə fərqlənir. Belə ki, əvvəllər kubok yarışları çərçivəsində final matçı
istisna olmaqla iki, ev və səfər oyunlarından ibarət idisə, indi bu qayda
yalnız 1/4 və 1/2 final mərhələsinə aid edilib. Yəni, 1/4 və 1/2 final görüşlərində
komandalar ev və səfər oyunu olmaqla iki dəfə görüşərək qalibi müəyyən edəcəklərsə,
kubokun finalı və ondan əvvəlki mərhələlərdə qalib yalnız bir matçdan sonra müəyyənləşməlidir.
Bu yeni qaydanın da nə dərəcədə uğurlu və ədalətli olması dünya praktikasında
yoxlanılıb və belə sistemdən imtina edən ölkələrin sayı da az deyil. Məsələn,
bir neçə il əvvəl Türkiyədə də kubok yarışları belə bir model əsasında
keçirilirdi. Amma son bir neçə ildə onlar bu modeldən imtina edərək, kubok
yarışlarını komandaların püşkatma vasitəsilə qruplar üzrə bölünərək "Qrup
sistemi” üzrə keçirilməsini tətbiq etdilər. Çünki, bir matçla heç cür ədalətli
nəticəyə bel bağlamaq olmaz. Özü də matç neytral meydanda deyil, iştirakçı komandaların
birinin meydanında keçirilirsə. Onu da nəzərə alsaq ki, bu bir matçda ən azı
hakim səhvi kiminsə yarışlardan ədalətsiz formada uzaqlaşdırılmasına gətirib
çıxara bilər. Azərbaycanda isə hər kəsdə hakim səhvləri olduğu qənaəti qəbul
olunur desək heç də səhv etmərik.
Nə
isə belə bir qaydada keçirilən matçla "Xəzər Lənkəıran”ın rəqibi məlum olacaqdı, oldu da:
"Karvan" – "MKT-Araz" - 1:1, (3:4 - penaltilərlə)
Qollar: Ramil
Ağayev-90 (p); Rafiq Koçaliyev-15
Hakimlər:
Azad Mütəllimov,
Hüseyn İmanov, Rasim Əhmədov, İlqar Zeynalov
Yevlax şəhər stadionu
Bu
cütlüyün qalibi tək oyunda məlum oldu. Belə ki, "Xəzər Lənkəran”ın 1/8 final mərhələsindəki
rəqibi, bu görüşün qalibi İmişlinin "MKT-Araz” klubu oldu. Bu klub vaxtı ikən
yüksək liqamızın sayılıb-seçilən klublarından olmasına baxmayaraq, indi birinci
divizionun daimi sakininə çevrilib. Əvvəlki illərdə həm çempionat, həm də kubok
yarışlarında bu komanda ilə yollarımız az kəsişməyib. Konkret, 2006/2007-ci il mövsümündə, kubokun finalında,
komandamız 1:0 hesabı ilə qalib gələrək Kuboku başı üzərinə qaldırmışdı. Ondan əvvəlki
illərdə isə 1/4 final mərhələsinin qalmaqallı ""MKT-Araz”ın
futbolçusu Yevgeni Şimanın saxta pasport məsələsi” üzündən görüşün təkrar keçirilməsi ilə
yadda qalmışdı.
1/8
final mərhələsində komandamız rəqibini dekabr ayının 7-si və ya 8-i nəzərdə tutulduğu kimi Lənkəranda qəbul
edəcək. Bu və bundan sonrakı mərhələlərdə "Xəzər Lənkəran”a uğurlar arzu
edirik.
|