Kölgə
sözü çox mənalarda işlənilir. Bu mənaların yaşxı yozumu da olur, pis yozumu da.
Əslində, kölgə sözünün ilk anlamı günəşin yandırıcı şüalarından qorunmaq üçün
hər hansı ağacın və ya predmetin həmin şüaların qarşısını kəsməklə əmələ
gətirdiyi sərin bir sahə kimi başa düşülür. İstidən yorulan və bezikən insan
üçün bu kölgə sanki, həyat əhəmiyyətli olur, dincini alır, yorğunluğunu yeni
qüvvə yığmaq üçün dəf edir. Elə bəşər övladının müəyyən xüsusiyyətləri də bu
saf sözün, pis mənalara yozularaq, öz leksikonuna daxil etməsidir. Məsələn,
kimsə, kiminsə kölgəsində yaşayır. Filan iş kölgəyə düşdü və sair. Sərin
kölgəliyi, gur işıqla gözü yorulan və hansısa predmetin yaratdığı az işıqlı
kölgəliyə ani olaraq qaranlıq kimi baxan bəşər övladı bu mənada da sanki
çaşqınlığa yol verir. Biz, kölgə sözünün yaxşı məna kəsb edən tərəfindən
danışmaq istəyiriksə də...
Bütün
dünya futboldan zövq alaraq, bu oyuna tamaşa etdikdə sanki dincəlmiş olurlar.
Düzdür, sevdiyin komanda çətin məqamlara düşdükdə əsəbi və narahat olursan.
Amma bu ki, daimi belə olmur. İşlər görülür, dəstəklər verilir və nəhayət
azarkeş də oyuna yenə zövq alaraq, xoş həyəcanlar yaşayaraq ömrünün neçə-neçə
saatından keçirərək tamaşa edir. Tək tamaşa etmir, oyunlara qabaqcadan
hazırlaşaraq, oyuna köklənir, alqışlayır, oturur-durur, komandasını irəli
səsləyir, bəzən hətda söyüş də söyür. Qısası bu bir neçə saatı ətraf mühitdən
ayrılaraq, sadəcə futbolla yaşayır. Azərbaycan adlı məmləkətin azarkeşlərini
isə gəlin görək futbolla yaşamağa qoyurlarmı? Meydandan kənar və nəhayət
meydanlarda bu idman növünə nifrət ediləcək səviyyədə çoxşaxəli və çoxtərəfli
oyunlar oynanılması və sair və ilaxır.
Azərbaycan
azarkeşinin futbola olan marağını sındırdıqdan sonra, onların niyə
stadionlarımıza gəlməməsindən gileylənən bəzi başbilənlərimiz heç də səbəbi
obyektiv olaraq özlərində axtarmırlar. Nəticəsi əvvəlcədən bilinən "tamaşaya”
futbolsevər hansı marağı göstərsin, əgər orada həyəcan yaşamayacaqsa. Bunun beynəlxalq
aləmdə tutaq ki, bir komandanın həddindən artıq güclü olması və ya ilk matçda
böyükhesablı məğlubiyyət qeydə alındığı halda obyektiv, bizdə isə hakimin
hansısa komandaya tərəfkeşlik edərək, sonda onun qalibiyyətini təmin edəcək,
hansısa futbolçunun qəsdən komandasına xəyanət edərək onu uduzduracağı kimi
subyektiv səbəbləri var. Bəs niyə eyni komandalarımızın beynəlxalq oyunlarına
azarkeşlərimiz daha çox sayda gəlirlər. Ən azı burada hakim iyrəncliklərinə
şahid olmayacaqlar deyə. Baxmayaraq ki, rəqibin güclü olması və qələbə qazanacağı
gözlənilirsə, belə. Azarkeş bu oyuna həyəcan yaşayacaq deyə, gəlir, bu oyunu
sevir və onunla yaşamaq istəyir deyə.
Ölkəmiz
müstəqilliyini əldə etdikdən sonra, yeni dövlər olduğunu nəzərə alan FİFA və
UEFA, uzun müddət müxtəlif turnirlərin matçlarının canlı yayımını ödənişsiz və yardım
olaraq bizlərə hədiyyə etdi. Bu hədiyyə limiti qurtardıqdan sonra isə yenə
axsamalar başladı. Daxili futbol çempionatımızın yayımı isə müxtəlif vaxtlarda,
müxtəlif xaoslarla hamını məyus edib. Hələ bir çempionat mövsümü olmayıb ki,
normal teleyayım məsələsi həllini tapsın. Ölkənin futboluna məsul qurumlar gah
bu yayım hüququ məsələsini özündə saxlayır, gah telekanalların qarşısına
şərtlər qoyur, gah da klubları sıxma-boğmaya salır. İndi hansı zamandır? Məgər
futbolu biz icad etmişik və ya yalnız biz oynayırıq? Yayım məsələsinin də
beynəlxalq təcrübəsi var. Sadəcə uğurlu modeli tətbiq etmək lazımdır.
Hamı
bilir ki, futbolumuz rəsmi dövlət qərarlarında da nəzərdə tutulduğu kimi
inkişaf mərhələsindədir. Qərarlardan da görünür ki, bu işlə dövlət özü məşğul
olur. Hələ rels üstə qoyulandan sonra liberallaşma zamanına qalıb. Amma gəlin
görək bunu yada salan varmı? PFL-ə sual verilir ki, "deyilənə görə matçlardan
yayım almaq istəyən telekanallar sizə 600 manat ödəməlidir”. Amma PFL nə cavab
verir? Mətbuat xidməti deyir ki, nə yayım?, nə 600 manat? Bizdə turun bütün
oyunlarından xəbərlər proqramında göstərilmək üçün qısa icmal hazırlanması
nəzərdə tutulub. Hər hansı kanal bunu əldə edib xəbərlər proqramında göstərmək
istəyirsə, yalnız buna görə 600 manat ödəməlidir. Bunun oyunun canlı verilməsinə
heç bir aidiyyatı yoxdur. Canlı yayımla əlaqədar isə heç bir telekanalla
anlaşmamız hələ ki, yoxdur ("Futbol+” qəzeti). İndi baxaq görək futbolun
inkişafı və kütləviləşməsi rəsmən dövlət nəzarətində olduğu halda, yayım
məsələsində hər hansı addımı atmamaqla, bu kütləviləşmənin bir növ qarşısını alan
PFL düz yoldadırmı? Hər halda futbolun inkişafına və kütləviləşməsinə bu idman
növü üçün ölkəmizdə PFL, yoxsa telekanal daha məsuldur? XXI ölkə çempionatı start
götürdü. Amma çoxları bilmir ki, ümumiyyətlə bizdə futbol nə vaxt başlayacaq.
Budurmu futbolun inkişafına xidmət? Telekanalların da burada xidməti olmalıdır.
Eyni zamanda onların bir şirkət kimi maraqları da var. Bəs PFL-in marağı
futbolun inkişafı və kütləviləşməsi deyilmi? Hər süjet toplusu üçün 600 manat
olmasa məgər PFL iflas edər? Beləliklə kölgə sözünün yaxşı mənasından danışmaq
istəsək də, Azərbaycan futbolu belə iddiaların kölgəsində qalıb. Kölgənin
qatılığı da o səviyyədədir ki, nə vaxt ora işıq düsərək aydınlaşacağı da elə
güman kölgəsindədir. Olimpiadanın açılışı oldu. Müxtəlif ölkələrdə müxtəlif turnirlərin açılışı ard-arda davam edir. Bizdə isə futbolun dövlət proqramlarında rəsmi inkişaf dövrü olmasına baxmayaraq XXI ölkə çempionatının açılışını heç yerdə görmədik. Ağlınızı başınıza yığın, azarkeşlərin futbolu izləmə marağına hörmət etmirsinizsə, heç olmasa, ölkə prezidenti London Olimpiadasından vətənə dönənə qədər bunu qaydaya salın!
|