Bildiyiniz kimi "Xəzər
Lənkəran” azarkeşləri olaraq komandamıza müxtəlif yönlü dəstək nümayişi tərəfimizdən
daim həyata keçirilib. Lazım gələndə isə bu etiraz formasında da ortaya qoyulub
ki, düzgün aparılan işlər formasında "Xəzər Lənkəran” daha irəli gedə bilsin.
Bu məqsədlə bilirsiniz ki, bir neçə dəfə klub rəhbərliyi ilə də görüşlərimiz təşkil
olunub. Bu görüşlərdə məqsəd isə öz fikir və təkliflərimizi, yeri gələrsə tənqidlərimizi
klub rəhbərliyinə çatdırmaq olub. Əlbəttə bir fanklub kimi, həm də azarkeşlərin
bilavasitə içərisində olduğumuzdan onları da narahat edən məsələləri klub yönəticilərinə
çatdırmağı özümüzün ümdə vəzifəmiz hesab edirik.
Son bir müddətində komandada geriləmə hallarının bəlkə də son həddində "Bosman” və "12-ci
Oyunçu” azarkeş qrupu rəhbərlərinin birgə imzası ilə klubun sahibi olan Mübariz
Mənsimov cənablarına birgə müraciət imzalanaraq göndərilmişdi. Bu müraciətdən
sonra isə adı çəkilən fanqurum nümayəndələri, "Caspian Ultras” fanklubunun
vasitəçiliyi ilə 09 oktyabr 2012-ci ildə klub rəhbərliyi tərəfindən görüşə dəvət
olunmuşdu. Göstərilən tarixdə baş tutan görüşdə müraciətdən doğan məsələlər
müzakirə olunmuş və bütün incəliklərinə qədər dərhal klubun sahibinə
çatdırılmışdı. Həm də adıçəkilən görüşdə belə toplantıların tez-tez keçirilməsində
klub rəhbərliyinin də maraqlı olduğunu rəhbərlik adından Tuyqun Nadirov
bildirmişdi.
Biz isə tez-tez yox,
lazımi məqamlarda görüşməyi və son görüşün məntiqi nəticəsindən, yəni görüşdə
qaldırılan məsələlər reallıqda əksini tapdıqdan sonra, daha yeni məsələlərin həllinin
vacibliyi məqamlarında və hər hansı hesabat dövründə yeni görüşlərin keçirilməsinin
tərəfdarı olduğumuzu dilə gətirmişdik.
"Bosman” fanklubu
olaraq növbəti görüşün vaxtının yetişdiyini düşünürük. Çünki 09 oktyabr 2012-ci
ildə baş tutan görüşdən sonra demək olar qaldırılan əsas məsələlər həllini
tapmışdır və qış fasiləsi ilə əlaqədar yeni bir hesabat dövrü gəlib çatmışdır.
Həmçinin "Xəzər Lənkəran” azarkeşləri kimi daim transfer zamanlarında diqqət çəkən
bir komandanın ötən uyğun məqamdan yararlana bilməməsi və bunun nəticəsi
olaraq, bu gün heyət baxımından əziyyət çəkməsi növbəti görüşün əsas məqamlarındandır.
Məhz bütün bunları nəzərə alaraq "Bosman”
fanklubu kimi klub rəhbərliyi ilə görüşmək fikrinə gəldik və müraciət etdik. Həmçinin
digər fanklublara da görüşmək üçün təkliflər
göndərilməsini klub rəhbərliyinin ixtiyarına buraxdıq. Rəhbərlikdən bizə
bildirildiyinə görə, onlar da öz sözlərinin və görüş ənənələrinin
saxlanılmasında maraqlı tərəfdirlər. Həqiqət naminə biz onu da bildirməliyik ki,
09 oktyabr görüşündən sonra bir neçə dəfə özləri buna təşəbbüs göstərmişdilər.
Belə ki, artıq növbəti görüşün vaxtı Dekabrın 26-na, yeri və saatı müəyyənləşdirilməklə
təyin olunub. 09 Oktyabr görüşünün davamı kimi həmin görüşdə iştirak edən fanat
qurumlarının iştirakının vacibliyini buradan onların diqqətinə çatdırırıq. Həmən
görüşdə bu və ya digər səbəbdən iştirak edə bilməyən digər fanat qurumlarının
da iştirakını təklif edən tərəf kimi arzulayırıq.
"Bosman” fanklubunun İdarə Heyəti 24 Dekabr 2012.
|