Yanvarın 13-dən Türkiyənin Antalya
şəhərində təlim-məşq düşərgəsi qurmuş "Xəzər Lənkəran” nəhayət bu prosesə də
yekun vuraraq, bu gün vətənə qayıdır. Yəqin axşam saatlarında Bakıya çatacaq
komandamız günün qalan hissəsini yol yorğunluğunu üzərindən atmaq üçün
istirahət etməli olacaq. Lakin əldə etdiyimiz bilgilərə görə fevralın 7-də
komanda Bakıda olmaqla iki dəfə məşqə çıxacaqsa, bu sabahısı gün, yəni fevralın
8-də bir dəfə səhər məşqi ilə kifayətlənməklə yekunlaşacaq ki, ardından komanda
doğma Lənkərana yola düşüb, "İnter”lə növbəti çempionat oyununun hazırlıqlarını
doğma şəhərdə davam etdirməli olacaq.
Təlim-məşq düşərgəsindən ara-sıra
məlumatlar versək də amma gedişatı çox diqqətlə izlədiyimizi deyə bilərik. Hər
hansı tələm-tələsik münasibət olmasın deyə toplanışın yekununu gözləmək tərəfimizdən
daha məqsədəuyğun hesab edildi və bunda yanılmadığımızı düşünürük. Çünki,
təlim-məşq toplanışı öncəsi klub rəhbərliyi ilə görüşüb müəyyən məsələləri
öyrənməyə, müzakirə etməyə, daha sonra özümüzün və bütün azarkeş kütləsinin
istək və arzularını, həmçinin tələblərini çatdırmaq kimi məsuliyyətli bir işin
təşəbbüskarı olmuşduq ki, artıq bununla hər bir futbolsevər tanışdır.
Bu təlim-məşq ərəfəsində komandamızın
necə bir acınacaqlı vəziyyətdə olduğu yəqin ki, yaddaşlardadır. Ardıcıl məşqçi
dəyişiklikləri, özü də bunun get-gedə komandanı böhran həddinə çatdıran səhv forma
və kadrlarla həyata keçirilməsi və sair, və ilaxır problemlər. Həmin dövrlərdə klub
rəhbərliyində müəyyən fikir də formalaşmışdı ki, komandanın baş məşqçisi,
yalnız yerli mütəxəssis olmalıdır. Mirça Rednik kimi dahi bir mütəxəssisin
ardınca, "Xəzər Lənkəran” azarkeşi isə yalnız və yalnız əcnəbi bir mütəxəssisin
komandaya gətirilməsi tələbindəydi. Bu
çox vacib bir amil idi ki, "Xəzər Lənkəran” azarkeşi bu yöndə klub rəhbərliyinə
təsir edə bildi və onları əcnəbi mütəxəssisin gətirilməsinə razı sala bildi.
Bütün bunlarla, "Xəzər Lənkəran”
azarkeşi yerli mütəxəssislərimizə hər hansı ümidsizlik və ya hörmətsizlik
göstərmək niyyətində deyildi. Hələlik bu yeganə çempionluğumuz və MDB
çempionluğumuz və bir çox uğurlarımızın memarı olan Ağasəlim Mircavadov kimi
yerli mütəxəssisimizin adıyla bağlıdır. Bunları unutmaq bəlkə də nankorluq
olardı. "Xəzər Lənkəran” azarkeşi bunları unutmur. Qoy kim nə deyirsə, desin.
Sadəcə indiki məqamda yerli futbol məşqçiləri institutu heç də ürəkaçan deyil,
bəlkə də bərbad vəziyyətdədir desək daha düz olar. Bununla futbol qurumları
məşğul olmalıdır deyə üstündə dayanmırıq, həm də bu başqa yazının mövzusudur.
Son illər belə bərbad vəziyyəti elə
komandamızın taleyində də görmüş olduq. Hər halda Mirça Rednik kimi bir
mütəxəssisi yaxından tanımış "Xəzər Lənkəran” azarkeşi ona tay ola biləcək yerli
mütəxəssis görmürdü deyə bu istəkdə idi. Televizorda "Xəzər Lənkəran”
azarkeşlərinin də iştirak etdiyi futbol verlişlərinin birində aparıcı Elnur
Əşrəfoğlu onlara rəğmən belə bir sual ünvanladı:-"Sizcə, Bakes nə etməlidir ki,
Rednik mifini dağıtsın?” Açığı həmin verilişdə qatı Rednik tərəfdarları da var
idi ki, biz onlardan müəyyən cavab verəcəklərini düşünsək də bu baş vermədi.
Gec də olsa bu mövzuya qayıdarkən bizim Elnur bəyə cavabımız elə onda da belə
olacaqdı: Elnur bəy, Rednik mif deyil ki, onu dağıdasan. O böyük REALLIQDIR!
Məgər bu reallığı siz sual verdiyiniz vaxtda da və elə indinin özündə də görmək
o qədərmi, çətindir? O bir Avropa futbolunun reallığıdır!
Söhbət heç də təsadüfən bu məqama
gəlmədi. Onu demək istəyirik ki, "Xəzər Lənkəran” azarkeşinin bu dönəmdəki ilk
uğuru kifayət qədər böyük futbol məktəbinin nümayəndəsi olan Karles Martorell
Bakesin şəxsində komandaya əcnəbi baş məşqçi təyinatına klub rəhbərliyini
inandıra bildi. Bu ana qədər belə demək mümkündürsə, ölü nöqtəyə düşmüş komandada
müəyyən irəliləyişlərə ümid yarandı. Burada klubun sahibinə olunan müraciətin
də kifayət qədər rolunun olduğunu deməliyik. Bu fikrin təsdiqi üçün isə
müraciətdən əvvəlki və sonrakı dövrləri xatırlamalıyıq.
Mirça Rednikdən sonra ölü nöqtəyə
yuvarlanmaqda olan komandanın təlim-məşq və transfer ərəfələrindəki
fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyi səbəbindən meydana buraxmağa 11
futbolçu tapmaq az qala müşkülə çevrilmişdi. Bunun ən böhranlı vəziyyəti son yay
transfer dövrü idi. Böyük məsrəflərə rəğmən uzaq Avstriyada təlim-məşq
düşərgəsi quran komandamız oradan əliboş qayıtmışdı. Kimisi baxışda futbolçu
sınamaq iddiasında idi, kimisi futbolçunu belə bir qısa zamanda tapmağın
qeyri-mümkünlüyündən danışırdı, kimlərsə də filan futbolçu ilə anlamağa
yaxınıq, lakin son anda nədənsə bu alınmadı. Filan futbolçu artıq yoldadır,
lakin son anda həyat yoldaşı buraya gəlməyə ona mane olub, filankəsin atası onu
bura gəlməyə qoymadı, filankəsin uşağı ona mane oldu, bəsmankəsin anası və ya
bacısı və ya da az qala xalsı oğlu son anda onun bura gəlməsinə mane oldu. Bütün
bu çıxılmazlıqların içində adam az qala fikirləşirdi ki, balam dünyadakı bu
futbolçu ailələri nə yaman insafsızdırlar! Niyə bizim sevimli komandamıza
gəlmək istəyənlərə mane olurlar, özü də son anda.
Deyəsən bu il futbolçu ailələri
insafa gəliblər. Əslində bu insaf məsələsi tamam başqadır. Yay transfer dövrü
ilə indikini müqayisə etdikdə, yaxşı mənada nələri deyə bilərik: Onu demək
mümkündür ki, heç nə birdən-birə olmur və bu mənada komandamız bu dövrdə bir
neçə futbolçunu heyətə qata bilib. Bunların arasında kifayət qədər səs-küylü
sayıla biləcək "Saraqosa”lı ispan qapıçı Toni Doblas, onun həmyerlisi "Malaqa”lı
müdafiəçi Alvaro Silva, az-çox ümid vəd edən xorvat Marin Orsuliç, birvaxtlar "Beşiktaş”
kimi Türkiyə nəhənginin heyətində uğurla çıxış edən Gökhan Güleç, perspektiv
vəd edən Uğur Pamuk kimi futbolşular yer aldı. Son məlumata görə Kosta-Rikalı Vilyam
Filips Farley də komandamızın heyətinə cəlb olunub. Bütün bunlar birmənalı
şəkildə ötənilkindən yaxşı mənada fərqli durum yaradıb. Əlbəttə
azarkeşlərimizin gözləntiləri həmişə fantastik olub. Necə ki, bu dəfə də belə
idi. Amma onu da bir daha deməliyik ki, heç nə birdən-birə olmur. Bəzən
komandanın azarkeşi kimi daha fərqli olmasını istəyirik. Amma belə məqamda
bayaq dediyimiz kimi ölü nöqtədən indiki məqama gələ bildiyimizi yada salanda
təskinlik tapmaq və hətta gələcəyə doğru ümidlərin yarandığını hiss etmək
mümkün olur.
Burda bir neçə fərqi də qeyd
etməliyik. Təlim-məşq toplantısı öncəsi istirahətə yollanan komandanın baş
məşqçisi artıq hansı transferlərin ona lazım olacağı adlardan ibarət siyahısını
klub rəhbərliyinə təqdim edib ki, bu da bu işdə Mirça Rednikdən sonra ilk
professionallığın əlaməti kimi qiymətləndirilməlidir. Yuxarıda adları çəkilən
yeni futbolçularımız olan Toni Doblas, Alvaro Silva və Marin Orsuliç həmin
siyahıda adları olanlardır. Digər bir məsələ də vardır ki, müəyyən mənada adamı
narahat edir. Bu da ondan ibarətdir ki, yeni gələn bəzi futbolçular eniş
dövrünü yaşayanlar siyahısındadır. Amma burada da bir şeyi yada salmaq lazımdır
ki, oyunçu var yaxşı məşqçinin əlinin altında əsl futbolçuya çevrilir, futbolçu
da var ki, pis mütəxəssisin əlində adi bir oyunçuya çevrilir. Uinston Parks
kimi artıq avropada kökdən düşmüş bir oyunçunu Mirça Rednik necə bir canavara çevirmişdi. "Bakı”ya
keçəndən sonra isə Parks yenə tənəzzülə məruz qaldı. Ümid edək ki, gənc və məşhurlaşmaq
üçün alışıb-yanan və buna potensial imkanları olan Bakes də bunun öhtəsindən
gələcək.
Daha iki məsələni də qeyd etmək
istərdik. Biri qapıçı məsələsidir ki, komandanın əvvəl 22-yaşlı xorvat qapıçı
İvan Çoviçlə ilkin müqavilə bağlayaraq, sonradan bu fikrindən daşınmasıdır.
Əslində Toni Doblas ismi olan yerdə bu anlaşılandır. Digər tərəfdən isə bəlkə
də alqışlanasıdır. Çünki komandamızdakı son məqamlardan biri Kamran Ağayevin
göndərilməsi məsələsi idi. Onun gedişindən sonra hər qapımızdan buraxdığımız
topa görə bəziləri hətta minnətsayağı "Kamran qalsa idi” kəlməsini işlədirdilər
və bundan sonra da belə davam edəcəyi şübhəsiz idi. Amma Toni Doblas ismi bütün
bu qaragüruhun üstündən xətt çəkir. Bunun üçün klub rəhbərliyi bizcə alqışlanmalıdır.
Digər məsələ isə Antalya təlim-məşq
toplanışı ərəfəsində, klubun sahibi Mübariz bəyin şəxsən baş məşqçi Karles
Bakesi İstambula dəvət edərək onunla birlikdə "Fənərbağça” klubunun prezidenti
də daxil bu klubun əvəzedicilər komandasının oyununa baxması və bu klubla
futbolçuların qarşılıqlı mübadiləsinin müzakirələri də sıradan bir məsələ
olmamalıdır. Bu həm də azarkeşlərə bir mesajdır ki, yəni mən özüm bilavasitə
komanda ilə maraqlanır və problemləri ilə şəxsən tanış oluram. Mübariz bəyin
son dövrlər hər hansı baş məşqçimizi, hər hansı təsadüfi görüşdə yox,
bilavasitə dəvət etməsi nadir bir haldır. Klubun sahibi bununla yəqin
müraciətdən sonra özünün klubla maraqlandığının sanki mesajını verir.
|