AFFA Nizam
İntizam Komitəsinin "Xəzər Lənkəran”la bağlı son qərarı, rəqib baş məşqçinin
tribunadan atılan bir daş parçası ilə zədələnməsi faktına əsaslanır. Bu hansısa
təxribatçı tərəfindən törədilsə də Lənkəran şəhər stadionunda baş verdiyindən
komandamızın dörd fanat qurumunun imzaladığı bir bəyanatla pislənilmiş və rəqib
klubun azarkeşlərindən, həmçinin zədələnən baş məşqçinin şəxsindən üzrxahlıq
olunmuşdu. İnsafən fanklublara daxil olmayan azarkeşlər arasında aparılan
sorğumuza görə, bu faktın heç kim tərəfindən bəyənilmədiyi və lənətləndiyini
hamıya çatdırmağı özümüzə borc bilirik.
Son zamanlar
"Xəzər Lənkəran” ətrafında baş verən hadisələrin ardıcıllığı və bilərəkdən
silsilə şəklində aparıldığı haqda bir neçə dəfə çıxış etmişdik. Ötən yayda
başlamış olan bir prosesin nəhayət başqa taktikalarla həyata keçirilməsi
planlarının olduğunu bildirmişdik. Ötən mövsüm və avrokuboklar ərəfəsində "Xəzər
Lənkəran”ın üstünü alan qara buludları azarkeşlərin birliyi qova bildisə, qışda
süni surətdə yaradılan bu sıx, qara buludlar çirkli yağışını ardıcıl yağdırmağa
başladı.
Həmişəkindən
fərqli olaraq, "Xəzər Lənkəran”a verilmiş bu son cəza tədbiri ən ağırlarından
biri olsa da, yəni burada həm para cəzası və həm də azarkeşlər üçün ən ağır cəza
sayılan iki oyun boş tribunalar arasında oyun keçirilmə qərarı bir o qədər
etirazlara gətirib çıxarmadı. Əvvəllər bundan da yüngül cəzalara kəskin
reaksiya verən "Xəzər Lənkəran” azarkeşi hardasa susqun təsir bağışlayır.
Çünki, əksəriyyət işin mahiyyətindən xəbərdardır. Onların komandanın tarixində ən
çox sevdiyi məşqçi klub rəhbərliyi tərəfindən nəhayət ki, uzaqlaşdırıldı. Baş məşqçi
Mirça Rednik gözəl mütəxəssisliyi və gözəl insani keyfiyyətləri ilə minlərlə
insanın rəğbətini qazana bilmişdi. Əslində bu qədər sevgiyə sahib olan bir mütəxəssisi
kənarlaşdırmaqla klub rəhbərliyi özünü təkləmiş oldu. İnsanlar onun gedişinə təəssüflənərək
göz yaşı tökdü. Axı niyə belə bir mühüm qərar verməzdən əvvəl klub rəhbərliyi
bu qədər insan sevgisinin üstündən xətt çəkdi? Niyə bu qədər insanın rəyi bir qəpiklik
də olsun nəzərə alınmadı? Məgər "Xəzər Lənkəran” azarkeşləri tüfeyli
insanlardır? Onların arasında əksəri tərbiyəli, ziyalı, komandasına qəlbən
bağlı olan və bu yolda çox məhrumiyyətlərə hazır olan insanlar var. İndi bəlkə
də məlum olur ki, o daş niyə atılıb. Komandanın azarkeşləri haqqında mənfi imic
formalaşdırmağa yönəlik belə təxribarçı hərəkət necə baş verə bilərdi? Qarşısı
çox hündür torla kəsilmiş tribunadan baş məşqçini necə vurmaq olardı?
Ardıcıl müxtəlif
taktikalardan istifadə etməklə, komandamızın azarkeşləri haqqında tərbiyəsizlik
imici formalaşdırmaq yönündə görün nə qədər işlər görüldü. Hakimlər və bir sıra
qüvvələr tərəfindən dəfələrlə təxribata çəkilmiş azarkeşlər həmişə səbrini
cilovlamağa çalışıb və insafən də buna nail olub. Amma azarkeşə görə kluba cəza
verənlər öz məkanlarında hansısa klub rəsmisinin döyülməsinə görə də cəza
alacaqlarmı? Yoxsa, futbolumuzun belə idarəçilik sayəsində aşınması davam edəcək?
Keçək klub rəhbərliyinin
Mirça Redniklə və İntizam Komitəsinin son cəza ilə bağlı qərarına. Bunları
paralel olaraq dəyərləndirmək daha düz olardı. Buna qədər bir neçə dəfə
komandanın çətin anlarında, hətta fanklubların klub rəhbərliyi ilə görüşmək istəməsi
haqqında müraciətlərinə məhəl qoyulmaması, faktiki azarkeşlərə olan münasibətin
nəticəsidir. Mirça Rednik kimi hamı tərəfindən bəyənilən və komandanın xoş gələcəyini
onunla görmək istəyən azarkeşlərin istəyinə məhəl qoymadan bir baş məşqçinin
uzaqlaşdırılması haqqında qərar da onu göstərir ki, klub olaraq "Xəzər Lənkəran”
heç də azarkeşinə layiq olduğu qiyməti verə bilməyib. Azarkeşlərini saya
salmamaqla onları heçə döndərən və istədiyi qərarı verməyə çalışan klub rəhbərliyi
azarkeşinə qiymət qoymursa, onda azarkeş hansı dəyərlərə söykənib komandanın cəzalandırılması
haqqında olan qərara etiraz edə bilər. Adama deyərlər ki, əvvəl klub rəhbərliyi
tərəfindən sayılın ki, sonra biz də sizi sayıb qərarlarımızda sizi nəzərə alaq.
Özünüzkülərin saymadığını, biz heç saymarıq. "Xəzər Lənkəran” azarkeşi bu
münasibətə layiq idimi? Yəni onlar o qədər
vecsiz və cılız insanlar idi ki, bu münasibətə layiq olsun? Onların sevdikləri
klubu maliyyə cəhətdən saxlamaq imkanları olmasa da bundan daha böyük ürəkləri
var. O ürək ki, "Xəzər Lənkəran” böyüklükdə bir komandanı daim ən dərin yerində
saxlaya bilib. Bəli, bundan madiyyat və mənəviyyatın fərqlərini anlayanlar daha
gözəl başa düşər. "Xəzər Lənkəran” azarkeşlərini toplum və fərd olaraq bu qədər
aşağılamaq ayıbdır... İnsanlara müti nəzərlərlə baxmaq isə ondan da ayıbdır. Ağıllı
kəslər öz şəxsiyyətinə hörmət qoyulması üçün lazım gələrsə, istənilən nəfs
hallarına qadağa qoya bilir. Amma bu o demək deyil ki, anormal münasibətə
layiqdirlər. "Xəzər Lənkəran” böyük bir ailədir. Bu ailənin sözü kənara
çıxmasın deyə çox şeylərə dözdük və bəzən heç nə olmayıbmış kimi üstündən
keçdik, çox vaxt isə müəyyən vurğularla sözümüzü dedik. Amma bu o demək deyil
ki, biz heç nə anlamırıq və mütiyik. Əsla! Biz bu saymamazlıqla barışa bilmərik.
Əgər komandanın başına Rednikdən daha güclü bir mütəxəssisi gətirəcəkdinizsə,
onda haradasa buna göz yummaq da olardı. Lakin uşaqlarla işləyən bir məşqçi ilə
bir illik müqavilə imzalanması bəlkə də hər şeyi ortaya qoyur. Biz yerli və gəncləşdirmənin
əleyhinə deyilik. Amma bunun dünya təcrübəsində daha elmi və məntiqli sübut
olmuş variantları var və biz ancaq sivil variantların tərəfdarıyıq. Bu isə
geriyə atılmış bir addım sayıla bilər. Əgər hər hansı bir çətinlik və ya maliyyə
problemi var idisə, yenə də azarkeşlərlə görüşüb bunları izah etməyə və məcburi
addım olduğunu bildirmək lazım idi. Onda
azarkeş yəqin ki, hər şeyi anlayışla qarşılayardı.
Bu işdə
olmazın "fəallıq” göstərən mətbuata, futbolçuları baş məşqçinin üstünə qaldıran
(?) qüvvələrə, olmazın səviyyəsiz yazılarla çıxış edənlərə, Rednik kimi birisinin
hətta necə yatıb-durmasını belə iyrəncliklə qabardan şəxslərə onu demək istəyirik
ki, ey özünə balta vuranlar "Xəzər Lənkəran”dan sonra yazmağa bir mövzunuz
qaldımı? Bu günün beş manatına şirniklənib sabahın daimi çörək pulunuzu itirmədinizmi?
İndi bəlkə gec də olsa bunu başa düşəcəksiniz!
Çoxminli
insanların ürəklərini verdiyi bir komanda kimlərsə tərəfindən bu kökə salınıb
oyuncağa çevrilirsə, insanların sevgisiylə oynanılırsa, onda belə sevgini izhar
etməyə dəyərmi? Ən yaxşı halda bu sevgini ürəklərimizin ən dərin yerində dəfn
edə bilərik. Sizlərsə, öz oyuncağınızla necə istəyirsiniz oynayın. Bizlərsə,
uşaq deyilik. Amma "Xəzər Lənkəran”la bizlərə bu yaxın illər ərzində qürur
yaşatdığınıza görə sizlərə təşəkkür etməyi də unutmuruq. Biz haqq itirənlər
deyilik.
Sonda sevgi və
onun oyuncağa çevrilməsi zamanında nə etməli olduğumuz haqda qərar vermək üçün
ta dövri qədimdən bu günədək olan mütəfəkkir və dahilərin əsərlərinə və həyat
yollarına müraciət edərkən, bu yöndə son bir örnəyi xatırlatmaq istərdik.
Hamımızın yaxşı xatırladığı acı bir tarix var. Son dövrün acı tarixi olan bu
örnək, onillərlə sovetlər ölkəsinə xidmət etmiş bir respublikanın insanlarının
iyirmi yanvar gülləbaranıdır. Bu gülləbarandan sonra uzun illər siyasi fəaliyyət
göstərmiş və komunist partiyasının və bu nəhəng ölkənin siyasi liderlərindən
olmuş ulu öndər Heydər Əliyevin bu qırğına etiraz əlaməti olaraq elə Moskva şəhərində "Bu partiya mənim xalqımı gülləbaran edirsə,
onda mən ondan imtina edirəm” deməklə çoxlarına örnək olmuşdu.
"Xəzər Lənkəran”ın
kimlərinsə əlində oyuncaq olması və hamının sevdiyi bir mütəxəssisi kənarlaşdırmaqla,
böyük klub olma yolundakı ümidləri puç etmək, minlərlə insanın sevgisini və ürəklərini
gülləbaran etmək demək deyilmi? Bizim də bu örnəkdən sonra sevgimizdən imtina
etməyə haqqımız var. Sovetlər Birliyi kimi ölkə futbolumuz da dağılır.
Bu günahların
yuyulmasının bircə yolu var. Minlərlə insanın sevimlisinə çevrilmiş baş məşqçimizi
postuna qaytarıb, onu daha çox səlahiyyət sahibi etmək, qiyamçılardan
qurtulmaq! Yalnız bu halda böyük klub olma yolunda daha düzgün addım atmış
olarıq. Qərarınızı dəyişməkdən çəkinməsəniz, o sevgini bir daha qazana bilərsiniz!
Ağıllı insanlar həm də bağışlamağı bacarır!
|