 
PFL hakimlər üçün
mühafizə qrupu yaratdı
Peşəkar Futbol Liqası Unibank
Premyer Liqasını idarə edən hakimlərin təhlükəsizliyini qorumaq üçün bəzi
yeniliklər etməyə hazırlaşır. Qol.Az-ın məlumatına görə, ədalət təmsilçilərinin
müxtəlif oyunlardan öncə və sonra bəzi klub nümayəndələri, azarkeşlər tərəfindən
təzyiqlərə məruz qalması PFL rəhbərliyinin buna qarşı əks tədbirlərə əl
atmasını zəruri edib. PFL prezidenti Ramin Musayev Qol.Az-ın müxbiri ilə söhbətində
bildirib ki, belə xoşagəlməz halların qarşısını almaq məqsədilə bundan sonra
xüsusi mühafizə qrupu yaradılacaq: "Bu mühafizə qrupunun üzvləri təyinat alan
bütün hakimlərin təhlükəsizliyini təmin edəcək. Həm bölgələrdə, həm də
paytaxtda keçirilən görüşlər zamanı, hakimlərlə yanaşı mühafizəçilər də göndərəcəyik
ki, belə olaylarla qarşılaşmayaq”.
Qeyd edək ki, cari mövsümün gedişində
Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "İnter” oyunundan sonra ev sahibi olan
klubun rəsmilərindən Höccət Hacıyev hakimlərin otağına daxil olaraq, onları təhqir
etmişdi. Buna görə, klub rəsmisi kifayət qədər sərt cəzalara layiq görülsə də,
PFL rəhbərliyi belə halların təkrarlanmaması üçün müvafiq tədbirlərə əl atmağı
da vacib sayır.
Bizim münasibət:
Hər bir vətəndaşın hüquqlarının və təhlükəsizliyinin
qorunması əlbəttə təqdirəlayiq haldır. Təsadüfi deyil ki, bu bütün dünyanın
demokratik dövlətlərinin öz vətəndaşlarına yanaşma tərzidir və hər bir dövlətin
konstitusiyasında təsbit olunur, eləcə də bizdə. Biz bunu öz ölkəmizin təcrübəsində
də görürük. Hətta ölkə Prezidenti andiçmə mərasimində, hər bir ölkə vətəndaşının
hüquqlarını və təhlükəsizliyini qoruyacağı barədə təminat verir və buna əməl
edir.
Bizim mövzumuz idman və xüsusən
futbolla bağlı olduğu üçün və məhz Prezidentimizin idmana bağlı insan olduğunu
nəzərə alaraq, onun ölkəmizdə idman sahəsində xeyli irəliləyişlərə nail
olduğunu, futbolun inkişafı üzrə Dövlət Proqramını təsdiq edərək, 2015-ci ilə qədər
bu proqramın həyata keçirilməsini müvafiq qurumlara həvalə edib, şəxsən nəzarətdə
saxlaması futbolsevərlərdə nəhayət, Azərbaycanda da futbolun inkişaf edəcəyinə
böyük ümidlər yaratmışdır.
Azərbaycanda futbolla bağlı olan əsas
qurumlar AFFA və PFL də bu proqramdan irəli gələn vəzifə və öhtəlikləri həyata
keçirməyə borcludurlar və deyərdik ki, çalışırlar da. Futbolun inkişafı böyük
proseslərin məcmusudur və bir çox amillərdən asılıdır. Bunlardan biri də Futbol
Hakimliyidir. Futbol hakimliyi ölkəmizdə AFFA nın nəzdində fəaliyyət göstərən əsasən
Hakimlər Komitəsi, Hakim İnspektorlar Komitəsi tərəfindən həyata keçirilir.
Onların isə bunun öhtəsindən nə dərəcədə gəlmələrini pis, yaxşı hamımız
bilirik.
2010/2011 mövsümünün dörd turu arxada
qalsa da biz hələki, bir matçda, 3-cü turda Fariz Yusifovun baş hakim kimi idarə
etdiyi "Xəzər Lənkəran” – "İnter” oyunundan narazı qalmışıq. Çox güman belə
"idarəetmə” Fariz Yusifovun 4-cü tur oyunlarına təyinat almaması və eyni
zamanda Premyer liqanın 5-ci turuna da təyinat almayıb, Birinci Divizion
oyunlarını idarə etməyə göndərilməsinə gətirib çıxarmışdır.
Amma keçən mövsüm və ondan əvvəlki
mövsümlərdə isə bərbad və qərəzli hakim idarəçiliyinə az rast gəlinməyib. Bu
müxtəlif hakimlərin ifasında özünü çox göstərib ki, indi həmin hakimlərin bəziləri
ümumiyyətlə hakimlikdən uzaqlaşdırılıb.
Konkret olaraq, bütün görüşlərini izlədiyimiz
"Xəzər Lənkəran” klubunun dəfələrlə hakimlər tərəfindən sıxışdırıldığının
çoxları şahidi olmuşdur. Belə misalları çox çəkmək olar. Lakin ötən mövsümün Lənkəranda
keçirilən və Əfqan Həmzəyev tərəfindən idarə olunan "Xəzər Lənkəran” – "Neftçi”
qarşılaşması yəqin ki, futbolsevərlərin yaddaşlarından silinməyəcək. "Xəzər Lənkəran”
azarkeşlərinin ard-arda müxtəlif instansiyalara müraciətini nəzərə alaraq və
AFFA prezidenti cənab Rövnəq Abdullayev tərəfindən haqlı olaraq, bu matçla
bağlı Əfqan Həmzəyev üç oyunluq diskvalifikasiya olundu və həmçinin müəyyən şəxslər
də müxtəlif formalarda cəzalandırıldı.
Düzdür bu matçda müxtəlif formalı qalmaqallar və
hakimin təhqir olunması belə qeydə alınmışdı. Amma gəlin görək belə qalmaqal həmişə
baş verirmi? Ümumiyyətlə, normal idarə olunan neçə-neçə matçlarda azarkeşlərimiz
hakimlərin təmiz idarəçiliyini qiumətləndirmiş, onlar meydanı tərk edən zaman
azarkeşlərlə sağollaşarkən, uzun uzadı əl çalmaqla azarkeşlər tərəfindən
alqışlanmışlar. Ümumiyyətlə əxlaq və başqa qayda-qanunlara görə kim nə edirsə,
o da başına gəlir. Bunu dahilər bir çox misallarla və ya təmsillərlə qələmə
almışlar. Məsələn, məşhur "Durna və Tülkü” timsalında, sonda tülkünün dili ilə
deyilən məşhur kəlam olan "Nə tökərsən qarşına, o çıxar qaşığına” deyimini hər
kəs xatırlamamış deyil.
Son günlərdə PFL hakimlərin qorunması
ilə əlaqədar mühafizə qruplarının yaradılmasına qərar verib. Yuxarıda göstərdiyimiz
kimi hər kəsin qorunması təqdirəlayiq haldır. Amma bu o demək olmamalıdır ki,
hakim özbaşınalığı və ədalətsizliyi, qorunmalarına arxayın olaraq baş alıb
getsin. Əlbəttə, PFL və Hakimlər Komitəsi yəqin ki, bundan sonra hakimlərin işlərinə
daha diqqətlə yanaşacaq lazım gəldikdə isə lazımi cəza tədbirləri tətbiq edəcəklər.
Amma hər matçın komandalar üçün bəlkə də həyati əhəmiyyət kəsb etməsini futbol
qurumları anlamalıdırlar. Çünki sonda bu gün edilən hakim səhfi və ya qərəzi
sonda hansısa klubu çempionluqdan edə bilən xal itkisi ilə üz-üzə qoya bilər.
Hakim qorunursa arxayınlaşmamalı, əvəzində
onun hakimlik həyatına təsir edən cəzalarla üz-üzə qalmalıdır ki, mövsüm
sonunda hansısa komandanı çempionluqdan və ya başqa uğurdan edib, ona həyati zərbə
vurmasın.
Bizim sağlam hakimlik ənənələrimiz əvvəl
də olub, indi də var. Lakin cənab hakimlər, gəlin bu sağlam ənənələri siz də
davam etdirin ki, heç olmasa özbəkistanlı hakim Ravşan İrmatov kimi, fitinizin
səsi dünyanın məşhur turnirlərindən eşidilsin. Ravşan İrmatovu isə son Dünya
Çempionatının bir neçə məşhur oyunundan, onun verdiyi ədalətli və düzgün qərarlardan
bütün dünya tanıdı.
|