Çox çətin olacağı əvvəlcədən də
gözlənilən "İnter”-"Xəzər Lənkəran” matçı nəhayət ki, 16:15-də start götürdü.
24-cü turun bu oyunu ya lideri dəyişəcək ya
"Xəzər Lənkəran”ı şəriksiz lider edəcək və ya da turnir cədvəlindəki
ikihakimiyyətliliyi davam etdirəcəkdi. Oyundan öncə "Şəfa” stadionunda çox
gözəl atmosfer vardı ki, bu barədə bir qədər sonra danışacağıq.
Azarkeşlər hələ matçı izləməyə
motivasiya olmamışdı ki, baş hakim Fariz Yusifov qəribə hərəkətlərdən sonra
(başında sanki bir neçə qərar varmış kimi) 11-metrlik nöqtəni göstərdi. Bəli,
qapımıza penalti təyin etdi və 1:0.
Oyunboyu, bir çox hakimlərimizə
məxsus səhvlər buraxmaqla yadda qalan F.Yusifov 40-cı dəqiqələrdə mövge seçə
bilməməklə daha bir kobud səhvə yol verdi. Göstərilən dəqiqələrdə komanda
yoldaşı ilə divar ötürməsindən sonra rəqibini də keçən Çvetkova gələn topun
qarşısını kəsdi.Top referiyə dəyərək geri döndü və Çvetkovun qapıçı ilə təkbətək
çıxmasına mane oldu.Belə hücum faktının qarşısını kobudluqla alan rəqib
futbolçuya qırmızı vərəqə göstərilir. Bəs biz bu halda Yusifova nə etməliyik? Beləcə
birinci hissə bitdi.
İkinci hissəyə çox fəal və
sürətli hücumlarla başlayan komandamız biri dirəkdən dönən top olmaqla bir neçə
qol vəziyyəti yarada bildi.Lakin bunlardan heç birində rəqib qapısının toru
silkələnmədi. Oyun elə bu hesabla da bitdi. Lakin hələ qarşıda daha 8 tur var
və çempion olmaq şansları böyük ölçüdə qalmaqdadır.
Hesabın belə nəticələməsi
əhvalımızı korlasa da dediyimiz kimi matç öncəsi gözəl atmosfer var idi. Belə
ki, fanklubumuz tərəfindən gözəl bir layihə həyata keçirildi. Əvvəlcədən də
bildiyiniz kimi bu matç Novruz bayramının ilk gününə təsadüf etmişdi. Bundan
istifadə edən fanklubumuzun rəhbərliyi qarşılıqlı təbrik layihəsini həyata
keçirmək ideyası ilə çıxış etdi. Bunu həyata keçirmək üçün digər azarkeş klubu
olan "12-ci oyunçu”larla və Rəsmi fanklubla məsləhətləşmək qərarına gəldik ki,
daha gözəl alınsın. Hər iki azarkeş qurumu bunu çox gözəl qarşıladı və mümkün
qədər köməklik edəcəklərini dilə gətirdilər. "12-ci”lər "İnter” fanklubu ilə
əlaqə qurmaqda və bunun işıqlandırılmasında nəticə verən səy göstərdilər. Rəsmi
fanklub isə layihəni həyata keçirərkən əvəzsiz rol oynadılar.
"Xəzər Lənkəran” fanatları
buna hazır olduqdan sonra "İnter” fanatlarını bu layihə ilə tanış edib razılıq
almaq qalırdı ki, bunu da ideya müəllifi kimi "Bosman” fanklu həyata keçirdi.
Bəri başdan deyək ki, "İnter” fanklubu da bu ideyanı çox gözəl qarşıladı və
"ikiəlli tərəfdarıq” deməklə bizimlə həmrəy olduqlarını nümayiş etdirdilər.
Deməli, bizim təklifimizlə
qarşılıqlı bayram təbrikləri nəzərdə tutulurdu. Bunun üçün qarşıliqlı olaraq,
üzərində göy rənglə "İnter, Bayramınız Mübarək!” yazılmış baner bizim azarkeşlərin əlində,
üzərində yaşıl rənglə "Xəzər, Bayramınız Mübarək!” yazılmış baner isə "İnter”
fanatlarının əlində yuxarı qaldırılacaqdı.Daha sonra banerin üzərindəki təbrik
şüarını hər tərəf qarşı tərəf üçün uca səslə ardıcıl bir neçə dəfə fasilələrlə
səsləndirəcəkdi. Bu matçın start fitinə qədər davam edəcəkdi, start fitindən
sonra banerlər yığışdırılacaq və əsl idman mübarizəsi başlayacaqdı.Hər tərəf öz
komandasını dəstəkləyəcəkdi.
Oyundan bir qədər əvvəl
"İnter” fanklubunun vitse prezidenti Elçin Həsənovla görüşüb bütün detalları
dəqiqləşdirdik və biz qonaq komanda olduğumuzdan yuxarıda göstərilən prosedurun
bütün ardıcıllığını əvvəlcə onlar başlamalı və biz də qarşılıq verməli idik.
Deyəsən, bu stadionda olan
çoxsaylı azarkeşlərimizin də ürəyincə oldu. Çünki şüarlar səsləndirilən zaman
onlar da buna həvəslə qoşulurdular.Hamıya təşəkkürümüzü bildiririk.Demək
istəyirik ki, bununla, "Xəzər Lənkəran” və "İnter” fanatları Respublikada ilk
dəfə olaraq əsl dostluq və sağlam idman mübarizəsinin nümunəsini göstərmiş
oldular.
|