Bildiyiniz kimi "Caspian Ultras”
fanklubunun toplantısı keçirilmişdi və aldıqları qərara görə, son günlərdəki "Xəzər
Lənkəran” ətrafındakı problemlərlə əlaqədar olaraq, onlar bütün fanklub
rəhbərlikləri ilə birlikdə klub rəhbərliyinin ən yüksək səviyyədə olan bir
görüşünü keçirməyi istəmişdilər. "Bosman” fanklubunun rəhbəri kimi məni və
nümayəndə heyətimizi bu görüşə dəvət etmişdilər. Artıq bu barədə saytımızda
qabaqcadan məlumat vermişdik. Mən onlardan soruşduqda ki, dəvətə digər
fanklublar nə cür reaksiya verib? Cavab belə oldu: "İlk olaraq sizə zəng vurduq”.
Belədə mən də öz əvəzimdən bunları "Caspian Ultras” tərəfinə çatdırdım: "Əgər
digər fanklublar da görüşdə iştirak edəcəksə və belə bir görüş baş tutacaqsa,
onda bizim də iştirakımız məqbuldur.”
Daha sonra yəni ertəsi günü təşəbbüskar fanklub
rəhbərliyindən zəng gəldi və artıq digər fanklub rəhbərlikləri ilə də görüşün
razılaşdırıldığı bildirildi, həmçinin görüşün vaxtı və yeri də
dəqiqləşdirildiyindən bizim də nümayəndə heyətinin tərkibini bilmək istədilər.
Mən əlbətdə ani cavab verə bilməzdim. Çünki görüşdə iştirak edəcək üzvlərimizin
hansıları üçün həmin vaxtın məqbul olduğunu dəqiqləşdirməliydim. Belə də etdim
və nəhayət fanklub rəhbəri kimi özümün və iki idarə heyət üzvü olan Etibar
Cəbrayıloğlunun və Mehman İsmayılovun adlarını onlara təqdim etdim ki, elə bu
tərkibdə də görüşdə iştirak etdik.
Vaxtında görüş yerində "Caspian Ultras” fanklubunun
üzvləri tərəfindən qarşılandıq. Görüş "Xəzər Lənkəran”ın Bakıdakı baş ofisində
baş tutdu. Görüş keçirilən zalda hər stulun qarşısında iştirak edəcək şəxsin
adı və təmsil etdiyi fanat qurumunun adı yazılmış lövhə stolun üstündə
qoyulduğundan, hərəmiz öz yerimizi aldıq. Bunları detallarla yazmaqda məqsəd
görüş haqqında bəzi dedi-qoduların meydana çıxması səbəbidir.
Onsuz da görüşə getməkdə məqsəd bütün ictimaiyyətin
bildiyi kimi klubun son durumu ilə əlaqədar Sentyabr ayının ilk günündə fəxri
prezidentə ünvanladığımız müraciətlə bağlı idi. Müraciəti isə iki fanat
qurumunun rəhbərləri imzalamışdı. Bu mənada "12-ci Oyunçu” azarkeş qrupunun
rəhbəri İslam Cabbarlı ilə belə razılaşmamız oldu ki, görüşün əsas məqsədi kimi
bu müraciətin cavabı üzərində quraq. Hər hansı şəxsi məsələlərdən kənarda qalaq
və ya görüş bu istiqamətdə gedərsə, zalı tərk edək. Çünki heç bir şəxsi
məsələlərə qarışmamaq niyyəti bizim strategiyamızın əsas hissəsidir.
Görüşdə klubun ən yüksək səviyyədə iştirakı bizə
deyilsə də, burada Tuyqun Nadirov və mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev
iştirak edirdi. Təbii ki, biz etik normaların imkan verdiyi dərəcədə öz
etirazlarımızı çatdırdıq və bildirdik ki, bizi əsas müraciət məsələsi
maraqlandırır. Və təbii ki, imkan düşmüşkən ümumi azarkeş kütləsinin iradlarını
və fikirlərini də çatdırmağı unutmadıq. Bu barələrdə nələrəsə nail olmağı isə
qarşıdakı zamanda görmək ümidindəyik. Belə məsələlərə biletin qiymət məsələsi
də aiddir ki, bu barədə Etibar Cəbrayıloğlu çox təkid etdi. Ümumiyyətlə Nadirov
növbəti görüşün Mais Mənsimovla nəzərdə tutulduğunu da etiraf etdi.
Daha görüşün şəxsi məsələlərlə davam etməsinə kimsə
tərəfindən cəhd olunmasına imkan verilmədi. Amma "Facebook” səhifələrində
xoşagəlməyən fikirlərlə rastlaşdığımdan bunları da deməliyəm ki, son günlər
bütün ictimaiyyətin bildiyi kimi "12cioyuncu.info” və "Futbolpress.az”
saytlarına haker hücumları təşkil olunanda biz "Bosman” fanklubu etiraz səsimizi
çıxardıq və mənəvi dəstəyimizi nümayiş etdirdik. Bunu ona görə etmədik ki,
kimsə bizə sağ ol desin, yox! Elə görüşdə şəxsi məsələlərə söz gəlib çatanda da
birgə reaksiyamız belə oldu. "adı çəkilən adam burada yoxdursa, bu məsələni
kənara qoyun. Biz belə müzakirələrdə iştirak etmirik!”
İndi bəzi elektron səhifələrdə görüşə qatılanları
bunda ittiham edənlər, Allahlarından qorxsunlar. Hər vəchlə, hər "məntiqlə”
buna nail olmaq istəyənlər varsa da bunlar hamısı həqiqətdən uzaq məsələlərdir.
Klub bir kəslə görüşəndə və ya onu təlim-məşq toplanışlarına, xaricdə keçirilən
oyunlara aparanda, görmüsünüzmü ki, biz kimi isə belə şeylərdə ittiham edək?
Elə isə başqa bir məntiqlə desək, necə olur ki, dünənki görüşdə müzakirə olunan
əksər məsələlər üstündən saatlar keçməmiş bu görüşdən narazı qalan saytların və
bəzi səhifələrin vasitəsilə paylaşılır? Biz bu iddiada deyilik. Amma belə də
çıxa bilər ki, Tuyqun Nadirovla haq-hesabı olan kimi görsənən şəxslər elə onun
özündən məlumat alıb ki, bunu tezliklə paylaşa da bilib. Odur ki, ittiham irəli
sürüləndə diqqətli olmaq lazımdır.
Mirhafiz Babayev
|