Yenə may
ayı, yenə gilasın yetişən vaxtı və yenə anbarda qalan səbət yada düşdü. Bizlərdə
ağacdan gilası dərib səbətə yığırlar. Kimisi elə özü üçün istifadə edib meyvə
kimi yeyir və ya mürəbbə bişirir. Kimisi də çox gilas dərdiyindən elə əvvəlcədən
onu bazar üçün nəzərdə tutur. Qısası əmtəə kimi istifadə edir. Səbətlərin də bəzən
seyrək toxunuşlu olmasından və ya köhnə olmasından, o qədər yerə qoyulub
götürülməsi səbəbindən dibi nazikləşir ki, nəticədə də açılmış olur. Belə
olanda bazara aparılan gilas yolda səbətin dibindən dağıla-dağıla gedir və
bazara müəyyən çəki itkisi ilə çatır. Bu o qədər də böyük itki sayılmadığından,
ona oqədər də fikir vermirlər, əhəmiyyətsiz itki kimi qəbul edirlər. Ona görə də
böyüklərimizdə, kimsə danışanda ona fikir verilməyəndə "səbət g....... gilas
tökülmür!” kimi etiraz növü var. Yəni danışılanlar boşuna deyil a bala...
Nə isə deyəsən xalqlarda bir sıra
ümumi mədəniyyət yaxınlığı burada da özünü göstərir. Yoxsa, niyə həmişə gilas
yetişən vaxtı UEFA səbətlərini çıxarıb qoyur ortaya ki, görək səbətlərdən hansı
daha çox gilas tutur və hansından hansı növ gilas çıxacaq. Bunun üçün əvvəl
gilasları dəyərləndirirlər ki, hansını, hansı səbətə qoymalıdırlar. Əvvəlcə ən
yaxşılarını seçib birinci səbəti doldururlar ki, bunu da bazarda baha qiymətə
satsınlar. Sonra birinci səbətdə olan gilaslardan az fəırqlənənləri ikinci səbətə
yığırlar. Ondan zəiflərini və nəhayət ən zəiflərini ardıcıl olaraq üçüncü və
dördüncü səbətə yığırlar. Burda da fikir verirlər ki, əvvəlki iki səbət
dolduqdan sonra, bir yerə yığılıb səpələnmədən qalanları üçüncüyə, o tərəf bu tərəfə
səpələnmiş malları isə dördüncüyə yığırlar. Qısası malları çeşidləyirlər. Bu il
isə çeşidləmədə bir az çox fikirləşirlər hələ. Çeşidləyici yerdə az miqdar qalmış
mallara baxaraq, soruşur ki, ay bala bu səpələnmişləri hansı səbətə yığım? Hələki malı bazara çıxarandan səs çıxmır ki,
çıxmır.
İşin də pisi ondadır ki, bizim tərəfin
məhsulu olan mallar dan bir hissəsi yerdə qalıb. O biri dadsız, yalnız
dekorativ gözəlliyi olan gilasları artıq səbətlərə yerləşdiriblər. Amma cənubun
dadlı növü olan və çox vitamini ilə seçilən məhsulu səbətə hələ də yığmayıblar.
İndi gəl bunlara başa sal ki, ay qardaş, bu mal, sən gördüyün o birilərindən
deyil. Bu çox dadlı, çox vitaminli və xarab olmayan məhsuldur. Nə olsun ki, bizdən
sizə göndərilən o biri mallara güclü xarakteristika verib, gözəl də etiget
yapışdırıblar. Bu sizi aldatmasın. Özünüz araşdırın görün hansı daha
layiqlidir. Onda bilərsiniz malların əsl fərqin. Deyəsən bu çağırış orada
kiminsə ağlına batıb deyə yaman labarator analizlərə başlayıblar. Əşşi, düzünü təyin
etsələr də, etməsələr də bazara çıxarılandan sonra bilinəcək ki, hansı məhsul
daha uzun ömürlüdür və çox davam gətirəcək. UEFA-nın səbətləri bazara gedincə bəzi
mallar da elə yolda dağılacaq.