Bilirsiniz
ki, May ayının 28-də ölkə kubokunun finalı keçiriləcək. Finalda "Neftçi” və "Xəzər
Lənkəran” komandaları görüşəcəklər. "Xəzər Lənkəran” azarkeşləri kimi "Bosman”
fanklubu bu oyuna hazırlıq görür və bu məqsədlə may ayının 21-də fanklubumuz öz
toplantısını keçirmişdir.
Əvvəllər
kubokun final oyunu bir qayda olaraq elə bu günə təyin edilirdisə, sonradan
finalın bu ənənəvi tarixi dəyişdirilərək, may ayının müxtəlif günlərinə
salınırdı. Bilirsiniz ki, May ayının 28-i Azərbaycan Respublikasının müstəqil
dövlət kimi elan olunduğu şərəfli bir tarixdir. Ölkəsini sevən hər bir kəs üçün
bundan şərəfli bir tarix ola bilməz. Bu tarix bütün ölkəmizdə sevinclə qeyd
olunan bir dövlət bayramıdır. Odur ki, final oyununun bu bayram günündə
keçirilməsi futbol ictimaiyyəti üçün ikiqat bayrama çevrilir. Elə futbol
ictimaiyyətinin, idman mediasının, xüsusən də "Futbol+” qəzetinin ardıcıl
səyləri və davamlı yazıları sayəsində nəhayət final oyunu ənənəvi tarixinə
qovuşdu. "Bosman” fanklubunun da dünənki toplantısında finala hazırlıq
məsələsinə məhz bu prizmadan yanaşmaq idi.
Hamının
bildiyi kimi bu iki komanda arasında keçirilən oyunlar özünəməxsusluğu və gərginliyi ilə seçilir.
Zaman-zaman hər iki klubun azarkeşləri arasında müxtəlif söz atışmalarından
tutmuş, digər xoşa gəlməyən hallar da yaşanıb.
"Bosman”
fanklubunun dünənki toplantısında bütün bunlar müzakirə olunaraq, qərara alındı
ki, olub keçənləri unudaraq bu gözəl bayram günündə Azərbaycan Respublikası
naminə bu gözəl bayram şərəfinə hər iki komandanın azarkeşləri bir-biri ilə
hörmətlə davransın və bu əziz bayram günündə xoş ovqat yaşansın. Futbol bir
idman növüdür. Qoy həmin gün meydanda əsl idman mübarizəsi getsin və kim haqq
edərsə, o da qalib gəlsin. Azarkeşlərə komandalarının qalib gəlməsindən və ya
məğlub olmasından asılı olmayaraq xoş həyəcan qalsın.
Əlbəttə "Bosman” fanklubunun toplantısında konkret təkliflər
səsləndi. Həm də qərara alındı ki, "Neftçi” klubunun fanatları ilə yaxın
günlərdə görüş keçirilsin və onların da səsləndirəcəyi təklifləri bir yerə
toplayıb, onlarla birlikdə konkret qərarlar və hərəkət xətti müəyyənləşdirilsin.