-Azərbaycan
kubokunun finalında baş verən qalmaqal sizcə nəyin nəticəsi idi?
- Bildiyiniz
kimi kubokun finalı Azərbaycanın dövlət kimi elan olunması yəni müstəqllik
gününə təsadüf edirdi və bu xoş gündə vətənini sevən heç kimsəyə hər hansı
məsələ, qalmaqala əsas verən səbəb ola bilməzdi. Amma çox təəssüf ki, bu baş
verdi və həm də dostluq vasitəsi sayılan idman sahəsində. Bu, az əvvəl "Bakı”,
"Qarabağ” və digər klublarla "Neftçi” klubu arasında baş verən oxşar halların,
belə demək mümkünsə, cəzasız qalmasının nəticəsidir. Söhbət bir-iki oyunluq və
ya maddi cəzadan getmir. Burda xəsarət, idmançılar arasında və yarış zamanı baş
verməyib deyə, yuxarıda sadaladığım cəzalar yetərsizdir. Oyundan sonra klubun
işçisi digər klubun idmançısına, konkretləşdirsək, mühafizə xidmətinin
əməkdaşları digər klubun futbolçusuna xəsarət yetiribsə, bu artıq hüquq
mühafizə orqanlarının səlahiyyətində olan bir məsələdir. Yadınızdadırsa, bir
müddət əvvəl ölkə prezidenti yol hərəkəti pozuntuları zamanı cərimələrin
artırılması ilə əlaqədar göstəriş verəndə belə bir kəlmə işlətmişdi: Bir adamın
ki, altında əlli min, yüz minlik avtomobili varsa, əlbəttəki o qaydanı pozacaq
və kiçik olan 10-15 manatlıq cəriməni asanlıqla ödəyəcək.
-
Lənkəranlı futbol veteranları və fan klublar ölkə ictimaiyyətinə müraciət etdi.
Nəyinsə dəyişəcəyinə ümid varmı?
- Hər halda bu müraciət əlbəttə təsirsiz ötüşməyəcək.
Çünki haqlı və insanpərvər bir müraciətdir. Müraciəti daha da kəskin etmək
olardı. Lakin bildiyimizə görə hüquq mühafizə orqanlarında da bu iş araşdırılır
və istintaqa təzyiq olmasın deyə yumşaq formada tərtib olundu.
-
Baş verən hadisələrin qarşısını almaq üçün günahkar tərəf, yəni "Neftçi” klubu
rəsmən üzr istəməyib. Düzdür klubun iki təmsilçisi yalnız öz adından baş
verənlərə görə, üzr istəyib. Buna münasibətiniz necədir?
- Əslində üzr istəmək insanlığın və mədəniyyətin bir
növüdür. Bunu təqsirini anlayan hər hansı bir özünə hörmət qoyan tərəf
etməlidir. Ya bunun yoxluğudan ya da özlərini təqsirkar bilmədiklərindən bunu
etməyiblər. Edənlər də çox sağ olsun və digərlərini də bu yola dəvət etsinlər
ki, əks tərəf də bağışlaya bilsin. Yəqin özündən yuxarılara yaxın olmanın
eqoizmi kimlərəsə bu addımı atmağa imkan vermir.
-
Kubokun final oyunundan əvvəl "Bosman” fan klubu Respublika günündə keçirilən qarşılaşmada
hər iki komandanın azarkeşlərlərini bayram günündə bir-birinə hörmətlə
yanaşmasına cağırmışdız. Bildiyimiz qədəri ilə "Neftçi” azarkeşləri bu
təşəbbüsə soyuq yanaşıb. Buna aydınlıq gətirməyinizi xahiş edirəm...
- Biz "Bosman” fanklubu olaraq həmişə sağlam
münasibətin tərəfdarıyıq. Bəzən buna görə bizi qınayanlar da olur. Amma son
final hadisələri bir daha onlara göstərdi ki, biz düz yoldayıq. Oyndan bir neçə
gün əvvəl fanklubumuzda toplantı keçirmişdik. Qərara alınmışdı ki, rəqib
tərəfin azarkeşləri ilə də görüş keçirək və bu bayram gününə kölgə salacaq heç
bir hərəkətə yol verməyək. Mən "Flaqman” fanklubunun rəhbəri Ceyhun bəylə
telefon əlaqəsi yaradaraq fikirlərimizi ona çatdırdım. Ceyhun bəy də bunlarla
tam razı olduqlarını həm ilk, həm də ondan sonrakı telefon əlaqəsi zamanı
bildirdi. Sizin də gördüyünüz kimi azarkeşlər arasında həmin gün heç bir
xoşagəlməz hal yaşanmadı. Yaşananlar "Neftçi” klubu səviyyəsində oldu.
-
Bizə çatan məlumatlara görə, rəqib komandanın fan klublarının sizin təşəbbüsə
dəstək verməməsi "Neftçi” rəhbərliyinin tapşırığı olub. Bu nə dərəcədə düzdür?
- Bu barədə bir söz deyə bilmərəm, yanlarında
olmamışam. Biz sadəcə vaxt azlığından görüşə bilmədik, amma telefon əlaqəsi
zamanı razılığa gələ bildik. Onu da deyim ki, bu razılıq heç bir israrsız oldu
və isti qarşılandı.
-
Sizə elə gəlmirmi, "Neftçi” rəhbərliyi təşəbbüsünü dəstəkləməməklə bayram günü
dava-dalaşda maraqlı olduğunu göstərib?
- Yox, məncə onlar da heç vaxt istəməzdilər ki, bayram
günündə belə bir şey olsun. Ən azı özündən yuxarıdakıları pis vəziyyətdə
qoydular. Burda sadəcə kiçik vəzifəli şəxslərin özündən böyüklərə yaxın olma
hissinin verdiyi eqoizm və bir də deyirəm ki, əvvəl olan oxşar hadisələrə görə
cəzasızlığın verdiyi arxayınlıq rol oynadı.
-
Bu hadisələrin cavabı kimi Lənkəranda keçirilən "Böyük oyun”da analoji
hadisələrin təkrarlanması mümkündürmü?
- Çox gözəl və yerində verilmiş sualdır. Əlbəttə,
bunun baş vermə ehtimalı o halda qalır ki, məsələnin üstündən elə belə keçmiş
olsunlar. Burda inzibati cəzalar olmalıdır. O halda hamı anlayar ki, qanun var
və bundan qaçmaq mümkün deyil. Əks halda bəzi məsul şəxslər deyir ki, unudun
getsin və ya odun üstünə benzin tökməyək, su tökək. Onlar niyə bəs deyəndə bunu
fikirləşmirlər ki, bir-birinin üstünə yığılan potensial narazılıq sonradan daha
da şiddətli nəticələrə səbəb ola bilər. Bizdə bəzən futbol rəsmiləri orta
əsrlərdəki kimi danışır, idarə edirlər. Bu hadisələr elə bu davranışın
nəticəsidir. Əgər bu işlərdə müəyyən günahı olan insanlar cəza alsalar və ya
işdən götürülsələr, inandırıram ki, xoşagəlməzliklərin qarşısı alınmış olar.
Həmçinin hüquq sərhədlərinin də bilinməməsi buna yon açır. PFL təhlükəsizliyi
təmin edə bilmir. İntizam komitəsi fotoqrafa görə klubu cərimə edir və ona bir
neçə oyunluq cəza verir. Bu hüquq sərhədlərinin bilinməməsinin ucbatından olan
işdir. Məsələnin bu yerinə çatanda İK deməliydi ki, biz oyundan sonra baş verən
fotoğrafın və ya bu kimi şəxslərin əməllərinə görə cəza verə bilmərik. Bunu
hüquq mühafizə orqanları araşdırmalıdır. Bax bunu bilməyənlər bizim futbola
rəhbərlik edir.
-
Fan klub rəhbəri kimi sizcə "Xəzər Lənkəran” klubunun baş verənlərə münasibəti
yetərli idimi? Klubun idman direktoru Babək Quliyevin vəzifəsindən
çıxarılmasını necə qarşıladız?
- Mətbuatdan bildiyimiz qədərincə klubun sahibi,
prezidenti, vitse-prezidenti, mətbuat katibi kifayət qədər sərt münasibət
bildiriblər. Bir də apelyasiya şikayəti vermək barədə qərarlarını açıqlayıblar.
Klubla şəxsi əlaqələrimiz olmadığından daha nə planları olduğundan isə xəbərim
yoxdur. Məncə hələlik bu mərhələdə hüquqi cəhətdən bunları yetərli sayıram. Bir
də onu da deməliyəm ki, digər klubların dost fanklubları da bizimlə əlaqə
saxlayıb, bu haqq yolunda dəstəklərini verəcəklərini nəzərimizə çatdırıblar.
Babək Quliyev haqqında da təəssüf hissi keçiririk. Bunu obrazlı desəm, nə
yatdım ki, nə də yuxu görəm.
-
"Xəzər Lənkəran”ın yeni tarnsferləri azarkeşləri qane edirmi? Növbəti mövsüm
klub qarşısına qoyduğu məqsədlərə çatmaq üçün nələr dəyişməlidir?
- Mənə elə gəlir ki, komandanı gücləndirmək baxımından
Mirça Rednikin vaxtını çıxmaq şərti ilə əvvəlki illərdən daha fəal transfer
yanaşması göstərilir. Hələlik edilən transferlər orta səviyyəlidir. Bir də
istedadlı oyuncu əsl mütəxəssis əlində gözəl futbolcuya çevrilir. Bunu Rednikin
vaxtında Uinston Parks və digərlərinin misalında göstərə bilərəm. Sonrakı Parks
artıq unudulub. Bir də bu hələ transferlərin tamamı deyil. Toşakın böyük təcrübəsini
və tanınmış olmasını nəzərə alsaq, bundan sonrakı mərhələdə daha güclülərini
gözləyirik. Hər halda klubun qarşıya qoyduğu məqsədlərinə görə də hərəkət
etdiyini düşünürəm. Bildiyimə görə Con Toşak istirahətə gedərkən yolüstü klubun
sahibi ilə də görüşüb. Əgər bu belədirsə, onda sualınıza müsbət cavab verə
bilərəm. Nələrin dəyişməsinin lazım olduğuna gəldikdə, bu bizim klub rəhbərliyi
ilə aylar əvvəlki görüşümüzdən başlayıb. Mübariz müəllim səxsən diqqətini kluba
ayırıbsa, inanıram ki, hər şey yaxşı olmalıdır.
Mənbə:
Avrofutbol.com
|