Ceyhun Əzizli:-"Elə insan var evdə oturub ağlayır"
Yığmanın biabırçı məğlubiyyətindən ən çox əzab çəkən azarkeşlər oldu. Bu mənada almanlarla qarşıdan gələn matçda onların kəskin etirazları gözlənilən olacaq. Bizimlə söhbətdə fanklub rəsmiləri dediklərimizi böyük ölçüdə təsdiqlədilər. Nə edəcəklərini isə öz dillərindən eşidək.
Elvin Süleymanov, "Qarabağ" fanklubunun rəhbəri: "Təəssüf ki, yığmanın biabırçı oyununu izlədik. Amma almanlarla oyununa gələcəyik, bu bizim borcumuzdu. Azarkeş olaraq etirazımızı bildirə bilərik. Hərənin öz şəxsi fikri var. Amma fanklub olaraq hansısa etiraz formasından istifadə etməyəcəyik. Yəni plakat-filan açmaq fikrində deyilik. Düzdü, yığmanın taleyi bizi düşündürür, şəxsən mən Berti Foqtsu millimizin başında görmək istəmirəm. Əlimdən başqa nə gələ bilər ki? Bu gün uşaqlarla yığışıb bu haqda müzakirələr aparacağıq".
Ceyhun Bədəlzadə, "Flaqman"ın prezidenti: "Nə düşünüm? Məndən başqa bir çoxları da fikirləşir ki, Qazaxıstan nəinki qələbə qazana, hətta qol vura bilmir. Amma bizim yığma karvansaraya oxşayır. Çatan zibilini atıb, çıxıb gedir. Amma Almaniya ilə matça gələcəyik. Bu bizim yığmadı, Foqtsun deyil. Hamı edərsə, biz də etirazımızı səsləndirərik. Niyə də səsləndirməyək?! Bu haqda fanklubumuzun uşaqları ilə də söhbət etmişik. İçəri keçirməyə icazə versələr, plakatlarımız da olacaq. Almaniyaya uduzsalar, "istefa" şüarı səsləndirəcəyik. Pis çıxmasın, hətta heç-heçəni belə qəbul etmirəm. Bunu uğur saymaq olmaz".
Ceyhun Əzizli, "UltraNeftçi"nin rəhbəri: "Biabrçılıq yox, ondan betər idi. Bizdə futbol yoxdu. Foqts gəldi, futbolumuzu dağıtdı. Nə qədər demək olar. Bizim yığmamız yoxdu. Olsaydı, bizi biabır etməzdilər. Belə şey olmaz axı. İnanın Allaha, elə insan var evdə oturub ağlayır. Millət bezib. Foqts bizi nə günə qoyub, bilmirəm. Səmimi deyirəm, almanlarla oyuna getmək istəmirəm. Fanklub olaraq getməyəcəyik. Kimsə istəyirsə, ayrı-ayrılıqda gedə bilər. İnsan nə qədər biabır olar? Onsuz da bir neçə oyunda "istefa" qışqırmışdıq. Yadınızdadısa, bizim kişilər Uelsin 21 yaşlılarından ibarət komandasına məğlub olanda belə etiraz aksiyası həyata keçirmişdim. Stadionda qışqırmaqla deyil ki. Qışqırsaq nə olacaq? Sadəcə, hər kəs ayağa qalxmalıdı. Azarkeş xalq deməkdi. Bu xalqı da bezdirmək olmaz axı".
Ruslan Hənifəyev, "Bakı" fanklubunun prezidenti: "Bu milli üzümüzü heç vaxt ağartmayacaq. Belə gəlib, belə də gedəcək. Hamısı pul tələsidi. Gəlirlər, pullarını qatlayıb çıxıb gedirlər. Başqa heç nə gözləmək olmaz. Almaniya ilə matça gedib millimizi dəstəkləyəcəyik. Əlbəttə, məğlub olsalar, etirazımızı bildirəcəyik. Uduzmaq deyəndə də 0:1 hesabını özümüz üçün uğur sayırıq. Qazaxıstandakı kimi meydanda gəzməyə nə ad verəsən? "İstefa" qışqırmaq fikrimiz də var, əlimizdə deyil bəyəm? Amma Foqtsda günah yoxdu. Çünki bizdə futbol oynamağı bacarmırlar. O gün Latviyanın da oyununa baxdım. Elə gözəl oynadılar ki. Belə baxırsan, 90 dəqiqə bütün futbolçular işləyir. Hətta hesabda 0:2 geridə olmalarına baxmayaraq. Amma bizimkilər işləmək əvəzinə baş girələyirlər. Yerlərində dayanıblar, Foqts buna neyləsin? Bir də ki, bura 50 yaşdan yuxarı məşqçi gətirməyin yeri yoxdu. Məktəbimiz yoxdu, futbolçularımız indi-indi yetişir. Gördüz 3 yaş qrupundan ibarət komandamız çempion oldu. Ümid onlaradı. Etiraz olaraq plakat açacağıq. Yoxsa belə getsə, bunlar arxayınlaşarlar və fikirləşərlər ki, belə də olmalıdı."
Elçin Həsənov, "İnter" fanklubunun başçısı: "Çox bərbad oyun oldu. Sözün düzü, 40 yaşım var və 20 ildi futbola baxıram, hələ belə oyun görməmişdim. Təbii ki, fanklub kimi almanlarla oyuna gələcəyik. Etiraz deyəndə, o qədər belə etmişik ki. Bəyəm azarkeşin sözünü eşidən var? Fikrimcə, "istefa" qışqırmaq düz hərəkət deyil. Çünki Foqts onsuz da "istefa" sözünü başa düşmür. Bu söz meydanda oynayan 11 futbolçuya psixoloji təzyiq ola bilər. Oyunlarını itirə, ruhdan düşə bilərlər. Amma banner açmaqla etirazımızı bildirə bilərik. Fikrimcə, almanlar bizə xal verəcək. Həm futbolumuzun 100 illiyinə görə, həm də açıq danışaq, hamı bilir ki, azarkeşlər yığmadan inciyib. Ola bilər ki, gözlənilən etiraz aksiyasının və sair şeylərin qarşısını almaq üçün almanlar bizə 1 xal verə bilər. Onsuz da onlara xal lazım deyil. Adını da qoyacaqlar ki, millimiz gözəl oynadı və xal aldı. Plakat-filan məsələlərinə də iclasdan sonra aydınlıq gələcək".
Mirhafiz Babayev, "Bosman"ın rəhbəri: "Çox zəif oynadılar. Etirazların nə əhəmiyyəti var. Onsuz da məıtbuatdan da bəllidi ki, heç kim məğlubiyyətlə razı deyil. Yuxarıdan müdafiə edirlər. Fikirlərimizi bildirmək yaxşı olar. Amma tək biz yox, digər fanklublar əlaqəli işləməlidi. Onlar etirazlarını bildirsə, biz də qoşulacağıq. Hələ bu haqda heç nə düşünməmişik. "İstefa" o vaxt effektli olur ki, böyük kütlə şəklində qışqırılsın. "Bir güllə yaz olmaz" məsələsi var. Komanda yəqin ki, uduzacaq, uğur gözləmək olmur. Saytımız vasitəsilə yazmışıq ki, Azərbaycanın indiyə qədər yerli-əcnəbi baş məşqçilərinin rəhbərliyi altında belə zəif oyun izləməmişik. Fikrimcə, ölkə çempionatının səviyyəsi qalxıb. Bu, millidə də özünü göstərməlidi. Amma niyə belə deyil? Normal futbolçularımız da var, amma elə bil onları suya salıb qaynadıb sonra meydana buraxıblar. Bundan daha effektli oyun göstərə bilən komandamız var. Amma faktiki məşqçi işi zəifdi. Yazımda da qeyd etmişəm, Foqts Almaniya millisi kimi komanda yaratmaq istəyirsə, əlimizdə olan material buna yetmir. Mütəxəssis üçün səhv addımdı. Yox, zəifdisə, heç olmasa, buna uyğun komanda yaratmaq lazımdı. Bu da alınmırsa, deməli, məşqçi işi zəifdi. Faktiki bu adamın ya Azərbaycan futbolundan xəbəri yoxdu, ya da fikri başqa yerdədi, yəni maddi məsələlərdə. Ən zəif yerli məşqçiyə yığmanı həvalə etsən, komanda bundan yaxşı çıxış edərdi".
Rəşad Əzizli, "Fırtına"nın idarə heyətinin rəhbəri: "Foqtsun bizimlə bu qədər məzələnməsinə, həngamələrinə, hoqqalarına daha dözə bilmirəm. Sual verirlər, deyir "Dünya çempionatına gedəcəm". Futbolçular gic-gic açıqlamalar verir: "Bilmirdik onlar güclü idi, sürətli oynadılar". Bu nə deməkdi? Konkret onu deyə bilərəm ki, Qurban Qurbanovun yerli futbolçularla anlaşmasının hansı səviyyədə olduğunu hamımız bilirik. "Qarabağ"ın da iki mövsüm istər daxili çempionatda, istərsə də avrokuboklarda hansı nəticələr qazandığını bilirik. Qurbanovun milliyə daha çox xeyir verəcəyi qənaətindəyəm. Yoxsa Berti bir şey olan kimi AFFA-nın onu buraxmadığını deyir. Almaniya ilə oyunda stadiona gələcəyik. Etiraz formaları ilə çıxış etmək qismən planımızda var. Foqtsun fokslarına qarşı bəzi etirazlarımız olacaq. Amma bu, mütəşəkkil şəkildə olmayacaq. Ola bilsin, "Sektor 11" fanklubu ilə bu işləri birgə görək. Çünki öz işlərimin çoxluğundan bütün günümü fankluba sərf edə bilmirəm. Amma belə uşaqlar var. Onlar hansısa plan qursalar və bir araya gəlsələr, can-başla qoşulmağa hazıram. Belə təşkilatlanmağa razıyam. Onsuz da istədim ya istəmədim, "istefa" şüarı olacaq. Elə buraxdığımız ilk qoldan sonra bunu həyata keçirəcəyik".
Elnur Şərifli, "Sektor 11"in rəhbəri: "Qazaxıstan zəif idi. Amma məğlub olduq. Almanlarla oyunu gözləyəcəyik. Eyni şəkildə davam etsə, sonda bəzi planlarımızı həyata keçirməyi düşünürük. Amma nə edəcəyimizi açıqlamaq istəmirik, sürpriz olsun. Nəticədən asılı olmayaraq, 90 dəqiq komandanı dəstəkləyəcəyik. Plakatlarımız var, oyuna da çox güclü hazırlaşmışıq. İnşallah, forma ilə gələcəyik, bütün attributlarımız var. "İstefa" qışqırmayacağıq. Futbolçuları ruhdan salmaq istəmirik. Məşqə gedib onları dəstəkləmişdik".
Mənbə: "Futbol+” qəzeti
|