
Höccət Hacıyev Buşu da transferə çıxardı
Avropa miqyaslı
yarışlardan əli ətəyindən uzun qayıdan "Xəzər Lənkəran” növbəti milli
çempionatımızın oyunlarına hazırlaşır. Qarşıda bizi uzun marafon, "Rəvan”,
"Simurq”, "Turan”, "Gəncə” kimi güclü klublarla oyunlar gözləyir. Necə deyərlər,
su axıb çuxurunu tapmaqdadı.
Bu arada baxışa oyunçu
çağırıb geri qaytarmaqdan yorulmayan "Xəzər Lənkəran”da məxfi toplantı
keçirilib. Klubun Bakı şəhərindəki ofisində təcili çağırılan toplantıdan öncə
maraqlı olay baş verib. Toplantıdan bir qədər əvvəl iclas keçirilən otağa gələn
və təmir işləri aparan rabitəçi mobil telefonunu necə olubsa otaqda unudub. Necə
olubsa telefonun mikrofonu açıq qalıb və məxfi toplantıda danışılanların
hamısını yaddaşına köçürüb. Sonra necə olubsa həmin telefon mənim əlimə keçib.
Deməli belə, bir
zamanlar Teymur Əliyevin, indi isə Məmməd Arazın adını daşıyan küçədəki ofis.
Otaqda klubun vitse-prezidenti Tuyqun Nadirov, icraçı direktor və stadiona məsul
Höccət Hacıyev, baş məşqçi Yunis Hüseynov və komandanın rəisi Səməd
Mustafayevin səsləri gəlir.
Tuyqun Nadirov məxfi
toplantının məqsədini izah etmək istəyən zaman Səməd Mustafayev tək səbir gətirir.
T. Nadirov: - Avstriyanın havası hələ başından çıxmayıb?
Eybi yox, gələn dəfə toplanışı Kürdəmirdə keçirərik, düzələrsən.
Y. Hüseynov: - Yevlax da pis deyil.
H. Hacıyev: - Yunis müəllim, siz Yevlaxlısız?
Y. Hüseynov: - Yox, Yevlaxın "Karvan” klubunu
çalışdırmışam.
H. Hacıyev: - 6-7 il əvvəl tələbə dostumun oğlunun
sünnət toyunda iştirak etmək üçün Sumqayıta getmişdim. Lənkərana qayıdanda
yolüstü Yevlaxa getdik. Orada çay içəndə bir qaraçı qadın yaxınlaşıb falıma
baxmaq istədi. Əvvəl razı olmadım. Sonra saqqızımı oğurladı. Falıma baxıb dedi
ki, tezliklə futbol klubunda babat vəzifəyə təyin olunacaqsan. Heç yuxuma da
girməzdi ki, mən futbol klubunda böyük vəzifəyə gələcəyəm. Köpək qızı necə dəqiq
görüb e!
T. Nadirov: - Nə isə, qaraçı məsələsini çox
ağartmayın. Vaxtımız da çox azdı. Sifariş ərizəsini doldurmağa adam yoxdu. Əlavə
qüvvə tapmaq lazımdı.
H. Hacıyev: - Əlbəttə, adam lazımdı. Payızda
yağışlar yağanda stadionu təmizləməyə adam tapmıram.
S. Mustafayev: - Bəlkə yenə Maliyə gedim?
T. Nadirov: - Mali demişkən, o vaxt Malidən mənə
banan gətirməli idin, nə oldu?
S. Mustafayev: - Bananı Biçər yedi.
H. Hacıyev: - Otu biçmək vaxtıdı. Heç bilmirəm nə
edim.
T. Nadirov: - Yunis bəy, İranlılar da getdi işlərinin
dalınca?
Y. Hüseynov: - Sabah Suriyadan 5 oyunçu gəlməlidi.
T. Nadirov: - Siz Allah İranı, Suriyanı tökməyin
bura. Sabah bir də gördünüz Obama buraları bombaladı.
H. Hacıyev: - Obalamam kimdi?
S. Mustafayev: - İngiltərə Birləşmiş Ştatlarının
prezidenti.
H. Hacıyev: - Bıy, bəs Buş hara getdi? Onu da
transferə çıxardılar?
Y. Hüseynov: - Yox, torbasını tikdilər.
S. Mustafayev: - Krossvord yazıram, 5 hərfli hind
filmi?
T. Nadirov: - "Balbo”
S. Mustafayev: - "B” hərfi yoxdu.
H. Hacıyev: - Tapdım. "Bobbi”.
T. Nadirov: - Yunis bəy, Ağabalanın oyunu xoşunuza gəlir?
Y. Hüseynov: - Əla oynayır.
T. Nadirov: - Hansı mövqedə?
Y. Hüseynov: - Mövqe deyəndə ki, şadlıq evində
"Qaytağı”nı yaxşı oynayır.
H. Hacıyev: - PRF-yə məktub yazıram, futbol sözündə
"M” hərfi hansı hərfdən sonradı?
T. Nadirov: Nə məktubdu elə?
H. Hacıyev: - Yazıram ki, bizim stadionda futbol
oynamağa gələn klublar otu əzməsinlər. Birinci hissə bizim stadionda olsun,
ikinci hissə Olimpiya kompleksində. Ota qulluq etməkdən yorulduq.
T. Nadirov: - Subaşiçin day-dayı bayaqdan 30 dəfə zəng
edib, qorxumdan telefonu açmamışam. Sizə zəng etsə siz də açmayın. Qoy elə
bilsin yatmışıq.
S. Mustafayev: - Avstriyadan gələndən yuxu gözümdən
tökülür. Hər gecə də yuxumu qarışdıraram.
T. Nadirov: - Avstriyada o qədər yatdıq, bir də
gördük toplanışın vaxtı bitir. Bir oyunçu da almadıq.
Y. Hüseynov: - Mənə təzə oyunçu adı demədiniz.
T. Nadirov: -
Mən oyunçu adı bilirəm? Dərman adı soruş, deyim. İndi azarkeşlər düşüblər
üstümüzə. Bir yanda da bu qəzetlər, saytlar. Lap bezmişəm. Biri var tutub
yaxamdan əl çəkmir. Rednikin məsələsində çağırıb şantaj elədik, yenə xeyri
olmadı.
H. Hacıyev: - Polisdə tanış uşaqlar var, bəlkə cibinə
nəşə atdıraq.
T. Nadirov: - Nəşə demə, eşidən olar, şey denən.
Y. Hüseynov: - Gəmiyə minib gəmiçi ilə dalaşır?
Bir-iki tanış jurnalistim var. Tapşıraram onu qəzetlərində biabır edərlər.
Xırda pul kimdə var?
T. Nadirov: - Xırdaçılıq eləmə. Bizdə "Torba əməliyyatı”nda
xırdaçılıq olmur. Nə isə bunu sonra müzakirə edərik. Əsas "Rəvan”la oyuna
hazırlaşmaqdı. "Rəvan” sizin üçün "Lex” deyil. Gedin hazırlaşın!
Telefonun yazdığı burada bitir. Deyəsən məxfi
toplantı belə də başa çatıb.

|