Dünya
Çempionatının seçmə mərhələsindəki iki oyunumuz arxada qaldı. İsraildən bir xal
aldıq, Portuqaliya ilə oyunda canımızı üç topla yaxşı qurtardıq. İki oyundan
bir xal cibimizdədi. Necə deyərlər, yoxa lənət!
Avropa
stadionlarındakı oyunlara baxmaqdan gözlərimiz yoruldu. Bizim məmləkətdə baş
verən oyunlara baxmağın tam zamanıdı. Qarşıdan "Böyük oyun” gəlir. Nə olsun ki,
növbəti çempionatımız şair demişkən, gec açıldı, tez soldu. Təqvimdəki
yerdəyişmələrə baxanda adamın başı fırlanır. Sponsorsuz çempionat belə olar da.
Hələ mən söyüşü demirəm. Az.TV və onun kiçik gədəsi "İdman Azərbaycan” söyüş
qoyublar. Nə özləri bizim futbolu göstərir, nə də başqasına imkan verir. Bir
yandan da Peşəkar Futbol Liqasının tərs damarı tutub. PFL yayım üçün o qədər
pul-para istəyir ki, elə bil Şakiranın toyundan eksklüziv reportaj
hazırlayacaq.
Günlər də öz
işindədi. Yola saldığımız hər gün bizi "Böyük oyun”a yaxınlaşdırır. Azərbaycan
futboluna xüsusi rəng qatan əzəli rəqiblərin bu ilki ilk dueli Bakıxanov
qəsəbəsi tərəflərdə olacaq. Oyun öncəsi "Neftçi” və "Xəzər Lənkəran”ın
düşərgəsində fərqli ovqat var. Bakının əksər küçələrində qazıntı işləri
aparıldığından mən çox da dərinə getmirəm. Görünən odu ki, "Neftçi” Avroliqanın
qrup mərhələsinə vəsiqə qazandığından klubun futbolçuları küçənin tən ortası
ilə gedir, maşınlara da yol vermirlər.
"Xəzər
Lənkəran”ın isə Avropa səyahəti tez başa
çatdı. Avroliqa yarışlarını yelə verən klub son günlər fiziki hazırlıq üzrə
məşqçi və bir neçə əcnəbi oyunçu transfer edib. Necə deyərlər, "Turan” və
"Sumqayıt”la mübarizəyə tam hazırdı.
"Böyük oyun”
ərəfəsində Vobay gəlib durub gözlərimin qabağında. Nə sağa qaçır, nə də sola.
Rumın məşqçi Mirça Rednikin Lənkərana gətirdiyi istedadlı futbolçu təəssüf ki,
indi əks düşərgədə top qovur. Rednik rumın futbolçu Domanın fırlatdığı qızla
gəzdiyinə görə "Xəzər Lənkəran”dan qovulandan sonra Vobay da "Neftçi”nin
düşərgəsində göründü. İndi "Neftçi”nin Avropa miqyaslı yarışlarında qol
vurmamış meydançadan çıxmır.
Vobay
"Neftçi”nin bazasında göründüyü ilk günlərdə hamı çaşıb qalmışdı. Axı "Xəzər
Lənkəran” rəsmiləri tam əminliklə deyirdilər ki, futbolçu ilə daşdan keçən
müqaviləmiz var, darıxmayın, bir-iki gündən sonra Vobay suyu süzülə-süzülə
Lənkərana qayıdacaq. Cənub klubunu fırladanlardan biri- Nökərvəli Xanşükürov bu
məsələdə əməlli-başlı fəallıq göstərirdi. Müqavilə məsələsində elə əmin
danışırdı ki...
Nökərvəli
Xanşükürov ölənlərinin ruhuna,
qalanlarının canına and içirdi. Yumru, üzlər görmüş üzünə o qədər "Bu ölsün”
vururdu ki, son bir həftədə üzünün həmin ərazisində tük də bitmirdi. Qarşısına
çıxan jurnalistlərə deyirdi ki, Vobayın müqaviləsi məndədi, sərmişəm çəməndədi.
Kim inanmırsa, faks nömrəsini versin, iki dəqiqədən sonra müqavilənin surətini
göndərim. Həmin sənədi mənə də göndərdi. Nökərvəli Xanşükürovun faksladığı
sənədi dəyərli oxucuların diqqətinə təqdim edirəm:
"Arayış.
Verilir Kürdəmir rayonunun Yekəxana kənd sakini Qılınc Şirvan oğlu Bəylərova
ondan ötrü ki, o, həyətyanı sahəsində yetişdirdiyi 850 (səkkiz yüz əlli)
kiloqram üzümü Ağcabədi rayonunun bazarında sata bilər”.
Göründüyü
kimi, həmin sənəddə Vobayla bağlı bir cümlə belə yoxdu. Futbolçu isə "Neftçi”də
qollarını sıralamaqda davam edir. Bir zamanlar and içən, yaxa cıran Nökərvəli
Xanşükürovdan səs-səmir çıxmır ki, çıxmır.
Son günlər
gözlərimin qabağından çəkilməyən Vobay "Böyük oyun”da kimin heyətində top
qovacaq? Maraqlı sualdı, eləmi? Məndə olan və sizlərə ötürdüyüm xəbərə görə,
növbəti "Böyük oyun” ərəfəsi Nökərvəli Xanşükürov "Neftçi”nin rəhbərlərindən
sayılan Hakimqafar Hakimovla görüşüb. "Bala bildirçin” kafesində baş tutan
həmin görüşdə Nökərvəli bizim milli yeməyimiz sayılan bozbaş haqqında mühazirə
oxuyub və deyib ki, qardaş, goranboylular demişkən, bozbaş yaxşı şeydi, amma
bir gün sizdə, bir gün bizdə. Hakimqafar Hakimov da əlüstü yuxarılara zəng
edəndən sonra razılaşıb. Həmin razılaşmaya əsasən də, Vobay "Böyük oyun”da 45
dəqiqə "Xəzər Lənkəran”ın, 45 dəqiqə də "Neftçi”nin formasını geyinəcək. Amma
birinci hissədə hansı komandanın heyətində oynayacağı görüşə 53 dəqiqə qalmış
Dərnəgülə gedən yolun kənarındakı 6-cı işıqforun yanında atılacaq püşkdən sonra
məlum olacaq.
"Böyük oyun”a
baxacaq azarkeşlər futbol aləmində tarixi yeniliyin şahidi olacaqlar.
Telekanallar bu yekəlikdə hadisəni çəkməməklə çox şey uduzacaqlar. Kim bu böyük
olayı canlı görmək istəyirsə, özünü Bakıxanov qəsəbəsi tərəfə versin.
Şəxsən mən
özüm həmin gün stadionda olmayacağam. Daha vacib işim var...
Mənbə: "Avrofutbol.com”
|