Tuyqun
Nadirovun Koroğlu ilə qohumluq əlaqələri varmı?
Bir neçə gün öncə
"Rossiskaya qazeta”da Nikolay Dolqopolovun FİFA prezidenti Jozef Blatterlə
müsahibəsini oxudum. Rusiyalı jurnalist Bakıda görüşdüyü Blatterlə dünya
futbolunun problemləri barədə dolğun bir müsahibə hazırlamışdı. Oxumamaq sadəcə
mümkün deyildi.
Jurnalist əməyinə böyük
dəyər verdiyini deyən FİFA prezidenti müsahibədə cavanlıq illərində reportyor
kimi çalışdığı günləri də yada salıb. Bu gün Azərbaycanın idman
jurnalistikasında çalışan insanlardan kimsə gələcəkdə FİFA başqanı ola bilərmi?
Lütfən, sağa-sola baxaq, beləsi heç yadınıza düşdümü?
Şəxsən mən sayın
Blatterin reportyorluq dönəmini görməmişəm. Sözün açığı, FİFA rəhbərinin ilk
qələm təcrübələrini də oxumadığımdan onun necə bir jurnalist olduğunu
dəyərləndirməkdə çətinlik çəkirəm. Amma ona da tam əminəm ki, Blatter heç vaxt
hansısa klubun ofisindən əyilə-əyilə çıxmayıb. Hansısa klubun
vitse-prezidentinin verdiyi "cibxərcliyi” ilə özünə tuman-köynək almayıb.
Ünlü şairimiz Ramiz
Rövşən şeirlərindən birində deyir ki, dünya qəfil işıqlansa, onda kimlərin
əlinin kimlərin cibindən çıxdığı, kimlərin əyilə-əyilə kimlərin evindən çıxdığı
görünər. Son günlər dünya qəfil işıqlanmasa da hər halda bəzi məsəllər bəlli
olmağa başlayıb. "Xəzər Lənkəran”ın gəmisi Topaz-ın sponsorluq etdiyi
çempionatda batıb. Yarandığı gündən bəri klub ilk dəfə sonuncu pillədə
qərarlaşıb. Ondan aşağı isə turnir cədvəlində yer yoxdu. Lənkəranlılar
demişkən, aşağı-aşağı, filan şeydən də aşağı?.. Azərbaycan futboluna tamam yeni
bir ovqat gətirən bu klub aşağılara yuvarlandıqca bəzi həmkarlarımın iç üzü
yavaş-yavaş açılır. Bir vaxtlar Mirça Redniki az qala dünya fond birjalarında
qiymət artımına, balinaların sayının azalmasına, Çin əhalisinin çoxalmasına
görə tənqid edənlər, qələmini sağa-sola paylayanlar indi eyni bacarıqla
susurlar. "Xəzər Lənkəran”ın liderlik etdiyi həmin dönəm yadınızdamı, rumın
məşqçini söymək üstündə yarış idi. Bu yarışda fərqlənənləri babat ənam gözləyirdi.
Əyilə-əyilə klubun ofisinə gələn müəlliflər gəldikləri kimi də əyilə-əyilə oranı
tərk edib özlərini verirdilər "Binə” Ticarət Mərkəzinə. Təzə tuman-köynək,
corab alıb şellənirdilər. Necə deyərlər, Yaşa
Tuyqunum yaşa, Höccətinlə
baş-başa!
Deyilənə görə, son günlər
bəzi qəzetçilər, sayt fırladanlar, qələm dəllalları "Binə”dən babat alver
ediblər. O qədər güllü tuman-köynək, rəngbərəng corablar alıblar ki, bir neçə
mövsüm rahat geyinmək olar. Bəs necə, "Xəzər Lənkəran”ın düşdüyü bu vəziyyətdə
klub rəsmlərini ciddi-cəhdlə cəmiyyətdən gizlətmək elə-belə deyil ki... Necə
deyərlər, əl əli yuyar, əl də qayıdıb Tuyqunun ayaqlarını...
Bəzi idman nəşrləri,
saytlar hər şeydən yazırdılar, bircə cənub klubundakı rəzil vəziyyətdən başqa.
Kiminlə istəsən müsahibə götürürdülər, yalnız Tuyqun Nadirovu görmək olmurdu.
Guya telefonlara cavab vermir. Aradabir babal Höccət Hacıyevi danışdırırdılar.
O da deyirdi ki, heç nədən xəbərim yoxdu, başım balaca qızlar arasında futbol
üzrə dünya çempionatına qarışıb. Unukal futbol bilicisi "Turan”la oyundakı
rəzaləti bomba izah edib. Əvvəl deyib ki, Tovuzda olmamışam. Sonra da oyunun
keçirildiyi stadionun ot örtüyünün bərbad olduğunu deyib. Burda deyiblər ki, öz
gözündə "Tida”nı görmür, başqasının gözündə KAMAZ axtarır. Adam, sən get xaraba
qoyduğun öz stadionunun dərdini çək. Gör nə gündəsən ki, FİFA sənin stadionunda
oyun keçirməkdən imtina edir.
Klubun ofisindən
əyilə-əyilə çıxıb birbaşa "Bİnə”yə gedən əliqələmlilər yəqin ki, Nadirovun
dastan qəhrəmanı Koroğlu ilə qohumluq tellərindən xəbərdar olublar. Ona görə də
belə gərgin məqamda vitse-prezidentin qaçıb gizlənməsinə şərait yaradıblar.
Necə deyərlər, igidlik ondu, doqquzu qaçıb gizlənməkdi.
Gizləndiyi yerdə nəfəsi
təngiyən vitse-prezident bu gün "Futbol+”a guya müsahibə verib. Müsahibəni oxuyanlar
"guya” sözünü niyə işlətdiyimi yaxşı anlayırlar...
Heç zaman klubun
ofisinə əyilə-əyilə gedib-gəlmədiyimə, Nadirovla əl sıxıb "Binə”yə tuman-köynək
almağa qaçmadığıma görə vitse-prezidentdən bir neçə məsələni soruşmaq
istəyirəm. Koroğlunun qohumu, lütfən izah edin, Alim Qurbanov klubda konkret
hansı məsələyə cavabdehlik daşıyırdı ki, son uğursuzluğa görə qovuldu? Zaur
Ramazanov qardaşı Ağabalanı kluba sırımaqdan başqa yanan barmağa "ilkin yardım”
göstərmirdisə niyə onu zamanında qapıdan kənarda qoymurdunuz? Zakir Mahmudov
lisenziya almamışdısa onu niyə işə götürmüşdünüz? Ramin Musayevin qorxusundan
istefaya göndərə bilmədiyiniz Yunis Hüseynov "Xəzər Lənkəran”ı hara aparır? Və
ən sonuncusu. Özünüzdə cəsarət tapıb nə zaman bütün olanlara görə mərd-mərdanə
cavab verəcəksiniz?
Klubun ofisi ilə "Binə”
ticarət mərkəzi arasında qalanlar hələ yəqin ki, bir sürə yenə Koroğlunun
qohumunu azarkeşlərdən, oxuculardan gizlədəcəklər. Rəzil günə qoyulan "Xəzər
Lənkəran” isə mövsümə uğurla başlayan AZAL-la oyuna çıxmağa hazırlaşır.
Əyilə-əyilə Nadirovun cibindən çıxan qələmli vicdansızlar, tumanlarınızdan
bərk-bərk yapışın!
|