Biriləri
paxıllıqdan nə yerdədilər, nə göydə. Yerlə göy arasında qalıblar. Amma bu
onların öz problemləridi. Faktla mübarizə aparmaq çətin işdi. "Xəzər
Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Azərbaycan futbolunun üzünü
ağardacaq daha bir addım atdı. Dünyanın tanınmış futbol adamlarından birini-
Con Benjamin Toşakı kluba baş məşqçi təyin etdi.
Bəzi
futbol "ekspertlərindən” fərqli olaraq mən bu sahəni dəqiq bilmirəm. Ona görə
də Toşakın həm oyunçu, həm də baş məşqçi kimi qazandığı uğurlardan xəbərsizəm.
Lakin onu bilirəm ki, heç bir baş məşqçinin əlində sehrli çubuq olmur. Və
tanınmış mütəxəssisin də işi hər dəfə uğurlu alınmaya bilir.
Əsas
məsələ odur ki, amansız dediyimiz fakt ortadadı. "Xəzər Lənkəran”ı bu dəfə
dünyaca ünlü Toşak çalışdıracaq. Hansı tərəfdən baxsan, Mübariz bəy doğru qərar
verib. Hansı tərəfdən baxsan, Toşak böyük görünür.
Bu
bir neçə saat da sürətlə ötüb keçsə idi Toşak görəvinin icrasına başlardı.
Səbirsizliklə həmin anı gözləyirəm. Böyük futbol adamı Toşak gəlsin, amma
gəlməsin!
Vallah
burda tapmaca-filan yoxdu, söz oyunu qurmaq fikrində də deyiləm. Son illər
"Xəzər Lənkəran”ın başına elə oyunlar açıblar ki, söz oyunu onun yanında heç
nədi.
Yaxşı,
Toşak gəlsin, bəs niyə gəlməsin? Həmişə yazdıqlarımız və yaza bilmədiklərimiz
səbəblər üzündən "Xəzər Lənkəran” quyunun dibinə düşüb. Toşak nə qədər tez
gəlib klubu bu durumdan xilas etsə o qədər yaxşıdı. Məsələ ondadı ki...
İnşallah
görəvinin icrasına başlayacaq Con Toşakın Lənkərana gəlməyi önəmli deyil, hətta
Azərbaycana uçmağı belə tələb olunmur. İnformasiya və kommunikasiya
texnologiyaları əsrində yaşayırıq. Milli peykimiz də göydə o yana süzür, bu
yana süzür.
Cənab
Toşak Böyük Britaniya ərazisindən çıxmadan da klubu idarə edə bilər.
Tutaq
ki, Azərbaycana, məmləkətimizin dilbər guşələrindən biri Lənkərana gəldi.
"Xəzər Lənkəran”ın saf, fədakar fanatları dünyaca ünlü ingilis mütəxəssisi
cənublulara məxsus qonaqpərvərliklə şəhərin girəcəyində qarşıladılar. Klubun
bazasında gördüklərindən sevinən Toşak yol yorğunluğunu unudacaq. Futbol adamı
olduğu üçün stadionu görməyə tələsəcək və... Azərbaycana gəlməyinə peşman
olacaq. Çünki onun çalışdığı ölkələrdə belə bərbad qazonlu stadionlarda
əyləncəli pişik yarışları keçirilir. Bizim stadionun direktoru ağzın açınca
Toşakın qızıldan qiymətli başına ən azından hava gələcək. İşini bilən adamın
işin elementar tərəflərini bilməyənlərin əhatəsində çalışması yaman dərddi. İlk
təəssüratlarını ailəsinə bildirmək üçün telefonla mesaj yazan 64 yaşlı Toşak
bilməyərəkdən özünə quyu qazacaq. Şərəfsiz hərəkətlərinə görə uzun illər
ərzində klubdan maaş alan birisi orda-burda deyəcək ki, Toşak Tounkaranın
istədiyi qızla mesajlaşır.
Hələ
bu harasıdı? Klubu oyunlara çıxaracaq Toşak referelərin gəlin maşını sürürlər
kimi tez-tez fit çalmalarından, yanlış qərarlarından, yan xətt hakimlərinin aut
qeydə almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmələrindən
əsəbiləşib etiraz edəcək. Bununla da Rövnəq Abdullayevin, Ramin Musayevin
"radarına” düşəcək. AFFA, PFL rəhbərləri ünlü məşqçinin qələmini qıracaqlar. Bu
işdə onlara bəzi muzdlu "qələm adamları” kömək edəcək.
Milli
çempionatımızın ovqatını öyrənmək üçün Toşak yəqin ki, stadionlara gedəcək.
Görəcək ki, liderlik uğrunda mübarizə aparan "Neftçi” ilə "İnter” arasında
görüşü 789 azarkeş izləyir. İkinci altılıqda görüşən "Kəpəz”lə "Turan”
oynayanda stadionda futbolçular, məşqçilər, texniki heyət də daxil olmaqla cəmi
45 adam var.
Toşak
bizim kanallarda futbolla bağlı reportajlara, şərhlərə tamaşa edəndə isə
zəhrimara qalmışı-təzyiqi qalxacaq.
İndi
mən demirəm, siz deyin, Toşak gəlsin, gəlməsin?