
Və
ya Pelenin məşqçisi, Qaqarinin müəllimi kimdi?
Mayın 28-də futbol
azarkeşlərinin bayramını qara gətirənlərdən biri Tahir Süleymanovun səsi yenə
eşidilməyə başlayıb. İdman tarixində ən böyük şərəfsizlikdən birinə imza atan
klubun- "Neftçi”nin vitse-prezidenti ötən bu aylar ərzində üzr istəməyə cəsarəti
çatmasa da indi danışmaqdadı. Daha bir "Böyük oyun” bu adamın iç üzünü növbəti
dəfə ortaya qoydu.
Ötən bazar Lənkəranda
baş verənlər futbol adına ləkədi. Növbəti "Böyük oyun”dan sonra yaşananlar nə
"Cənub mirvarisi”nin, nə də onun futbolun qeyrətini çəkən vicdanlı və namuslu
azarkeşlərinin adına yaraşdı. Amma bu hadisədən yararlanıb ortada kəndirbazlıq
edən Tahir Süleymanova xatırlatmaq istəyirəm ki, təqvimdə 25 avqust 28 maydan
sonra gəlir.
Avqustun 25-dən əvvəl
gələn mayın 28-də ölkənin ən böyük stadionunda dünyanın ən böyük rəzilliyi
yaşandı. Kubokun finalı bitər-bitməz Neft Şirkətinin gül balası "Neftçi”
şərəfsizliyin finalına başladı. "Neftçi”nin neft çəninə oxşayan rəsmi şəxsi
gülüm oğlan Güloğlan Cabbarov "Xəzər Lənkəran”ın iki oyunçusunu- Kamran Abdullazadə
ilə Rodomir Todorovu qanına qəltan etdi, "Neftçi”nin neft buruğuna oxşayan
oyunçusu Mahir Şükürov yığmadakı oyundaşı Elnur Allahverdiyevə şıllaq atdı.
Həmin vaxt yəqin ki, stadionun qadın azarkeşləri üçün nəzərdə tutulan
ayaqyolusunda gizlənən vitse-prezident Tahir Süleymanov bu gün ortaya çıxaraq
palaz-palaz müsahibələr verir, milli-əxlaqi dəyərlərdən danışır. Amma hansı
haqla?
Adam ən populyar
idman nəşrimiz sayılan "Futbol+” qəzetinə müsahibə verərək deyir ki, xarici
futbollara baxanda stadionda 50-60-70 min tamaşaçı görür, amma oralarda
Lənkərandakı kimi hadisələr yaşanmır. Belə oyunları yalnız xalqın adını, Neft
Şirkətinin isə pulunu xərcləyən "Neftçi”nin vitse-prezidenti izləmir.
Milyonlarla futbol azarkeşi kimi elə mən də baxıram. Lakin hələ bircə dəfə də
görməmişəm ki, klub rəsmisi hamının gözü qarşısında qonaq komandanın
oyunçularını şillə-təpiyə qonaq etsin, futbolçu rəqibinə oyundan sonra şıllaq
atsın.
Yalanın sərhədlərini
çoxdan keçən Tahir Süleymanov deyir ki, onun da maaş aldığı klub həmişə ev
sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bu adam unudur ki, mayın
28-də baş verənlərə görə Respublika Prokurorluğunda cinayət işi açılıb.
Tahir Süleymanov guya
Lənkəranda xəsarət alan əsgərlərin halına acıyaraq az qala gözyaşı tökür, amma
unudur ki, timsahın göz yaşlarına indi heç kim inanmır. Mayın 28-də gülüm oğlan
Güloğlan Cabbarovun vəhşicəsinə, erməni dəsti-xətti ilə döydüyü Kamran
Abdullazadə də bir neçə aydan sonra əsgər paltarı geyinərək Vətəni qoruyacaq.
İgid əsgərlərimizin sayəsində evində xorultu ilə rahat yatan Tahir Süleymanov
Kamran Abdullazadənin valideynlərinin üzünə necə baxa biləcək?
Əli Neft Şirkətinin
cibindən çıxan xalq komandasının vitse-prezidenti yeri gəldi-gəlmədi klubun
prezidentini tərifləyir. Çox vaxt da aşırı dərəcədə yaltaqlanır, necə deyərlər.
barıtını bir qədər çox edir. Sadıq Sadıqovu az qala "Futbol kralı” Pelenin
məşqçisi, göyə ilk uçan Qaqarinin müəllimi sayır. Bu adamdan soruşmaq lazımdı
ki, tez-tez rəqib klubların mətbəxinə niyə boylanırsan? Əgər sənin də maaş
aldığın klubda hər şey belə yerindədisə, bəs niyə ötən bazar Lənkərandakı böyük
oyunda klubunuzun futbolçuları hər dəqiqə hamilə qadınlar kimi yerə uzanıb niyə
zarıyırdı? Əgər xalq bütün işini gücünü buraxıb yalnız "Neftçi”yə dua etməklə
məşğuldursa, bəs niyə xalq komandasını böyük oyunda cəmi 50 azarkeş
dəstəkləyirdi? Lap tutaq ki, azarkeşləriniz mayın 28-də baş verən vəhşilikdən
sonra Lənkəran camaatının üzünə çıxmaqdan utanırdı, bəs Bakının mərkəzində
keçirdiyiniz oyunlarda niyə tərəfdarlarınızın sayı heç min nəfəri keçmir?
O qədər də sadəlövh
deyiləm. Bilirəm ki, bu adam suallara cavab verməmək üçün dağı arana, aranı
dağa qatacaq. Köhnə adətidi, təki başa çəkməyə tuman olsun.
Nakam şairimiz
Mikayıl Müşfiq deyirdi ki, adamın üzünə hayə gərəkdir. Tahir Süleymanov da adam
olduğu üçün yəqin bu sözün ona da aidiyyəti var...
|