Redniki qovmaq üçün
qaraçılıq salanlar "Xəzər Lənkəran”ı qara günə qoydular. Klubun düşdüyü miskin
durumu izah etmək üçün söz tapmaq çətindi, çox çətin. Milyonlar xərcləyib
dizini döyən rəhbərlik problemdən çıxış yolunu tapa bilmir, ingilis Toşak da
müdrikcəsinə susmaqda davam edir. Çarə yenə bizə- azarkeşlərə qalıb. "Xəzər
Lənkəran”ın çılğın fanatı dostum Səyavuş Moskvadan təngi nəfəs gəlib
Azərbaycana. Özü də Putindən də bir neçə gün öncə. Amma indi geriyə qayıtmaq
istəyir. Deyir ki, daha məndə səbir qalmadı.
Dostumu anlayır və
seçiminə hörmət edirəm. Lakin bildiyim başqa bir şey də var. Hamımız çəkilib
kənara dursaq, bəs "Ağ-yaşıl” gəmini kim xilas edəcək? Türkiyədəki təzyiqlər
üzündən Moskvaya köçən, sığındığı kommunistlərin də ağ günə çıxara bilmədiyi
böyük Nazim Hikmətin şedevri bu gün çox aktualdı:
Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq,
necə çıxar qaranlıqlar
aydınlığa...
Klub idarəçiliyini
tənqid etmək asandı. Lakin biz azarkeşlər çıxış yolları da göstərməliyik.
"Xəzər Lənkəran”ın minlərlə azarkeşindən biri kimi, mən bir neçə təklif
hazırlamışam. Müsahidə etsəniz onu sizlərin diqqətinə çatdıraram.
Təkliflərimdən biri
baş məşqçi məsələsi ilə bağlıdı. Klubun 10 illik tarixi sübut etdi ki, nə
təcrübəli məşqçilər, nə də dəlləkliyi klubun başında məşq edənlər "Xəzər
Lənkəran”ın dərdinə dərman ola bilmədilər. Pasulko, Kara, Mircavadov, Rednik,
Toşak kimi təcrübəli isimlər bu işə çarə tapmadılar. Biçər, Bakes kimi
məşqçilikdə piyadalar bizi çölün düzündə piyada qoydular. Belə görünür ki,
"Xəzər Lənkəran”a baş məşqçi lazım deyil.
Məhz bu üzdən təklif
edirəm ki, klubda futbolu yaxşı bilən azarkeşlərdən ibarət İctimai Şura
yaradılsın. Böyük Bazardan, Kiçik Bazardan, Qaladan, Qalayçılardan,
Çayqırağından, "Şındırovlar məhəlləsindən”, Baramadan, Su-8-dən, Birinci və
İkinci mikrorayonlardan, Sütəmurdovdan, Kənarmeşədən, Şovudan, Bəlləburdan,
İstisudan, Girdənidən, Havzavadan, Nərimanabaddan hərəsi iki nəfər olmaqla
İctimai Şuraya namizədlər verilsin. "Xəzər Lənkəran”ı qarşıdakı oyunlara həmin
İctimai Şuranın üzvləri hazırlasınlar. Şura üzvləri transfer məsələlərinə
nəzarəti də öz üzərinə götürsün.
İctimai Şura hər iki
aydan bir Dəhnədə azarkeşlərlə görüş keçirib öz fəaliyyəti barədə geniş hesabat
versin.
Tam əminəm ki, bunun
bir faydası olacaq, könül verdiyimiz "Xəzər Lənkəran” tezliklə düşdüyü
böhrandan çıxa biləcək. Bəlkə də bəziləri bu təklifin zarafat olduğunu deyib
onu ciddiyə almayacaq. Birincisi, bu zarafat-filan deyil. İkincisi də zarafat
olanda nə olar ki? Klub yönəticiləri düz 10 ildi biz azarkeşlərlə mırt vura
bilir, biz bu 10 ildə bircə dəfə zarafat edə bilmirik...
|